Dağlıq Qarabağ münaqişəsinin həllində dünyanın qətiyyətli addımlar atmasının vacibliyi Azərbaycan tərəfindən mütəmadi olaraq gündəmə gətirilir və o da bildirilir ki, əks hal bölgədə yeni qanlı savaşın başlanmasını qaçılmaz edəcək. Əslində, Azərbaycanın bu məsələdə kifayət qədər haqlı olmasına dair beynəlxalq miqyasda tanınmış ekspertlər, araşdırma mərkəzləri də konkret xəbərdarlıqlarla çıxış edir.
Verilən rəsmi açıqlamalar isə Azərbaycanın səyləri nəticəsində Qarabağ mövzusunun beynəlxalq aləmdə ön planda yer almaqda davam etdiyini göstərir. Məsələn, ABŞ prezidenti Donald Tramp Azərbaycana ünvanladığı son məktublarında Qarabağ məsələsinin həllinin vacibliyini xüsusi qabartdı. Onun ardınca ABŞ dövlət katibi Reks Tillersonun göndərdiyi məktubda da deyilir ki, Vaşinqton Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prinsipinə sadiqdir.
Fransanın Azərbaycandakı səfiri Aurelia Buşez isə bildirir ki, ölkəsinin yeni seçilən prezidenti Emmanuel Makron Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlıdır. Səfir hesab edir ki, yeni dövlət başçısının da Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi mövcud problemin sülh yolu ilə həll olunmasına yönələcək: "Münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini əsirgəməyəcək. Bu məsələdə ATƏT-in Minsk Qrupunun da əsas prioriteti problemin sülh istiqamətində həll yolunu tapmasıdır".
Sözügedən konfliktin həlli üçün böyük imkanlara malik Rusiyada da rəsmilər tərəfindən son dövrlərdə Qarabağ məsələsinə diqqətin artması müşahidə edilir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Kant adına Baltik Federal Universitetinin tələbələri qarşısında çıxışı zamanı bildirib ki, Dağlıq Qarabağ münaqişəsi yalnız danışıqlar yolu ilə həll edilə bilər: "Yalnız razılığa gəlmək lazımdır, başqa yol yoxdur. Müxtəlif formalar alan uzun sürən danışıqlar prosesi dövrü ərzində razılaşmalara dəfələrlə yaxın olmuşuq, hətta bir addımlığında olmuşuq. Amma sonra gah bir, gah da o biri tərəfin müəyyən etimadsızlıq instinkti işə düşüb. Amma işi davam etdirmək lazımdır". Rusiya xarici siyasət idarəsinin başçısı vurğulayıb ki, danışıqlar gedişində artıq müəyyən prinsiplərin işlənib hazırlanmasına baxmayaraq, çox incə məsələlərə, o cümlədən daxili siyasət məsələlərinə toxunan tam bir sıra çox mürəkkəb detal razılaşdırılmalıdır: "Amma biz səylərimizi dayandırmırıq. Bildiyiniz kimi, Rusiya ABŞ və Fransa ilə birlikdə ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkədir. Biz onun heyətində tərəflərlə müntəzəm görüşürük və bu üçlük çərçivəsində bundan sonra da hələlik razılaşdırılmamış xırda, amma çox ciddi detalları necə həll edəcəyimiz barədə düşünəcəyik".
