Vətənimizin hər guşəsi onun keçmiş əzəmətini əks etdirən silinməz izlərlə zəngindir. Azərbaycan tarixinin öyrənilməsində alimlərimizin göstərdiyi gərgin səylərə baxmayaraq, bu barədə hələ də tədqiq edilməsi vacib bir çox açılmamış maraqlı səhifələr var. Bu səhifələrdən biri də əsrlər boyu mürəkkəb hadisələrin şahidi olan, öz gözəlliyi və təbii şəraiti ilə şöhrət qazanan qədim şəhərimiz Şuşadır.
Məlum olduğu kimi, tarix boyu Azərbaycan ərəb, fars və türk işğalçılarının hücumuna məruz qalıb. Bu da ölkəmizdə bir çox şəhər adlarının dəyişməsinə, daşıdıqları tarixi adların sıradan çıxmasına, yeni-yeni adların meydana gəlməsinə səbəb olub. Çox güman ki, Şuşa şəhəri və onun yerləşdiyi Qarabağ mahalı da ilk zamanlar başqa cür adlandırılıb. Buna görə də ərəb mənbələrində həmin mahal və şəhərin adına təsadüf edilmir, həmin mənbələrdə bu yerlər ümumi adla - Aran kimi göstərilib. Fəqət geniş bir sahəni əhatə edən Aranın inzibati bölgüsü nəticəsində burada yerləşən mahal, şəhər və kəndlərin dəqiq adı və təsviri verilməyib.
XIX əsrin ortalarında Azərbaycan və İranı tədqiq edən fransız arxeoloqu Jak de Morqan Qarabağ sözünün etimologiyası ilə maraqlanıb və belə nəticəyə gəlib ki, həmin ad vilayətə onun təbii şəraətinə uyğun olaraq verilib. Yəni Qafqaz silsilə dağlarının həmin hissəsini meyvə bağları, onun davamı olan sahəni meyvəsiz bəzək ağacları əhatə etdiyinə görə bura "Qarabağ" adı verilib.
İngilis səyyahlarından Robert Ker Porterə görə, Qarabağ vilayətinə həmin adın verilməsi qədimdə onun ərazisində yerləşən və "Qara bazar" adını daşıyan yarmarka ilə əlaqədar olub. O belə yazır: "Həftədə bir dəfə təşkil olunan Qara bazar yarım fərsənk (təxminən üç kilometr) uzunluğa və yarım fərsənk enə malik idi. Bazarda ayrı-ayrı məhsulların alverinə məxsus dalanlar salınmışdı. Fəqət sonralar həmin bazar aradan çıxmış, onun yerində geniş meyvə bağları əmələ gəlmişdir ki, bu da "Qara bazar" sözünün "Qara bağ"la əvəz edilməsinə səbəb olmuşdur." Mənbələrin məlumatına görə, həmin bazar Qarabağın Bərdə mahalında yerləşirmiş. Doğrudan da Qarabağ vilayətinin təbii şəraiti bu müddəaları tamamilə təsdiq edir.
XVIII əsrin ikinci yarısında Şuşa şəhəri Qarabağ xanlığının paytaxtı olub. Bu adın həmin şəhərə verilmə tarixi hələlik məlum deyil. Fəqət mənbələrin tədqiqi göstərir ki, onun ilk adı Şuşa yox, Şuşi olub. Sonralar bu söz dəyişərək müasir ədəbiyyatda ahəng qanununa uyğun olaraq Şuşa kimi formalaşıb.
Bəziləri Şuşanın adını Ağa Məhəmməd şah Qacarın şəhəri mühasirəyə aldığı vaxtda İbrahim xana göndərdiyi mənzum məktubla əlaqələndirir. Bir beytdən ibarət həmin məktub belədir:
Fələyin mancanağından yağarkən fitnə daşı,
Şişə içrə dayanıbsan necə bir axmaq tək.
Həmin şeirin məzmunundan və Molla Pənah Vaqif tərəfindən yazılan cavabdan ehtimal etmək olar ki, "Şişə" burada məcazi mənada işlədilib və şəhərin adı ilə heç bir əlaqəsi olmayıb.
"Şuşa" sözünün tarixi kökü onun təhrif olunmuş "şuşi" sözündən əmələ gəlməsi haqqında mülahizə yürütməyimizə əsas verir. "Şuşi" sözünün etimologiyası göstərir ki, həmin mahal və şəhərə verilən bu ad, Qarabağda olduğu kimi, onun təbii vəziyyəti ilə bağlı olub. Müxtəlif lüğət kitabları və ensiklopediyalarda "şuşi" sözü qədim fars dilində düzənlik sahədə ucalan hündürlük, qabarıq yer, daşlı-qayalı təpə, piramida, məzar üzərində ucalan başdaşı mənalarında izah edilib.
