Azərbaycan-ABŞ əlaqələrində yeni səhifənin açılması üçün böyük imkan var. Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi - şöbə müdiri Novruz Məmmədov "Azərbaycan-Gürcüstan-Türkiyə üçtərəfli əlaqələri: Gələcəyə baxış" mövzusunda keçirilən beynəlxalq konsfransda çıxışı zamanı deyib.
N.Məmmədov qeyd edib: "Beynəlxalq aləmdə böyük gərginliyin olmasına baxmayaraq, Azərbaycan-ABŞ münasibətlərində yeni səhifənin açılması üçün böyük imkan var. Buna ən mühüm sübutlardan biri kimi Donald Trampın Azərbaycan Prezidentinə son iki həftədə iki məktubunu göstərmək olar. Bu məktublarda münasibətlərdə yeni səhifənin açılması üçün nə qədər imkanların olduğu görünür".
PA rəsmisi bir müddət əvvəl Ər-Riyad şəhərində Ərəb-İslam-Amerika zirvə toplantısının keçirildiyini xatırladaraq ABŞ Prezidentinin sammitdəki nitqinə toxunub: "Donald Tramp çıxışında bundan sonra ABŞ-ın dünya ölkələri ilə əməkdaşlıq prinsiplərini ortaya qoydu. Biz bu prinsipləri bəyənirik, neçə illərdir bəyan edirik ki, münasibətlərdə bu prinsiplər əsas götürülməlidir. Bu prinsiplərə əməl edilsəydi, bugünkü gərginlik də olmazdı, ölkələr arasında dostluq, əməkdaşlıq, tərəfdaşlıq əlaqələri daha uğurla davam edərdi. Düşünürəm ki, belə bir perspektiv var, biz bu perspektivlərlə bağlı lazımı addımlar atırıq".
“Ermənistanın ərazi iddiaları bu ölkəni əməkdaşlıq imkanından məhrum edir” deyən N.Məmmədov bildirib ki, sabitlik, təhlükəsizlik və davamlı inkişaf Cənubi Qafqaz regionuna daha çox lazımdır: "Üçtərəfli əməkdaşlıq eyni regionda yerləşən ölkələr üçün çox vacibdir. Ermənistanın ortaya qoyduğu ərazi iddiaları, geosiyasi iddialar bu ölkəni əməkdaşlıq imkanından məhrum edir. Dünyada bəzi məsələlərlə bağlı bəzi ölkələrə qarşı sanksiyalar tətbiq olunur, amma nə üçünsə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində ədalətli mövqenin ortaya qoyulması çətin olur".
Prezidentin köməkçisi əlavə edib ki, dünyanın indiki vəziyyətə gəlməsinə səbəb Varşava müqaviləsindən sonra özünü lider hesab edən tərəflərin ədalət prinsipini qoruyub saxlaya bilməməsidir: "Beynəlxalq münasibətlərdə ədalət yoxdursa, başqa dəyərlərdən danışmaq normal görünmür”.
N.Məmmədov deyuib ki, Azərbaycan beynəlxalq aləmdə öz mövqeyindədir. N.Məmmədov qeyd edib ki, Azərbaycan-Gürcüstan-Türkiyə əməkdaşlıq formatı öz töhfəsini verir: "Bakı-Tbilisi-Ərzurum, Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Qars layihələri bu əməkdaşlığa misaldır. Əməkdaşlığın böyük perspektivləri var və bunu davam etdirmək lazımdır. Azərbaycan-Rusiya-İran arasında 2 il əvvəl yaradılmış Cənub-Şimal dəhlizi ilə bağlı əməkdaşlıq formatının da böyük gələcəyi var. Milli, iqtisadi, siyasi maraqlar üst-üstə düşdüyü üçün bu formatlar səmərəli olur. Azərbaycan beynəlxalq aləmdə öz mövqeyindədir".
Prezidentin köməkçisi bildirib ki, Türkiyənin NATO üzvü olması, Gürcüstanın isə Avropa İttifaqı ilə assosiativ saziş imzalaması bu əməkdaşlığı inkişaf etdirməyə mane olmur, əksinə, regionda təhlükəsizliyə, sabitliyə, davamlı inkişafa öz töhfəsini verir və digər ölkələrə qarşı deyil.