Vüqar Qədirov: "Bunun özü bir daha sübut edir ki, hansısa fərdin dönük çıxması belə bir prosesi saxlamaq gücündə deyil"
Bir müddət əvvəl Ermənistandan Azərbaycana pənah gətirən erməni hüquq müdafiəçisi Vahan Martirosyan qoşulduğu Sülh Platformasından imtina edərək, Ermənistan xeyrinə bəyanatlar səsləndirib. Bununla da bir neçə dəfə satılan adam obrazına nöqtə qoymuş olub. Martirosyanın bu hərəkətindən sonra bəziləri Sülh Platformasının tam iflasa uğradığını bildirsə də, sonrakı proseslər bunun tam əksini göstərir.
Ermənistan-Azərbaycan Sülh Platforması Vahan Martirosyanla əlaqədar bəyanat verib. Sülh Platformasının mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda təəssüf hissi ilə qeyd edilir ki, dəfələrlə təqiblərə məruz qalan V.Martirosyan vətənini tərk etməyə məcbur olaraq Ukraynaya köçəndən sonra da öz sülh quruculuğu ideyalarını davam etdirib. Sülh Platformasının bəyanatında vurğulanıb ki, sülh quruculuğu çətin, cəsarətli və qurbanlar tələb edən fəaliyyətdir: "Biz Ermənistan-Azərbaycan Sülh Platforması olaraq, V.Martirosyana Ermənistan güc strukturlarının etdiyi total təzyiqdən sonra onun sülh quruculuğu prosesində iştirak edə bilməyəcəyini anlayırıq və Martirosyana bu çətin yolu bizimlə getdiyi üçün təşəkkürümüzü bildiririk. Bu bir daha göstərir ki, Sülh Platformasına artan beynəlxalq dəstəkdən narahat olanlar, regionda sülhü istəməyən qüvvələr, erməni və Azərbaycan xalqlarının dinc və yanaşı yaşamasını öz mövcudluqlarına təhlükə hesab edənlər Sülh Platformasına qarşı təzyiqləri artırıb. Erməni və Azərbaycan xalqlarının sülhsevər nümayəndələri bu kövrək təşəbbüsə qarşı çıxanlara etiraz əlaməti olaraq bu prosesə daha yaxından dəstək verməlidir. Beynəlxalq təşkilatlar da Sülh Platforması ilə əlaqələri gücləndirərək, xalqlar arasında inam və etimadı yaratmaq üçün yaradılmış bu unikal imkanı düzgün qiymətləndirməlidir. Bu səbəbdən də biz, öz növbəmizdə, yaranmış situasiyanı beynəlxalq ictimaiyyətin diqqətinə çatdıraraq, regionda sülhün bərqərar olmasını istəyən beynəlxalq təşkilatları əməkdaşlığa və yardıma çağırırıq ki, vahid çətir altında olan fəaliyyət istər erməni, istərsə də azərbaycanlı üzvlərin təhlükəsizliyinə və hüquqlarının müdafiəsinə töhfə vermiş olsunlar. Ermənistan-Azərbaycan Sülh Platforması bundan sonra daha əzm və fədakarlıqla iki xalqın barışması, münaqişənin sülh yolu ilə həlli üçün çalışacaq və işini davam etdirəcək".
Bundan sonra isə Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulan Oksana Altunyan iki xalq arasında sülh istəyən hər kəsi Sülh Platformasına qoşulmağa çağırıb.
O.Altunyan Bakıda yaşadığı müddətdə heç zaman heç bir sıxıntı və ya etnik-milli ayrıseçkiliklə qarşılaşmadığını, xalqlar arasında daim mehribanlıq və qarşılıqlı hörmət olduğunu vurğulayıb. Həmçinin, müsahib Sülh Platformasının fəaliyyətini dəstəklədiyini və sülh içində yaşamaq istəyən hər kəsi bu platformaya qoşulmağa çağırdığını bildirib.
Göründüyü kimi, Martirosyanın platformanı tərk etməsi prosesə heç bir mənada mənfi təsir etməyib. Əksinə, platformaya qoşulanların sırası daha da artır.
V.Martirosyanın gedişi Sülh Platformasını əngəlləyə bilərmi?
QHT rəhbəri Vüqar Qədirovun sözlərinə görə, V.Martirosyan həmin geniş layihədə balaca bir fiqur sayıla bilər: "Onun gedişi həmin prosesi durdura bilməz. Çünki biz sonrakı proseslərdə də görürük ki, platformaya maraq daha da artıb. Bunu ora qoşulmaq istəyən yeni-yeni simaların gəlişi sübut edir. Martirosyan əməli ilə özünü daha da ifşa etmiş oldu. O, altı ay sonra gözlənilmədən öz mövqeyini dəyişdi və bildirdi ki, səhvə yol verib. O "öz peşmanlığını" və müraciətini erməni xalqına etdiyini deyir, əslində isə o, Ermənistan hakimiyyətinə müraciət edib. Guya Azərbaycanın "aqressiv siyasəti"ni ifşa etmək qərarına gəlib. Bu fərdin axmaqlığı məsələsi mübahisə predmeti deyil. Çünki onun məhdud ağıl imkanlarına sahib olduğu təkcə İrəvanda yox, həm də Bakıda hər kəsə məlumdur. Qısa zamanda onun dedikləri ifşa olundu. Çünki Ermənistanın yürütdüyü siyasət insanları oranı tərk etməyə və sülh, əminamanlıq içində yaşamaq seçimini etməyə vadar edir. Maraqlıdır ki, insanlar yalnız Ermənistanı tərk edərək platformaya qoşulmur. Dağlıq Qarabağ və Ermənistandakı vəhşi rejimlərin idarə etdiyi subyektlərdə yaşaya-yaşaya da buna qoşulanlar var. Bunun özü bir daha sübut edir ki, hansısa fərdin dönük çıxması belə bir prosesi saxlamaq gücündə deyil".
Məhəmmədəli QƏRİBLİ