Tarixi şəxsiyyət Hannibal Barka e.ə. 247-ci ildə atası Siciliyada romalılarla döyüşdə ikən Karfagendə anadan olub. Birinci Pun müharibəsini uduzan atası onu İspaniyaya aparıb. Fəqət inadcıl sərkərdə Hamilkar Barka bu məğlubiyyətlə razılaşmırdı, yenidən İberiyaya qarşı hərbi səfərə hazırlaşırdı. Bu vaxt 9 yaşında olan Hannibal atasından onu da özü ilə aparmasını istəyib. Atası da ona: "And iç ki, bütün həyatın boyu Karfagenin əbədi düşməni olan Romaya qarşı mübarizə aparacaqsan", - deyərək bu istəyini oğlundan tələb edib. Hannibal and içib və bütün həyatı boyu andına sadiq qalıb. Çox gənc yaşda ikən yüksək hərbi rütbəyə sahib olan Hannibal Barka e.ə. 221-ci ildə Karfagen ordusunun başına keçib.
Hannibal Barka ordunun başına keçdikdən sonra İspaniyada fəthlər edərək Romaya bağlı Saqunt şəhərini ələ keçirib, 100 min əsgərlə meydana gələn böyük bir ordu ilə Alp dağlarını aşaraq Şimali İtaliya ərazisinə girib, burada da mühüm qələbələr qazanaraq Roma torpaqlarında 14 il qalıb. Yəni içdiyi andına sadiq qalıb.
Hannibal uşaqlıqdan hərbi düşərgələrdə əsgər həyatı yaşayıb, gənc yaşlarından döyüşlərdə iştirak etməyə başlayıb. O, əlbəyaxa döyüşlərə hamıdan əvvəl atılsa da, ehtiyatlı olmağı da unutmurdu. Hannibal səfər həyatının bütün çətinliklərini öz əsgərləri ilə bölüşər, onlara öz dostları kimi müraciət edər, eyni zamanda əmrlərinin onlar tərəfindən dəqiq və vaxtında yerinə yetirilməsinə nail olardı. Böyük və kiçik döyüşlərə komandanlıq etdiyi vaxt əsgərlərini ərazinin xüsusiyyətlərini nəzərə alaraq yerləşdirərdi. Hər bir döyüş zamanı o, düşmənin gözləmədiyi halda hərbi taktika tətbiq edərdi. Onda fitri sərkərdəlik məharəti, hərbi uzaqgörənlik vardı.
Atası Barka təxminən 19 il İberiyada istilaçı müharibələr aparıb, buradakı gümüş mədənlərini ələ keçirib. Romalılar düşmənlərinin həddindən artıq gücləndiyini görərək Karfagen ordusunun İberiyanın şərqində yerləşən İber çayından o tərəfə keçməməsini tələb ediblər. Karfagenin senatı Roma ilə yeni müharibədən çəkinərək bu tələblə razılaşıb. Tezliklə Hamilkar Barka yerli qəbilələrlə döyüşdə həlak olub. Əsgərlər gənc Hannibalı özlərinə sərkərdə seçiblər.
Atası vəfat etdikdən sonra hakimiyyətə gələn əmisi Hacdrubal, romalılarla sülh tərəfdarı kimi saziş bağlayaraq İspaniyadakı Sagunt şəhərini iki dövlət arasında sərhəd qəbul etməsinə baxmayaraq, öldürülür. Bu hadisədən sonra hakimiyyətə gələn Hannibal əvvəl Sagunt şəhəri ətrafındakı qəbilə və tayfaları fəth edir.
E.ə. 217-ci ildə Hannibal Etruriyadan keçməklə Mərkəzi İtaliya üzərinə hərəkət etmək qərarına gəlir. Qabaqcadan kəşfiyyat işləri apardıqdan sonra, rahat yolla deyil, bataqlıqdan keçərək Qay Flaminin başçılıq etdiyi Roma ordusuna arxadan zərbə endirməyi qərara alır. Onun ordusu bataqlıq və gölməçələrlə dolu yolla hərəkət edərək Roma qüvvələrinin arxasına keçib. Burada o pusqu qurub, sonra hücuma keçərək düşmənin ordusunu darmadağın edib.
Bu qələbədən sonra Hannibal Roma üzərinə getmədən Romaya tabe olan tayfalardan ibarət koalisiya yaratmağa başlayır. Tsenomanlardan başqa Şimali İtaliyanın bütün tayfaları Roma əleyhinə mübarizəyə qalxır, Hannibal Umbriyadan keçməklə Adriatik dənizi sahillərindən Apuliyaya çıxdı. O, mərkəzi və Cənubi İtaliyada Roma-italyan ittifaqını dağıtmaq istəyirdi. Hannibalın iki illik hərbi əməliyyatlarının nəticələri haqqında Karfagenə göndərdiyi rəsmi məlumatlardan sonra senat ona İtaliya və İspaniyada döyüşməsi üçün kömək göndərməyi qərara alır.
