Suriya ətrafında böyük güclərin yaşadığı qarşıdurma gedərək daha təhlükəli mərhələyə qədəm qoyub. Hadisələrin gedişi burada böyük güclərin hərbi toqquşmasını tamamilə mümkün hala gətirir. Belə ki, Rusiya ABŞ-ın Suriyada heç də əsas söz sahibi olmasını istəmir və buna görə Bəşər Əsəd hökumətinə dəstəyini artırır. ABŞ isə əksinə, Rusiyanın Suriyada güclənməsinə qarşı fəal iş aparır.
Elə bunun nəticəsi olaraq ABŞ və koalisiya qüvvələrinin dəstəyilə Suriyada İŞİD terror təşkilatının əsas qalası sayılan Rakka şəhərinin azad edilməsi əməliyyatı başlayıb. Türkiyənin baş naziri Binəli Yıldırım bildirir ki, ABŞ Rakka əməliyyatının iyunun 2-dən 3-ə keçən gecə başladığı barədə Türkiyəni məlumatlandırıb. Türkiyənin baş naziri Rakkanın azad edilməsi əməliyyatında PKK terror təşkilatının Suriya qolu olan PYD və YPG-dən istifadə edildiyini qeyd edib: "ABŞ-ın PYD və YPG ilə əməkdaşlığını məqbul saymadığımız sirr deyil və narahatlığımızı da hər zaman çatdırdıq. Bizim dəyişməyən strategiyamız var. İstər ölkə daxilində, istərsə də ölkədən xaricdə PKK, PYD, YPG, İŞİD, DHKP-C bizim üçün eynidir, terror təşkilatlarıdır. Türkiyədə və Türkiyədən xaricdə ölkəmizin, vətəndaşlarımızın təhlükəsizliyinin qorunması üçün zəruri addımları atmaqdan çəkinmirik. Bu istiqamətdə keçmişdə addımlar atdıq, zərurət yaranan zaman gələcəkdə də belə addımlar atacağıq". ABŞ isə kürd yaraqlılıarı vasitəsilə Suriyada daha çox ərazi üzərində nəzarəti ələ keçirməkdə israrlıdır. Təbii ki, bu da Moskvanın istəyi ilə uzlaşmır. Belə vəziyyətdə məlumatlar yayılıb ki, Moskva Rusiyanın ən güclü operativ-taktiki raketləri hesab olunan "İsgəndər-M"ləri Bəşər Əsədə verib. Rusiyanın "newsinfo.ru" saytı bildirir ki, Türkiyənin NATO üzrə müttəfiqləri olan ABŞ, Niderland və Almaniyanın raket əleyhinə müdafiə batareyaları Suriya sərhədi boyu yerləşdirilməsindən bir neçə saat sonra Rusiyanın üç hərbi gəmisi - "Novoçerkassk", "Saratov" və MB-304 Tartus limanına daxil olub. Bu gəmilərin içində "İsgəndər-M"lər də olub. Hərbi və kəşfiyyat mənbələrinə istinad edən İsrailin DEBKA saytı qeyd edir ki, Rusiya gəmiləri Suriyanın Tartus limanında 24 ədəd 9K720 "İsgəndər-M" raketi boşaldıb. Xəbərlərə görə, Suriya hökuməti bununla Amerika hərbi obyektlərinə qarşı üstünlüklər əldə etmiş olacaq. ABŞ-ın dəstəklədiyi qüvvələrin də bununla neytrallaşdırılacağı vurğulanır və belə vəziyyətdə Moskva Bəşər Əsəd vasitəsilə Suriya üzərində nəzarəti daha da gücləndirəcək. Bildirilir ki, "İsgəndər-M" kompleksləri NATO ölkələrinin sərəncamında olan ən mükəmməl "Patriot" və "Aegis" hava hücumundan müdafiə komplekslərinin müdafiəsini yara bilir. "İsgəndər" operativ-taktiki raketlərinin bir neçə modifikasiyası mövcuddur. Lakin onlardan ən müasiri "İsgəndər-M" raketləridir. "İsgəndər-M" raketlərinin ən mühüm özəlliyi ondadır ki, bu raketlər ballistik trayektoriya ilə hərəkət etmir. Start anından etibarən raket trayektoriyasını xaotik şəkildə dəyişir və ziqzaqvari hərəkət edir. Nəticədə ən müasir radar kompleksləri belə bu raketlərin trayektoriyasını dəqiq müəyyən edə bilmir.
Rusiya hərbi sənayesi "İsgəndər-M" raketlərini daha da təkmilləşdirib və onun hədəfi vurma dəqiqliyini artırıb. Raketlərin son modifikasiyası hədəfi cəmi 10 metr dəqiqliyi ilə vura bilir. Hazırda "İsgəndər-M" Rusiyanın ən güclü operativ-taktiki raketləri hesab olunur və onun dünyada analoqu mövcud deyil. Məsələ ilə bağlı "newsinfo.ru" saytının yazdığına görə, hələlik bütün dünya Suriyanın "Skad" raketlərini və kimyəvi silah təhlükəsini müzakirə edir, amma real təhlükə Rusiyanın nüvə başlıqları daşıya bilən "İsgəndər" raketləridir. Qeyd edilir ki, yaranmış durum ABŞ və Rusiya arasında strateji balansı yalnız Suriya sahillərində dəyişmir, həmçinin bu, İsrailin İran nüvə obyektlərinə hücum planlarına toxuna bilər. Bu vəziyyətdə İsrail və ABŞ-ın Suriya istiqamətində daha çox sayda hərbi texnika cəmləşdirməsi tamamilə gözlənilən sayılır. Moskvanın yenə analoji qaydada cavab verməsi isə Suriyanı açıq döyüş meydanına çevirir. Digər tərəfdən Rusiya əsasən Şimali Qafqaz respublikalarının nümayəndələrindən ibarət 60 minlik "müsəlman ordusu"nu Suriyaya yeritmək üçün hazırlayıb. Bildirilir ki, həmin qüvvələrin bir hissəsi artıq hərbi polis qismində Hələbdə xidmət keçir. Palmira yaxınlığında, Barrada vadisində isə bir sıra keçmiş sovet respublikalarından olan müsəlmanlardan ibarət muzdlu "Turan" batalyonu yaradılıb. Qeyd olunur ki, Suriyada Rusiya bazaları genişlənir, Kremlin adından Bəşər Əsəd üçün döyüşən özəl hərbi şirkətlərin sayı artır. Belə vəziyyətdə ABŞ da əsasən kürdlər vasitəsilə özünə yaxın olan döyüş dəstələri yaradır. İndi həm Rusiya, həm də ABŞ yaxın saydıqları dəstələri yeni silahlarla təchiz edir və onların üz-üzə gəlməsi an məsələsi sayılır. Həmin dəstələrin ardınca isə ABŞ və Rusiyanın özünün Suriyada toqquşması tamamilə gözlənilən sayılır.
Tahir TAĞIYEV