Bu açıqlamalar göstərir ki, dünyanın ən böyük və güclü dövlətlərinin diqqət mərkəzində yer alan məsələlərdən biri məhz Qarabağ münaqişəsidir. Belə diqqət Azərbaycanın maraqlarına tam cavab verdiyi halda, status-kvonun saxlanmasına çalışan Ermənistanın mövqeləri ilə tam ziddiyyət təşkil edir. Çünki artıq böyük güclər açıq bəyan edir ki, münaqişə sülh yolu ilə həllini tapmalıdır və status-kvonun dəyişməsinə start verilməlidir. Aydındır ki, hadisələrin qeyd olunan səpkidə inkişafı Azərbaycanın diplomatik gedişlərinin və fəaliyyətinin məntiqi nəticəsidir. Ermənistanda isə proseslərin belə müstəvidə inkişafı qəbuledilməz və diplomatik müstəvidə Azərbaycana növbəti məğlubiyyət sayılır. Digər tərəfdən Ermənistan mediası məlumatlar yayır ki, böyük ölkələrin İrəvana yeni Qarabağ təzyiqləri də müşahidə olunur. Qeyd edilən xüsusda Rusiyanın addımları Ermənistanda çox böyük təlaş doğurur. Diqqət ona yetirilir ki, Moskva İrəvana Qarabağ təzyiqlərini artırır və bu məsələdə Ermənistandakı hərbi qüvvələrindən əlavə rıçaq kimi istifadə edir. Xatırladaq ki, Kreml son günlərdə bu ölkədəki hərbi bazalarına yeni qüvvələr cəmləşdirir. "Voennoye obozreniye" nəşrinin məlumatına görə, tezliklə Rusiya Ermənistandakı Erubuni hərbi bazasına MiQ-29 təyyarələri göndərəcək. Erməni jurnalist Sarkis Artsruni isə bildirir ki, Rusiya Ermənistandakı hərbi bazasını gücləndirməklə İrəvana daha çox təzyiq etmək imkanları qazanır. Bununla yanaşı, erməni jurnalist yazır ki, Ermənistanın müstəqilliyi formaldır: "Bizim ölkəmiz daha çox ön mövqe, poliqon rolunu oynayır. Erməni hakimiyyəti də sərbəst siyasətə malik olan subyekt deyil və birbaşa Moskvaya itaət edir. İndi əsas sual 2018-ci ildən, yəni Serj Sarkisyanın prezident səlahiyyətləri başa çatandan sonra nələrin olacağıdır. Hesab etmək olar ki, rusların hərbi bazanı möhkəmləndirməsi məhz 2018-ci ildən sonrakı dövrə hesablanıb. Rusiya prezidentinin səlahiyyətli nümayəndəsi, politoloq Sergey Markovun "Rusiya istəməzdi ki, Ermənistan onun geosiyasi rəqibləri tərəfindən tutulsun" sözlərinin bu fonda əbəs yerə deyilmədiyi də dərhal nəzərə çarpır. Markovun sözləri bir az sərt səslənə bilər, lakin vəziyyəti tamamilə obyektiv əks etdirir. Bədbəxtlikdən, Ermənistan Rusiyanın poliqonuna çevrilib və Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə Avrasiya İqtisadi İttifaqının maraqlarına xidmət edir. Moskva üçün Ermənistanın maraqları lüzumsuzdur. Bunun nəticəsidir ki, son dövrlər Rusiya xüsusi xidmət orqanlarının agentləri Ermənistana və Qarabağa baş çəkir. Bu informasiya müxtəlif mənbələrlə təsdiqlənib. Rusiya agentlərinin Qarabağa baş çəkməsinin səbəbləri nədir? Bu sualın əsas cavabı belədir: onların əsas hədəfi Qarabağdakı əhalinin ərazilərin Azərbaycana qaytarılması ilə bağlı əhval-ruhiyyəsini öyrənməkdir. Hazırda Qarabağ Rusiya xüsusi xidmət orqanlarının hədəfindədir. Rusiya agentləri ərazilərin Azərbaycana qaytarılması prosesini hazırlayır".
O da qeyd olunur ki, Rusiyanın əlində Ermənistanı şantaj etmək üçün başqa vasitə də var. Bu da mümkün müharibə zamanı döyüş meydanında Ermənistanı yalqız buraxmaqdır. Bildirilir ki, bu vəziyyətdə Azərbaycanın güc yolu ilə məqsədinə nail olacağını həm İrəvan, həm də Moskva yaxşı bilir. Erməni siyasi şərhçi Musa Mikaelyan da vurğulayır ki, Ermənistan təkbaşına Azərbaycan ordusunun qarşısında duruş gətirmək iqtidarında deyil və bunu ruslar hamıdan yaxşı bilir. Onun sözlərinə görə, məhz bu vəziyyətdə Qarabağ məsələsində Azərbaycanla razılışma üçün böyük dövlətlər İrəvana təsirlərini artırmağa çalışır: "Əks halda, Beynəlxalq Böhran Qrupunun bəyan etdiyi kimi, Qarabağda müharibənin hər an başlaması tamamilə gözləniləndir. Müharibə tərəflər arasında onsuz da iki onillikdir gedir, lakin söhbət genişmiqyaslı müharibədən gedirsə, bunun olması da istisna deyil. Ermənistan bu müharibəyə nə qədər hazırdır? Hakimiyyət aprel müharibəsindən sonra hər şeyə hazır olduğunu deyir. Bu, ilk növbədə o deməkdir ki, Ermənistan aprelə qədər heç nəyə hazır deyildi. Digər tərəfdən, Ermənistanın apreldən sonra, yəni bu gün də heç nəyə hazır olmadığı ortadadır". Onun sözlərinə görə, Ermənistan hakimiyyəti aprel məğlubiyyətindən heç bir nəticə çıxarmadı: "Sistemdə keyfiyyətə doğru dəyişiklik baş vermədi. Ümumiyyətlə, Ermənistan durğunluq vəziyyətdədir və açıq-aşkar hakimiyyət daxilində intriqalar qızışıb. Ölkədə bütövlükdə daxili siyasi mübarizə gedir. Bu, ciddi təhlükədən xəbər verir, çünki irəliləmə yox, geriləmə baş verir". Erməni siyasi şərhçi qeyd edib ki, Ermənistandakı geriləmə müharibəni saatlarla yaxınlaşdırır: "Belə görünür ki, rəqib Azərbaycan bir neçə saata məsələni həll edə bilər".
