Mehdi Mehdiyev: "Görün Ermənistan ordusunda vəziyyət nə qədər biabırçı mənzərə alıb ki..."
Ermənistan ordusunda yaranan böhran davam edir. Vəziyyət o həddə çatıb ki, ordu rəhbərliyi müxtəlif sosial layihələri tətbiq etməklə yaranmış situasiyadan çıxış yolu arayır. Bunlardan ən geniş yayılanı "Ordu-millət" konsepsiyasıdır. Ancaq maraqlıdır ki, Vigen Sarkisyanın təbliğ etdiyi bu layihə cəmiyyət tərəfindən birmənalı olaraq pis qarşılanır.
Erməni KİV-inin verdiyi məlumata görə, müdafiə naziri V.Sarkisyan bu məqsədlə parlament fraksiyaları ilə müzakirələr aparmaq qərarına gəlib. Qeyd edək ki, həmin konsepsiyada ödəniləcək müəyyən pul müqabilində orduda qulluq etməmək mümkün olacaq, həmçinin, orduya çağırılanlar könüllü olaraq ön cəbhədə qulluq etməyi seçə bilcək və onların bu istəyi dərhal reallaşacaq. Müdafiə nazirinin keçirdiyi görüşdə millət vəkilləri bu layihənin Ermənistanın hazırkı durumu üçün əlverişli olmadığını dilə gətirib.
Ermənistanda ordu-xalq münasibətlərinin qızışması gələcək üçün nə vəd edir?
Hərbi ekspert Mehdi Mehdiyevin sözlərinə görə, bütün bu faktlar Ermənistan ordusundakı rəzil durumun göstəricisidir: "Ermənistanın öz daxilində yayılan statistik məlumatlardan məlum olur ki, orduda fərarilik sürətli şəkildə artır. Orduda başqa neqativliklər barədə də məlumat verilir. Hələ təsəvvür edin ki, nə qədər məlumat cəmiyyətə açıqlanmır, gizli saxlanır. Belə bir vəziyyətdə onlar imkanlı adamların ordudan yayınmasını stimullaşdıran qanun layihəsini təqdim edib. Yeni qanuna əsasən, hər çağırışda 200 min dram ödəməklə 27 yaşa qədər xidmətdən möhlət hüququ veriləcək.
Bu qərar Ermənistanda ciddi fikir ayrılığı yaradıb. Müdafiə nazirindən fərqli olaraq ictimaiyyət və millət vəkilləri belə bir qərara qarşı çıxır.
Bu, faktiki olaraq, pul müqabilində hərbi xidmətdən yayınmaq anlamına gəlir. Qeyd edək ki, Ermənistan parlamenti ilə hökumət arasındakı razılığa əsasən, məcburi hərbi xidmətdən yayınmaya görə cinayət məsuliyyətinin aradan qaldırılıb müəyyən edilmiş məbləğdə vəsait ödəməklə cəzanın əvəz olunmasına dair son dəyişikliklər 2015-ci il aprelin 30-da qəbul edilib. Bütün bu faktlar bir daha göstərir ki, Ermənistan büdcəni öz əhalisini müharibə ilə şantaj edərək doldurmaq istəyir. Yəni, faktiki olaraq, mövcud olan müharibə xofu ilə öz vətəndaşlarından pul toplayırlar. Təbii ki, bütün valideynlər övladlarının qaynar nöqtədə ölməsini istəmir. Bunun da alternativ yolu pul ödəməkdirsə, çətinliklə olsa da, bunu tapıb gətirir. Görün Ermənistan ordusunda vəziyyət nə qədər biabırçı mənzərə alıb ki, onlar fərariliyin qarşısını almaq əvəzinə, müəyyən maddiyyat müqabilində ordudan yayınanların sayını artırır. Bunun da adını qoyublar konsepsiya. Bu vəziyyət gələcək üçün daha acınacaqlı sonluq vəd edir".
Məhəmmədəli QƏRİBLİ