OPEK -in bir neçə ölkəsi ilə Qətər arasındakı böhran qısamüddətli perspektivdə təşkilatın neft bazarının balanslaşdırılması üzrə səylərinə xələl gətirə bilər. Bunu Trend-ə “Mediterranean Energy Political Risk Consultancy” şirkətinin siyasi risklər və energetika məsələləri üzrə məsləhətçisi Siril Viddershoven deyib.
O qeyd edib ki, indiki bazar şərtlərində OPEK daxilindəki qeyri-stabillik cox ciddi qəbul olunmalıdır. “Silahlı eskalasiyaya gətirib çıxara biləcək istənilən gərginlik Qətərin İranla yaxınlaşmasına səbəb ola bilər. Bu isə müəyyən dövlətlər tərəfindən müsbət qəbul olunmur”.
Böyük Britaniyanın “Capital Economics” konsaltinq şirkətinin iqtisadçısı Tomas Pyu deyib ki, Qətər ətrafında diplomatik gərginlik neft qiymətlərinə böyük təsir göstərməyəcək. Onun sözlərinə görə, Qətər iri neft istehsalçılarından deyil. Qətər sutkada 0,6 milyon barrel neft istehsal edir. “Amma ölkə dünyada ən iri mayeləşdirilmiş təbii qaz ixracatçısıdır. Ona görə, bu gərginlik qaz bazarına təsir göstərə bilər. Əgər Fars körfəzinin digər ölkələri Qətər tankerlərinin körfəzdən çıxışının qarşısını alsalar, Qətərdən qaz tədarükü dayandırıla bilər”.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər.
Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya və Maldiv də qoşulub.