Digər erməni politoloq İqor Muradyan da bildirir ki, yaranmış situasiyada Azərbaycan ərazilərin azad olunması üçün güc yolunu əsas variant kimi saxlayır və ordunu bu istiqamətdə kökləyir. Onun sözlərinə görə, Ermənistan rəhbərliyi müharibənin təhlükəsini anlamır: "Siyasi rəhbərlik ümidlərini Rusiyaya və Moskvanın verdiyi silahlara bağlayıb. Bununla belə, orduda yüksək rütbəli zabitlər arasında Rusiyanın müharibədə erməniləri satacağı haqda müzakirələr gedir. Rusiya Azərbaycana silah satır, lakin İrəvan, buna baxmayaraq, rusların dediyi ilə oturub-durur. Çünki Ermənistan güclü şəkildə Rusiyadan asılıdır". Bütün bunlar öz növbəsində Azərbaycanın Ermənistanla müqayisədə Qarabağ məsələsində kifayət qədər üstün mövqedə olmasını aydın şəkildə meydana qoyur.
Yuxarıda qeyd olunduğu kimi, hərblə yanaşı, diplomatik müstəvidə də Azərbaycan Ermənistanı, belə demək mümkün olarsa, küncə sıxışdırmış vəziyyətdədir və bunu ermənilər özləri də gedərək daha açıq şəkildə vurğulayırlar. Bildirilir ki, Dağlıq Qarabağ məsələsi Ermənistan tərəfindən həyata keçirilən işğal kimi beynəlxalq hüququn ciddi şəkildə pozulması, sülh və təhlükəsizlik üçün təhdid sayılır. Erməni tərəfinin bu reallığı təhrif etmək niyyəti və cəhdləri isə hansısa nəticə verməyib. Rəsmi Bakı BMT-nin qətnamələri əsasında işğal olunmuş ərazilərin geri qaytarılmasını və öz torpaqlarından qovulmuş azərbaycanlıların vətənlərinə geri dönmələrini tələb edir. BMT Təhlükəsizlik Şurasının qətnamələrində də qeyd edilir ki, Ermənistan yerli əhalini doğma torpaqlarından qovmaq üçün hərbi qüvvədən istifadə edib, status-kvonu qüvvədə saxlamaq üçün hazırda da güc tətbiq etməkdədir. İqor Muradyan qeyd edir ki, dünyanın Qarabağ məsələsinə yanaşması belə olduğu halda bu məsələdə Ermənistanın tam məğlub duruma düşdüyünü qətiyyətlə demək olar.
O hesab edir ki, Azərbaycan, Rusiya da daxil olmaqda, digər dünya dövlətləri ilə münasibətlərini uğurla inkişaf etdirdiyi halda, Ermənistan yerində saymaqla məşğuldur: "Vəziyyət ona gətirib çıxarıb ki, Ermənistan hətta Rusiyanın regionda yeganə strateji müttəfiqi postuna da iddia edə bilməz. Yaranmış durumda Ermənistan zəif və təklənmiş dövlətə çevrilib. Rəsmi İrəvan apardığı yanlış xarici siyasətlə Ermənistanı təcrid vəziyyətinə salıb. Faktiki olaraq, Ermənistanın dünyada müttəfiqi yoxdur. Lakin bizdən fərqli olaraq, Azərbaycan Qərbin strateji partnyoru kimi qalmağı bacarıb, həm də Rusiyanı öz tərəfinə çəkə bilib. Özü də hər mənada. Məsələn, Ermənistan, Azərbaycandan fərqli olaraq, Rusiya biznes mühiti üçün də cəlbedici deyil. Rusiyanın yeganə məqsədi Ermənistanda strateji obyektlərini qoruyub saxlamaqdır. Bu faktorlardan istifadə edən rəsmi Bakı uğurlu xarici siyasət yürüdür". Ekspert hesab edir ki, belə vəziyyət Ermənistanın Qarabağ siyasətinin iflası anlımına da gəlməlidir. Bu durumda Azərbaycanın təbii olaraq Qarabağ münaqişəsini özünün ərazi bütövlüyü çərçivəsində həll etmək imkanları daha da artır.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.