Təbii şəraitlə əlaqədar olaraq bir sıra başqa yerlərdə də Şuşa adını daşıyan qalalara təsadüf edilir. XVI əsrin etibarlı mənbələrindən biri olan Şəmsəddin Bidlisinin "Şərəfnamə" əsərində həmin adda bir neçə qalanın olduğu qeyd edilib. Bu yaxınlarda İranda Əhəmənilərin paytaxtı Şuş şəhərində aparılan qazıntılar haqqında məlumat verən bir əsər çap edilib. Həmin kitabda şəhərin tarixi müəyyən qədər işıqlandırılıb və onun hündür sıldırım qayalar üzərində salındığı təsvir edilib. Bundan başqa, coğrafi termin və lüğət kitablarında, o cümlədən Ələkbər Dexuda və Rezmara Əlinin əsərlərində İranın müxtəlif vilayətlərində Şuş, Şuştər adları daşıyan bir sıra qala, şəhər, yaşayış yerləri olub. Onu da qeyd etmək lazımdır ki, Şuşi adını daşıyan yaşayış yerlərinə təkcə Şərq ölkələrində deyil, başqa yerlərdə də təsadüf edilir. Rus dilində yazılan bir sıra bədii əsərlərdə, o cümlədən İrina Rakşanın kitabında Sibirdə Şuşi adlı yaşayış yerinin olduğu qeyd edilir.
Sovet alimlərindən E.İ.Vasilyev apardığı tədqiqat əsasında belə nəticəyə gəlib ki, orta əsrlərdə Şərq ölkələrində qüdrətli və alınmaz qalalara Şuşi qalaları deyilirdi. Çox güman ki, həmin lüğət yuxarıdakı mənaları daşıyan və bizim dilimizdə geniş surətdə işlədilən "şiş" sözündən götürülüb. Fəqət, fars dili tərkibinə daxil olarkən müəyyən qədər dəyişərək "şuş" kimi formalaşıb. Bir sıra müəlliflər, əsas etibarilə "Qarabağnamə"lərin müəllifləri Şuşa şəhərinin əsasının 1756-cı ildə qoyulduğunu iddia edir. Lakin ilkin mənbələrdəki məlumat və XVIII əsrdə baş verən tarixi hadisələr Şuşa qalasının göstərilən tarixdən əvvəl mövcud olduğunu sübut edir.
Qarabağ Azərbaycan təbiətinin nadir gözəlliklərini, Azərbaycan xalqının maddi və mədəni irsini, qədim adət və ənənələrini özündə əks etdirən füsunkar bir diyardır. Sərt dağlar, sıx meşələrlə əhatə olunan bu diyarın paytaxtı Şuşa şəhərinin ərazisi zəngin və şanlı tarixi keçmişə malikdir. Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən məşhur Cıdır düzündəki Şuşa mağarası bu yerlərin Azərbaycan ərazisində ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir. XX əsrin 70-ci illərində Şuşa mağara düşərgəsində aparılan arxeoloji qazıntılar zamanı burada paleolit dövrünə aid daş alətlər aşkar olunub. Bu ərazilər tarixi Azərbaycan torpaqlarının - Midiya dövlətinin, Qafqaz Albaniyasının, Qarabağ xanlığının ayrılmaz hissəsidir.
Mötəbər mənbələrin verdiyi məlumata görə, Məhəmməd Həsən xan Qacar 1751-ci ildə Qarabağa hücum edərək Şuşanı mühasirəyə alıb. Fəqət şəhər möhkəm istehkamlara malik olduğu üçün Qacar onu tuta bilməyib və geri qayıtmağa məcbur olub. Göründüyü kimi, "Qarabağnamə"lərin müəllifləri şəhərin salınması tarixini Məhəmməd Həsən xan Qacarın hücumundan dörd-beş il sonrakı illərdə göstəriblər. Bu müəlliflər öz kitablarını faktiki materiallar və ilk mənbələr əsasında deyil, eşitdikləri rəvayətlərə əsasən yazdıqlarını qeyd ediblər. Məhz buna görə də "Qarabağnamə"lərdə bir sıra hadisələr müəlliflərin subyektiv münasibətlərindən asılı olaraq şişirdilib, bəzi faktlar isə yanlış izah edilib. Onlar geniş axtarışlar deyil, təxminən xanlıqlar dövrü üçün mənbə hesab edilən, müəyyən tədqiqat əsasında yazılan A.Bakıxanovun "Gülüstani-İrəm" əsərini nəzərə alsaydılar, Qarabağ xanlığı və şəhərin salınması haqqında daha obyektiv fikir söyləməyə imkan tapa bilərdilər. Adını çəkdiyimiz əsərdə aydın surətdə göstərilir ki, Pənahəli xan Qarabağda hakimiyyəti ələ aldıqdan sonra Bayat, Şahbulağı qalalarının əsasını qoyub və Şuşi qalasını təmir etdirib.