Hannibal e.ə. 217-216-cı illərin qışını Apuliyada Xeroneya yaxınlığındakı düşərgədə keçirir. Burada onun ən möhtəşəm döyüşlərindən biri - e.ə. 216-cı ildə Kann döyüşü olur. Bu döyüşdə Hannibal konsullardan Emili Pavelin və Qay Terrenti Varronun başçılıq etdiyi Roma ordusu üzərində parlaq qələbə çalır. Döyüşdə 70 min romalı həlak olur. Hannibalın güclənəcəyindən qorxan Karfagen senatı ona kömək etmir. Hannibal isə əsas ümidini Roma əleyhinə ittifaq yaratmağa bağlamışdı. Buna baxmayaraq, Hannibal Samsiyanı, Kompsanı və Kampaniyanın paytaxtı Kapuyanı ələ almağa nail olur. Fəqət onun Kampaniyanın bütün şəhərlərini özünə tabe etmək cəhdi nəticəsiz qalır. Kapuya başda olmaqla, Cənubi İtaliya və yunan şəhərlərinin antiroma koalisiyasını yaratmaq mümkün olmur. Hannibal yaxşı başa düşürdü ki, sərəncamında olan qüvvə ilə Romanı məğlub edə bilməz. Ona görə də Karfagen senatının kömək göndərməsinə ümid bağlamaq lazım gəlirdi. Karfagen ordusunun təchizatı isə pisləşməkdə davam edirdi. Hannibalın qələbələri də öz növbəsində Karfagendə çoxlarını qorxuya salmışdı. Onlar belə hesab edirdilər ki, Hannibal Romanı məğlub etsə, onda hakimiyyəti ələ keçirəcək, aristokratları və varlı tacirləri şəhərin idarəçiliyindən uzaqlaşdıracaq. Bütün bunlar Romaya öz qüvvələrini cəmləşdirərək Hannibala həlledici zərbə vurmağa şərait yaradırdı. Romalılar gənclərin, habelə yoxsulların da daxil olduğu güclü bir ordu yaradır. Onların ilk addımı xəyanət etmiş Kapuyanı cəzalandırmaq olur. Fəqət romalılar ikiqat müdafiə ehkamları inşa edirlər. Roma alınmaz divarlarla əhatə olunduğundan Hannibal hətta hücuma belə cəhd etmir. E.ə. 211-ci ildə Kapuya təslim olur. Romalılar şəhərə qanlı divan tutur.
Növbə Hannibalın digər müttəfiqi olan Sirakuz şəhərinə çatdı. Sirakuzlular bu müharibəyə çox ciddi hazırlaşmışdılar. Görkəmli alim Arximed bu məqsədlə Ling qanununu kəşf etmişdi. Bu qanuna əsaslanaraq o, ağır cisimləri qaldırmaq və ya dartıb aparmaq üçün mürəkkəb bir mexanizm düzəltmişdi.
Roma donanması sərkərdə Marsellanın başçılığı altında dənizdən Sirakuz üzərinə hücum edir. Birinci döyüşdə Arximed həmin mexanizmin köməyilə on adamın güclə qaldırdığı daşları şəhərə yaxınlaşan Roma donanmasının başına yağdırır və bir neçə gəmini batırır. Marsella öz donanmasını geri çəkməli olur.
Roma sərkərdəsi ikinci dəfə 40-a yaxın gəmi ilə şəhərin qala divarlarına yaxınlaşır. O, ümid edirdi ki, gəmilərin əksəriyyəti Arximedin daşlarından yaxa qurtarıb sahilə yan ala biləcək. Fəqət Arximedin qala divarları üzərinə qoyduğu irili-xırdalı güzgülərdən ibarət altı böyük güzgünü əsgərlər günəş şuasına tutub gəmilərin müəyyən nöqtəsinə yönəldir. Həmin nöqtədə yaranan istilikdən gəmilər od tutub yanır. İşi belə görən Marsella başa düşür ki, Arximed olan yerdə açıq həmlə ilə Sirakusu ala bilməyəcək. O, öz legionerlərinə belə deyir: "Həndəsə ilə döyüşmək mənasızdır".
Bu hadisəni şənliklə qeyd edən əhali sayıqlığını itirir. Bundan istifadə edən Roma ordusu şəhərə soxulur. Adı günümüzədək gələn böyük alim Arximed də əsgər vəhşiliyinin qurbanı olur.
Hannibal Karfagendən kömək almaq ümidini itirdiyi üçün İspaniyanın müdafiəsi məqsədilə qoyub gəldiyi və qardaşı Hasdrubalın komandanlıq etdiyi ordunun İtaliyaya gətirilməsini əmr edir. Hasdrubal Alp dağlarından keçidi təkrar edir. Fəqət onun Hannibala hansı yolla hərəkət edəcəyinə dair yazdığı məktub romalıların əlinə keçir. Romalılar e. ə. 207-ci ildə pusqu qurur və Hasdrubalın ordusunu mühasirəyə alaraq onları tamamilə məhv edirlər.
