Daşdəmir Əliyev: "Azərbaycanın da xarici siyasət kursu avroatlantik strukturlara inteqrasiyaya hesablanıb"
Gürcüstan, Azərbaycan və Türkiyə arasında növbəti birgə hərbi təlimlər başlayıb. Hərbi təlimlər iyunun 14-dək davam edəcək. Gürcüstanda keçirilən "Qafqaz qartalı" adlanan təlimlərdə üç ölkə silahlı qüvvələrinin xüsusi təyinatlı qüvvələri iştirak edir. Gürcüstan Müdafiə Nazirliyindən bildirilib ki, təlimlərdə məqsəd maarifləndirmə, bilik və təcrübə mübadiləsi, eləcə də xüsusi əməliyyat qüvvələrinin əməliyyat potensialını artırmaqdır.
Qeyd edək ki, bu formatda hərbi təlimlər artıq iki dəfə keçirilib. Sonuncu təlimlərə Türkiyə ev sahibliyi edib.
Azərbaycan, Türkiyə və Gürcüstanın keçirdiyi birgə hərbi təlimləri necə dəyərləndirmək olar?
Ekspert Daşdəmir Əliyevin sözlərinə görə, üç ölkənin birgə hərbi təlimlər keçirməsi Azərbaycan Ordusunun inkişafı və NATO standartlarına uyğunlaşması baxımından böyük əhəmiyyətə malikdir: "Ümumiyyətlə, Türkiyə-Azərbaycan-Gürcüstan formatı istənilən baxımdan hər üç dövlətin maraqlarına və mənafeyinə uyğun bir formatdır. Bu format xeyli vaxtdır fəaliyyətdədir. Sonuncu görüşdə isə hərbi əməkdaşlığın inkişafı istiqamətində növbəti önəmli addımlar atılıb. Konkret olaraq onu qeyd etmək olar ki, üç ölkənin birgə hərbi təliminin keçirilməsi haqqında razılaşma olduqca əhəmiyyətli bir razılaşmadır. Türkiyə NATO-nun üzvüdür. Gürcüstan isə NATO-ya üzvlük yolunda ciddi məsafələr qət etmiş bir dövlətdir, təşkilata inteqrasiya yolundadır.
Ölkəmiz hələlik NATO-ya üzvlük kursu seçməsə də, Azərbaycanın da xarici siyasət kursu avroatlantik strukturlara inteqrasiyaya hesablanıb. Həm Azərbaycanın, həm də Gürcüstanın çox ciddi təhlükəsizlik problemləri var. Hər iki ölkənin problemləri bir-birinə çox oxşardır. Bu problemləri aradan qaldırmaq hər iki dövlətin əsas məsələsidir. Təbii ki, hər iki tərəf bu məsələdə xaricdən müttəfiqlər axtarmağa, bir növ, məcburdur. Müttəfiq qismində də ilk növbədə bu regiona ən yaxın, eyni zamanda, regionda ciddi maraqları olan dövlətlərdən biri olan Türkiyədir.
Üç ölkənin hərbi sahədə əməkdaşlığı regional sabitliyə töhfə verə bilər. Qonşu ölkələrin hərbi-müdafiə sahəsində əməkdaşlığı regional sabitliyə xidmət edir".
Məhəmmədəli QƏRİBLİ