İlk dövrlərdə Şuşa insanların məskunlaşdığı kiçik yaşayış məntəqəsi idi. Rus məmurlarının XIX əsrin əvvəllərində tərtib etdikləri arxiv sənədlərindən məlum olur ki, Şuşanın əsasını azərbaycanlılar qoyub və ilk dövrdə burada ancaq azərbaycanlılar yaşayıb. Sonrakı dövrdə şəhərdə yaşayan əhalinin sayı Qarabağ xanlığının müxtəlif mahallarından köçüb gələnlərin hesabına sürətlə artıb. Bir tərəfdən çox əlverişli mövqedə yerləşməsi, digər tərəfdən isə Qarabağ xanlığının mərkəzinə çevrilməsi və qeyri-adi təbii gözəlliyə sahib olması ilə Şuşa şəhəri ətrafda yaşayan əhali üçün çox cəlbedici olub. Tarixi məlumatlar göstərir ki, artıq XVIII əsrin sonunda burada 2 mindən artıq ailə yaşayırdı.
XIX əsrdə Azərbaycan və eləcə də Şuşanı müşahidə edən Qərbi Avropa səyyahları onun daha qədim şəhər olması haqqında dəyərli fikirlər söyləyiblər. Onlardan ingilis səyyahı Ceyms Morye Şuşada bizim eradan əvvəl insan cəmiyyətinin yaşadığı haqda mülahizələr irəli sürüb.
Başqa bir ingilis səyyahı Robert Burter yazır: "Şuşidə Qafqazın başqa şəhərlərində olmayan, Avropa şəhərlərindəki kimi daş binalar, daş döşəməli geniş küçələr və qədim Roma hamamlarını xatırladan gözəl hamam qalıqları var. Bütün bunlar onun qədim şəhər olması haqqında fikir söyləməyə imkan verir".
Eramızın II əsrində yaşamış qədim Roma tarixçisi Gasius Cornelius Tacitus Qafqaz ərazisində Türk tayfasına məxsus Sosu (Şuşa) şəhərinin olması haqqında məlumat verib. Xalq əfsanəsinə görə, bu yerlərin havası büllur kimi saf və şəfalı olduğu üçün onu "Şuşa" adlandırıblar.
Şuşanın gözəl mənzərəsi və uca dağlar qoynunda yerləşməsi səyyahları heyran edir, onları vəcdə gətirirdi. Məşhur rəssam V.Vereşşagin Şuşanı görəndən sonra belə yazıb: "Bu şəhərin evləri düzgün formalı, qəşəng və hündür olub, çoxsaylı və gözəl pəncərələrlə işıqlandırılır. Qayalıqlar qoynunda yerləşən bu şəhər elə həmin qayalıqlardan götürülən daşlardan tikilib. Şəhərin bütün küçələrinə enli daş plitələr döşənib, evlərin damları tirlərdən düzəldilib.
Şuşa bir sıra görkəmli şəxsiyyətlərin vətənidir. Cabbar Qaryağdıoğlu, Qurban Pirimov, Bülbül, Seyid Şuşinski, Xan Şuşinski, Rəşid Behbudov, görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov, Zülfüqar Hacıbəyov, Soltan Hacıbəyov, Niyazi, Fikrət Əmirov, Süleyman Ələsgərov və bir sıra istedadlı sənət adamları əslən şuşalı olublar. Yazıçılardan Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Süleyman Sani Axundov, məşhur şairə Xurşudbanu Natəvan, şair Qasım bəy Zakir, heykəltaraş C.Qaryağdı, rəssam Toğrul Nərimanbəyov və başqaları Şuşada doğulublar.
Heç şübhəsiz, Şuşa və onun tarixindən bəhs edərkən Mil-Qarabağ arxeoloji ekspedisiyasının apardığı axtarışı və əldə etdiyi nəticəni başlıca faktlardan biri kimi qəbul etmək olar. Həmin ekspedisiya Şuşa və onun ətrafında, dərin və hərtərəfli olmasa da, apardığı ilkin qazıntılarla orada çox qədimlərdən insanların məskən saldığını aşkara çıxarıb.
Yuxarıda göstərilən faktlar Şuşa şəhərinin, onun ətrafındakı istehkamların XVIII əsrin üçüncü rübündə salınması müddəasını tamamilə rədd edir və qalanın qədim tarixə malik olduğunu göstərir.
Fazil QARAOĞLU professor