Bu gün müsəlman dünyasında həmrəyliyə kifayət qədər böyük ehtiyac duyulduğu halda bəzi İslam ölkələrinin atdığı addımlar qeyd edilən xüsusda hələ də ciddi problemlərin olduğunu üzə çıxardı. Ərəb dünyasında yaşanan diplomatik qalmaqal da qeyd edilənlərin təsdiqidir. Xatırladaq ki, Bəhreyn, Səudiyyə Ərəbistanı, Misir, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Liviya və Yəmən Qətərlə diplomatik münasibətləri kəsdiyini elan edib. Adıçəkilən dövlətlər öz ərazilərindən Qətərə hər növ məhsul ixracını da qadağan edib.
Ölkələr bu qərarlarını Qətərin apardığı siyasətin bölgədə təhlükəsizliyə mənfi təsiri, terrorizmə, Yəməndə fəaliyyət göstərən İŞİD və "Əl-Qaidə" kimi terror təşkilatlarına, həmçinin İrana yaxın qruplaşmalara maddi yardım göstərməsi ilə əsaslandırıblar. Belə bir vaxtda "The Financial Times" qəzeti də ilginc iddia ilə çıxış edərək bildirib ki, Qətər hökuməti bu yaxınlarda terrorçulara 1 milyard dollara yaxın pul ödəyib. Məlumata görə, rəsmi Doha İraqın cənubunda şahin quşlarının ovu ilə məşğul olaraq girov götürülən Qətər əmirinin 26 ailə üzvü, Suriyada isə terrorçuların girovluğunda olan 50 hərbçiyə görə bir milyard dollara yaxın pul ödəməli olub. İddiaya əsasən, girovların sərbəst buraxılması üçün adıçəkilən məbləğ bu ilin aprelində "Əl-Qaidə"nin Suriyadakı qolu və İran xüsusi xidmət orqanlarının əməkdaşlarına ötürülüb.
Məsələnin daha bir maraqlı tərəfi odur ki, Qətərlə region ölkələri arasında münaqişə Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika sammitinin keçirilməsindən bir həftə sonra başlanıb. Həmin tədbirdən sonra Qətər xəbər agentliyi İranla münasibətlərin normallaşmasına dəstək olaraq ölkənin əmiri adından bəyanatı saytında yerləşdirdi. Halbuki, Səudiyyə Ərəbistanının paytaxtında keçirilən sammitdə krallıq tədbirin bütün qonaqları adından İranı düşmən siyasətinə görə ittiham edərək onu adekvat cavabla hədələmişdi. Qətərin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi isə bildirdi ki, agentliyin saytı sındırılıb və əmir adından bəyanat hakerlər tərəfindən yerləşdirilib. Ancaq Səudiyyə Ərəbistanı, BƏƏ, Bəhreyn bu təkzibi tutarsız hesab etdi və bildirdilər ki, İranla münasibətlərin normallaşması haqqında sözlər həqiqətən əmirə aiddir. Yaranmış durumda Qətər həmçinin ərəb ölkələrini onun daxili işlərinə müdaxilədə ittiham edir. Baş verənləri şərh edən Rusiya Strateji Tədqiqatlar İnstitutu direktorunun məsləhətçisi Yelena Suponina hesab edir ki, ərəb ölkələrinin Qətərlə diplomatik münasibətləri kəsməsində əsas günahkar ABŞ prezidenti Donald Trampın İranın ünvanına ritorikasıdır: "Ərəb monarxiyalarının Qətərin ünvanına ittihamlarının arxasında fikir ayrılıqları, ilk növbədə İranla bağlı siyasət haqqında fikir ayrılıqları dayanır. Qətər Ər-Riyadın İranla bağlı xəttini son dərəcə təhlükəli hesab edir. Bu da Ər-Riyadda narazılıq doğurdu". Onun sözlərinə görə, İran üzrə fikir ayrılıqları Tehranın güclü maraq dairəsində olan bir çox regional münaqişələrdə, həmçinin Yəmən və Suriyada aydın görünür. Rusiya Strateji Tədqiqatlar İnstitutu direktorunun məsləhətçisi qeyd edib ki, bu vəziyyət "Ərəb NATO-su"nun yaradılmasının mümkün olmadığını göstərir. Baş verənlər adı prosesdə hallanan İran tərəfindən də diqqətlə izlənir. Rəsmi Tehran bildirir ki, İran Fars körfəzinin cənubundə yerləşən ölkələr arasında baş verən gərginlikdən narahatdır. İranın Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Bəhram Qasemi bildirib ki, İran Fars körfəzi dövlətlərini emosiyalara üstünlük verməməyə və yaranmış ixtilafı danışıqlar yolu ilə həll etməyə çağırır. O vurğulayıb ki, regionda radikal dini cərəyanların və beynəlxalq terrorçuluğun sabitliyi pozduğu bir zamanda Qətərlə digər ərəb dövlətləri arasında münasibətlərin pozulması heç də sülhün bərpasına xidmət etmir.
İranın sənaye məhsulları ixracatçıları təşkilatının rəhbəri Rza Nurani isə vurğulayıb ki, İran Qətərə hərtərəfli kömək etməyə hazırdır. Onun sözlərinə görə, rəsmi Tehran kənd təsərrüfatı malları ilə yanaşı, Qətərə sənaye məhsulları da ixrac edə bilər. O bildirib ki, İranın ərzaq istehsalı potensialı kifayət qədər yüksəkdir və Qətərə köməklik göstərə bilər. İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Türkiyə, İraq, Tunis, İndoneziya və Əmmandan olan həmkarları ilə telefon söhbətləri aparıb. Bu söhbətlər zamanı bölgədəki vəziyyət və Qətərə köməklik məsələləri müzakirə edilib.
Qeyd edək ki, səhrada yerləşən ölkələr üçün kənd təsərrüfatı məhsullarını yetişdirmək, əhalini ərzaqla təmin etmək əsas məsələlərdən biridir. Qətərə də quru ilə ərzaq gətirilməsi yalnız Səudiyyə Ərəbistanından keçən yeganə marşrutla mümkündür. Hər gün Qətərin Səudiyyə ilə sərhədini yüzlərlə yük maşını keçir və əsasən bu, ərzaq təchizatı ilə bağlıdır. Səudiyyə Ərəbistanı isə sərhədi bağlayacağını bildirib. Bu da o deməkdir ki, bundan sonra ərzaq Qətərə yalnız hava yolu ilə və dənizdən bərələrlə gətirilə bilər. Bütün bunlar indiki vəziyyətdə Qətərə mənfi təsir edəcək. Lakin ən böyük mənfi təsir İslam həmrəyliyinə vurulan zədədir. Hesab edilir ki, ərəb ölkələri bu məqama xüsusi diqqət yetirməli, İslam həmrəyliyinə xələl gətirməməlidir. Bu xüsusda müəyyən ölkələr, məsələn, vasitəçilikdə artıq müəyyən təcrübə toplayan Azərbaycan Qətərlə digər ölkələr arasında münasibətlərin yaxşılaşmasına vasitəçilik edə bilər.
Tahir TAĞIYEV