Qulu İsmayılov: "Onda hansı iqtisadiyyat və ixracatdan danışmaq olar?"
Ermənistan KİV-inin hər gün yeni bir yalan uydurması bizə təəccüblü görünmür. Çünki gücləri yalnız buna çata bilər. Diqqətimizi növbəti bir əsassız məlumatın yayılması çəkdi. Qondarma "Dağlıq Qarabağ Respublikası" "prezidenti"nin "müşaviri" T.Abramyana istinadən belə bir məlumat yayılıb ki, guya həmin subyektin xarici ticarət əlaqələri sürətlə inkişaf edir və bu ilin yarısı ərzində 80,8 milyon dollar təşkil edib. Abramyan bildirir ki, ötənilki göstəricilərlə müqayisədə bu göstərici 60,2 faiz artıb. Diqqətçəkən digər bir məsələ isə ixracat həcminin 70,6 faiz artmasının iddia edilməsidir. Sadalanan rəqəmləri nə dərəcədə əsaslı saymaq olar?
İqtisadçı Qulu İsmayılovun sözlərinə görə, bu rəqəmlər heç vaxt həqiqəti əks etdirə bilməz: "Hazırda ermənilərin işğal altında saxladığı həmin subyektdə dövlət aparatının olması formal olaraq qeyd edilir. Çünki həmin regionda, demək olar ki, mülki əhali qalmayıb. Şərtlər əlverişsizdir, hər an müharibə başlaya bilər. Bunu dərk edən əhali və pullu adamlar ora sərmayə yatırmaq istəmir. Həddən artıq risqli sahədir. Çünki Azərbaycan hər dəfə bəyan edir ki, işğal faktoru ilə barışmayacaq və nəyin bahasına olursa-olsun erməniləri həmin ərazilərdən qovacaq. Təbii ki, söhbət Azərbaycanın tərkibində yaşamaq istəyən ermənilərdən getmir. Xarici şirkətləri ora cəlb etmək istədilər. Amma Azərbaycanın müvafiq qurumları həmin şirkətlərə hansı qanunsuz əməllərə şərik çıxacaqlarını izah edəndən sonra onlar sərmayə qoyuluşundan əl çəkməli oldular. Həmin ərazidə zəngin təbii ehtiyatlar var. Bu danılmazdır. Ancaq "dövlət" səviyyəsində bunların istismar edilərək eksporta göndərilməsi mümkün deyil. Bu baxımdan da həmin rəqəmləri oradan olan eksporta aid etmək məntiqsizlik və ağ yalandır. Qondarma qurumun ərazisində olan rejim cinayətkar olduğu üçün, oranın təbii ehtiyatlarını da amansızcasına talayır. Təbii ki, xaricə çıxarılır. Ancaq talanan həmin sərvət şəxsi ciblərə gedir. Belə yalanları düşünülmüş şəkildə uydururlar ki, qondarma qurumun nüfuzu artsın. Guya həmin subyekt müstəqil şəkildə xariclə iqtisadi, siyasi əlaqələrə malikdir. Ermənilər özlərini daha yaxşı ifşa edir. Bu günlərdə qondarma qurumun ərazisində bir il ərzində doğulan uşaqların sayını açıqladılar. Bildirilir ki, işğal altında olan Şuşada il ərzində 2 körpə doğulub. Görürsünüz ki, onların həmin ərazilərə yerləşdirmək üçün adamları belə yoxdur. Onda hansı iqtisadiyyat və ixracatdan danışmaq olar?".
Məhəmmədəli QƏRİBLİ