Məhəmməd Əsədullazadə: "Bir sıra ərəb ölkələrinin Qətərə sanksiyalar tətbiq etməsi bu ölkənin mövcud iqtisadi durumunu ağırlaşdıracaq"
Ciddi sosial-iqtisadi çətinliklər içində boğulan Ermənistanda dövlət borcu kəskin şəkildə artıb. Ölkənin defolt təhlükəsindən çıxarılması üçün Sarkisyan ərəb şeyxlərini tez-tez yad edir. Məqsəd varlı ərəb ölkələrindən Ermənistan iqtisadiyyatına sərmayə cəlb etməkdir.
Ermənistanın maraq göstərdiyi ərəb ölkələrindən biri də son günlər dünyanın əsas diqqət mərkəzində olan Qətərdir. Qeyd edək ki, ötən ay Qətərə səfər edən Ermənistan prezidenti Sarkisyan orada bir sıra görüşlər keçirib. "Ermənistan bütün sahələrdə əməkdaşlığın dərinləşdirilməsi və Qətərlə yüksək səviyyədə siyasi dialoqun fəallaşdırılmasında maraqlıdır" - deyən Sarkisyan Qətər əmiri Tamim bin Hamad Al Taniyə bir sıra şirnikləndirici vədlər verib. O, görüş zamanı iddia edib ki, guya ərəb ölkələrindən Ermənistana gələn turistlərin sayı ilbəil artır. O cümlədən "Qatar Airways" şirkətinin icraçı direktoru Əkbər əl Bakri, iş adamları və yerli erməni icmasının nümayəndləri ilə görüşlər keçirən Sarkisyan vəd verib ki, guya Ermənistanda sərmayə qoymaq üçün hər cür şərait və potensial var.
Ancaq görünən odur ki, son günlər Qətərlə bir sıra digər ərəb ölkələri arasında yaşanan qalmaqal Ermənistanın bu ölkəyə bəslədiyi ümidlərin üstündən xətt çəkir. Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bunu istisna etmədi: "Bir müddət bundan əvvəl Ermənistan prezidenti körfəz ölkəsi Qətərə rəsmi səfər edib. Məqsəd bu ölkə ilə diplomatik münasibətlərin qurulmasının 20 illiyini qeyd etmək olsa da, danışıqlarda bu ölkə ilə iqtisadi-ticari və turizm sahəsində əməkdaşlıq etmək məsələləri müzakirə olunub. Qətər maliyyə baxımından inkişaf etmiş ərəb ölkəsi olmaqla, xaricdə geniş sərməyə qoyan ölkələrdən biridir. Məhz buna görə Sarkisyan bu imkanlardan faydalanmaq üçün rəsmi Doha ilə əməkdaşlığa can atırdı. Artıq, məlum olduğu kimi, Qətər ətrafında baş verən diplomatik qalmaqal, bir sıra ərəb ölkələrinin Qətərə sanksiyalar tətbiq etməsi bu ölkənin mövcud iqtisadi durumunu ağırlaşdıracaq. Yalnız neft-qaz gəlirlərindən asılı olan bu ölkənin sanksiyalar nəticəsində çətin duruma düşməsi xarici ölkələrlə iqtisadi əlaqələrə mənfi təsir edəcək. Sarkisyanın imzaladığı bir sıra müqavilələrin də kağız üzərində qalma ehtimalı böyükdür. Ümumiyyətlə, Ermənistanın heç bir iqtisadi əməkdaşlıq potensialı olmadığını nəzərə alsaq, Qətərlə də bağlamış müqavilələrdən müsbət nəticələr əldə etməsi gözlənilmir".
Vidadi ORDAHALLI