Məhəmməd Əsədullazadə: "Qətərə qarşı sanksiyalar bu ölkəni defolt edə bilər"
Ərəb dünyasında böyük siyasi qalmaqal yaşanır. 7 ərəb ölkəsi - Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Yəmən, Liviya və Maldiv Adaları Qətərlə diplomatik əlaqələri kəsib. Adıçəkilən ölkələr buna səbəb kimi Qətərin Bəhreynə qarşı apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsir göstərməsi və bu ölkənin daxili işinə qarışması, media vasitəsilə gərginliyi davam etdirməsi, terrorizmi dəstəkləməsi və İranla əlaqələr qurmasını əsas gətirib.
Hələ 2014-cü ildə Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn kimi ölkələr Qətərə onların daxili işlərinə qarışması ilə bağlı xəbərdarlıq edərək, Dohadakı səfirliklərini geri çağırıb sərhədləri bağlayacaqları ilə hədələmişlər.
Qətəri geosiyasi prizmadan qısa və konkret tanıtmaq lazım olarsa, o, ABŞ-ın regionda 10 minlik hərbi kontingentdən ibarət ən böyük hərbi bazasının yerləşdiyi ölkədir. Həmçinin ABŞ-ın "Taliban"la əlaqələrində vasitəçilik etdiyi bildirilir. Qətərin öz təklifilə Türkiyə 2015-ci ildə bu ölkədə hərbi baza tikməyə başladı. Bu, 3 minlik kontingentlə Türkiyənin ölkə hüdudlarından kənardakı ən böyük hərbi bazası sayılır.
Digər tərəfdən, Qətər İsraillə çox yaxın münasibətlərə sahib ölkədir. Suriya münaqişəsində maliyyə, silah, ideoloji, təşkilatlanma və s. baxımdan mərkəz rolunu oynayan ölkələrdən biri kimi tanınır. Avropa üçün enerji təhlükəsizliyi məsələsində önəmli dövlət sayılır. Səudiyyə Ərəbistanının Qətərə qarşı aqressiv davranma səbəblərindən biri də Həsən Ruhani prezident seçiləndən sonra Qətər əmirinin ona zəng vurub təbrik etməsidir ki, bu, Ər-Riyadda qıcıq yaradıb. Qətərin ABŞ, Avropa, İran, hətta Səudiyyənin özü ilə balanslı siyasət yürütməsi Ər-Riyadı möhkəm narahat edən səbəblərdən biri hesab edilir. Bütün bu deyilənlərin fonunda, ərəb ölkələri ilə Qətər arasında yaşanan qarşıdurma Yaxın Şərqi hara aparır?
Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən politoloq Məhəmməd Əsədullazadənin sözlərinə görə, regionda siyasi vəziyyətin mürəkkəbləşəcəyi gözlənilirdi: "Çünki Qətər ətrafında baş verənlər diplomatik skandal, siyasi və hərbi problemlərə yol aça bilər. ABŞ proseslərə müdaxilə etməsə, Qətərin izolyasiyası davam edəcək. Təbii ki, Qətərin apardığı siyasət, göründüyü kimi, ABŞ və Səudiyyə Ərəbistanı tərəfindən narahatlıqla izlənilirdi. Qətərin İranla apardığı gizli diplomatik danışıqlar prosesi üzə çıxdıqdan sonra Qətəri terrora dəstək verməkdə günahlandırmaq bir daha regionda terrorun maliyyə mərkəzlərini üzə çıxarmış oldu. Təbii ki, baş verənlər Yaxın Şərqdə yeni müharibə ocaqlarını körükləyir. Hesab edirəm ki, ABŞ vəziyyətə müdaxilə edib prosesləri öz yoluna qoyacaq. İranda törədilən terror da Qətəri siyasətində korrektələr etməyə vadar edəcək. Bu siyasət davam edərsə, Qətərə qarşı sanksiyalar bu ölkəni defolt edə bilər. Səudiyyə Ərəbistanı ciddi şəkildə çalışacaq ki, bu ölkəni öz təsiri altına alsın. İranın bu ölkədə siyasi təsirinin artmasına imkan verməyəcək. Rəsmi Doha heç də İrana bağlı silahlı qrupları müdafiə etmir və dəstəkləmir. İŞİD və digər qurumların əsas maliyyə mərkəzi olub. Ərəb ölkələrinin sanksiyaları bu ölkənin axıra kimi öz siyasətində israr etməsinə imkan verməyəcək. Bu davam edərsə, Səudiyyə hərbi müdaxilə edə bilər".
Vidadi ORDAHALLI