Yeganə Hacıyeva: "Məhz bu səbəbdən də Tramp öz məktubunda bizi dəyərli tərəfdaş adlandırır"
Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktublarda ciddi məqamlar yer alır. Həmin məktublardan birinin mətninə diqqət edək: "Hörmətli cənab Prezident, mən 28 May - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını Amerika Birləşmiş Ştatları xalqı adından təbrik edirəm.
Azərbaycan Amerika Birləşmiş Ştatlarının dəyərli tərəfdaşıdır. Biz birgə səylərimizlə terrorizmə qarşı mübarizə apararaq qlobal təhlükəsizliyi möhkəmləndirmək üçün çalışırıq. Biz Azərbaycan xalqının yanındayıq və təhlükəsizlik, iqtisadi əməkdaşlıq və demokratik prinsiplər sahəsində dialoq vasitəsilə münasibətlərimizin möhkəmləndirilməsinə sadiqik.
Siz Avropa üçün yeni enerji mənbəyisiniz və biz bu sahədə uzunmüddətli və uğurlu əməkdaşlığımıza görə sizə minnətdarıq. Sizin iqtisadiyyatınızı şaxələndirmək istiqamətində gördüyünüz işlərlə bərabər, biz ölkələrimiz arasında yeni faydalı biznes əlaqələrinin qurulmasını istəyirik. Amerika Birləşmiş Ştatları, eyni zamanda, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini qətiyyətlə dəstəkləyir.
Mən bu mühüm tarix münasibətilə Sizi təbrik edirəm və həm ölkələrimiz, həm də dünya üçün daha gözəl gələcək naminə Sizinlə fəal tərəfdaşımız kimi işləməyi səbrsizliklə gözləyirəm".
Göründüyü kimi, Tramp məktubunda Azərbaycanı öz dəyərli tərəfdaşı adlandırır. Bu ifadədən hansı nəticəni çıxarmaq olar?
Politoloq Yeganə Hacıyeva qəzetimizə bildirdi ki, ABŞ böyük və dünya düzənində lider olan dövlətdir: "Cənubi Qafqaz Amerika üçün vazkeçilməz sayılan bölgələrdən biridir. Uzun müddətdir ABŞ və onun Qərb tərəfdaşları bu bölgədən xeyli fayda götürür. Məsələn, Bakı nefti Avropanın xeyli hissəsini, o cümlədən ABŞ-ın yaxın müttəfiqi İsraili yüksək keyfiyyətli neftlə təmin edir. Azərbaycan qazı bu ilin sonunda artıq Avropa bazarına daxil olacaq. Bu da ABŞ-ın strateji marağına tam uyğun gəlir. Azərbaycanla NATO arasında ikitərəfli danışıqlar davam etdirilir, Avropa İttifaqı ilə Azərbaycan arasında vizasız gediş-gəliş haqqında danışıqlar başa çatmaq üzrədir. Bir sözlə, Azərbaycanın üzünün Qərbə doğru yönəldiyi açıq-aydın görünür. Tramp bütün bunlara biganə qala bilməz. O yaxşı başa düşür ki, Azərbaycan bölgənin lider dövlətidir. Təkcə özünün təbii ehtiyatlarına görə deyil, həm də geosiyasi və coğrafi mövqeyinə görə Azərbaycan ABŞ-ın maraqlarına tam uyğundur. Əfqanıstandakı ABŞ qoşun heyətinə yüklərin bir hissəsi Azərbaycan vasitəsilə daşınır. Bundan başqa, Azərbaycan həm enerji, həm də nəqliyyat dəhlizidir. Bu iki faktor, bütövlükdə, geostrateji hədəflərin həyata keçirilməsində hər bir dövlət, o cümlədən ABŞ üçün həyati əhəmiyyətə malikdir. Məhz bu səbəbdən də Tramp öz məktubunda bizi dəyərli tərəfdaş adlandırır".
Məhəmmədəli QƏRİBLİ