Hikmət Babaoğlu: "Avropa Birliyinin bir vətəndaşa görə belə bir reaksiya verməsi müstəqil dövlətin daxili işinə qarışması deməkdir"
Azər Həsrət: "Azərbaycan tərəfi onu konkret qanun pozuntusuna görə həbs edib"
Verilən rəsmi məlumatlara görə, Gürcüstan sərhədini qanunsuz keçmək istəyərkən sərhədçilərimiz tərəfindən saxlanan Əfqan Muxtarlı adlı vətəndaşın adı ətrafında yaradılan səs-küy davam edir. Ə.Muxtarlının tərəfdarları isə iddia edir ki, o belə hərəkət etməyib.
Ən maraqlısı isə budur ki, ABŞ Dövlət Departamenti, Avropa İttifaqı kimi nüfuzlu təsisatlar bu həbsə ciddi reaksiya verib. Azərbaycanın özündə belə yaxşı tanınmayan bir adamı tanınmış jurnalist kimi qələmə verməklə, onun müdafiəsini bu istiqamətdə qurmağa və ən əsası isə, Azərbaycan hakimiyyətinin azad sözə basqısı kimi dəyərləndirməyə çalışırlar. Bu həbs ətrafında tələsik reaksiyalar nə ilə əlaqəli ola bilər?
Millət vəkili Hikmət Babaoğlu hesab edir ki, həmin qurumların Ə.Muxtarlı və digərləri ətrafında siyasi şou yaratması müstəqil Azərbaycan dövlətinin daxili işinə qarışması deməkdir: "Ə.Muxtarlı ətrafında yaradılan şou bir daha onu göstərir ki, bu hadisə bir çox güclər tərəfindən planlı şəkildə əvvəlcədən hazırlanaraq həyata keçirilib, məqsəd sonradan bundan istifadə edərək Azərbaycana təzyiq göstərməkdir. Ə.Muxtarlıya gəldikdə isə, o, qanunu pozduğuna görə həbs olunub və hazırda istintaq gedir. Məhkəmə isə onun məsələsinə baxıb müvafiq qərar çıxaracaq. Azərbaycanda hər kəs qanun qarşısında bərabərdir və törətdiyi cinayətə görə cəzalandırılır. Ancaq Avropadakı bəzi dairələr bunu böyük bir siyasi hadisəyə çevirərək öz qaranlıq məqsədləri üçün istifadə etməyə çalışır. Avropa Birliyinin bir vətəndaşa görə belə bir reaksiya verməsi müstəqil dövlətin daxili işinə qarışması deməkdir. Avropa Birliyi hadisələrə belə reaksiya verirsə, o zaman Dilqəm Əsgərov və bir milyon məcburi köçkünlə də bağlı bəyanat və ya qərar versin. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan dövləti öz təhlükəsizliyinin təmin edilməsi istiqamətində zəruri bütün addımları atmalıdır. Avropa Birliyi və digər bu kimi qurumlar Azərbaycanda baş verən bu cür hadisələri insan hüquq və azadlıqlarının pozulması kimi dəyərləndirərək bunlardan manipulyasiya etməməlidir".
Mətbuat Şurası idarə heyətinin üzvü Azər Həsrət qəzetimizə açıqlamasında bildirdi ki, istənilən halda, jurnalistlərin həbsinin tərəfdarı deyil: "Həmkarlarımızın beynəlxalq müdafiəsi istiqamətində işlərin aparılması da təqdirəlayiqdir. Ancaq Ə.Muxtarlı məsələsində vəziyyət bir qədər fərqlidir. Çünki həmin adam uzun illərdir Azərbaycanda jurnalist fəaliyyətilə məşğul olmayıb. Olduğu dönəmdə isə özünü ciddi jurnalist kimi təsdiqləyə bilməyib. Son illər Gürcüstanda cəmləşən anti-Azərbaycan mövqeyində olan şəxslərlə bir arada olub. Azərbaycan tərəfi onu konkret qanun pozuntusuna görə həbs edib. Çox iddialı dəlillər ortaya qoyurlar. Ancaq onun müdafiəsinə qalxan beynəlxalq qurumlar isə bizim qanunvericiliyimizlə uzlaşmayan tələblər irəli sürür. Fikir verin, özlərini ciddi adlandıran qurumlar istintaqın gedişini gözləmədən Ə.Muxtarlının dərhal azad edilməsini tələb edir. Belə də tələb olar? Hesab edirəm ki, onlar bir qədər də təmkinli davranaraq, istintaqın gəldiyi nəticəni gözləməli idi. Bunu etmirlərsə, deməli, həbs edilən adam onlar üçün olduqca önəmli fiqur olub. Biz isə təmkinli olub, istintaqın gəldiyi nəticəni gözləməliyik".
Məhəmmədəli QƏRİBLİ