İllər bir-birini əvəz edirdi. Hannibalın ordusu kiçik döyüşlərdə və toqquşmalarda daha da seyrəlirdi. Romalılar müvəffəqiyyətlə müdafiə olunur, böyük döyüşlərdən qaçır və Hannibala öz hərbi istedadını tətbiq etməyə imkan vermirdilər. Nəhayət, onlar sərkərdə Ssipionun komandanlığı altında Afrikaya ordu göndərirlər. Buna görə də Karfagen senatı Hannibalı təcili olaraq geri çağırır. Görüş zamanı Hannibal: "Mənə romalılar deyil, Karfagen qalib gəldi!"- deyərək kədərlə İtaliyanı tərk edir.
Karfagendən çox da uzaq olmayan Zama adlanan yerdə e.ə. 202-ci ildə həlledici döyüş baş verir. Afrika tayfaları olan numiyadiyalılar Roma sərkərdəsi Ssipionun tərəfinə keçir. Karfagendən asılı olan bu tayfalar onun ordusunun ən yaxşı döyüşçüləri idilər. Hannibal öz ordusunu döyüş illərinin hesabına möhkəmləndirsə də, romalılar xüsusi borular düzəldir. Borulardan çıxan vahiməli səs filləri hürküdür və geri qaçarkən onlar karfagenlilərin qabaq cərgələrini əzirlər. Hannibal ordusunda qayda yaradıb döyüşə başlamaq istədikdə, xəyanət edən nibiyalılar arxadan zərbə endirir. Bu məğlubiyyət Hannibalın birinci və sonuncu məğlubiyyəti idi.
Zama məğlubiyyəti II Pun müharibəsinin taleyini həll edir. Bağlanmış sülh müqaviləsinə əsasən Roma Karfagen donanmasına sahib olur. Romalılar İspaniyaya, Aralıq dənizindəki bütün adalara yiyələnir, çoxlu təzminat alırlar.
Karfagendə hamı yaxşı bilirdi ki, uğursuzluqda Hannibal deyil, senat Hannon və onun tərəfdarları olan varlı tacirlər günahkardır. Ona görə də Hannibalı senatın başçısı seçirlər. Hannibal bu vəzifədə yaxşı çalışır. O, xalqın vəziyyətini yaxşılaşdıran tədbirlər həyata keçirir, vergiləri qaydaya salır, xəzinənin gəlirlərini artırmaq qayğısına qalır. Öz vəzifələrinə ömürlük seçilən varlı oliqarxlar qanunlara tabe olmaq istəmirdi. Fəqət Hannibal xalq yığıncağının köməyi ilə onları vəzifəsindən uzaqlaşdırmağa nail olur. Ölkənin maliyyəsi üzərində nəzarətsiz olaraq sərəncam verən Karfagen aristokratiyası bu gəlirdən məhrum edildiyi üçün Hannibalı onların hüquq və azadlığını pozmaqda təqsirləndirir. Bir müddət sonra Hannibal yenə öz andını yada salaraq Roma ilə müharibəyə hazırlaşmağa başlayır. Fəqət onun əleyhdarları bu barədə Romaya məlumat verir. Roma Karfagendən Hannibalın tutularaq təhvil verilməsini tələb edir. Senatın onu romalılara təhvil verməyə hazır olduğunu hiss edən Hannibal Romanın düşməni olan Suriyaya qaçır. Burada o, Suriya hökmdarı III Antioxun məsləhətçisi olur.
Hannibalın sağ qalması Romanı bərk narahat edirdi. Onlar Hannibalı həmişə güclü yanğına çevrilə biləcək bir od parçasına bənzədirdilər. Hannibal Antioxa məsləhət görür ki, Makedoniya ilə ittifaq bağlayaraq Romaya qarşı vuruşsun. Fəqət hökmdar bu müdrik məsləhətə qulaq asmır və nəticədə e. ə. 190-cı ildə baş verən Maqneziya döyüşündə Suriya ordusu məğlub olur. Hannibal isə Kiçik Asiyada Roma ilə döyüşən Vifiniya dövlətinə sığınır. Onun ordusuna başçılıq edərək bir sıra döyüşlərdə romalılar üzərində qələbələr qazanır. Fəqət romalılar Vifiniyaya Hannibalın verilməsi şərtilə sülh bağlamağı təklif edir. Vifiniya hökmdarı bu təklifi qəbul edir. Hannibalın yaşadığı ev romalılar tərəfindən mühasirəyə alınır. O, düşmənin əlinə keçməmək üçün özünü zəhərləyir. E. ə. 183-cü ildə dünyasını dəyişən Hannibalın son sözü belə olub: "Bir qocanın ölümünü səbrsizliklə gözləyən romalılara çox əziyyət vermək istəmirəm".
Hannibalın bir sərkərdə kimi dahiliyini Roma tarixçiləri və dövlət xadimləri etiraf edib onun cəsarətinə, mətanətinə, igidliyinə və döyüş zamanı sürət və enerjisinə yüksək qiymət veriblər. Çox haqlı olaraq o, İsgəndər və Sezardan sonra dünyanın ən böyük sərkərdələrindən biri hesab olunur.
Ruhu şad olsun!
Fazil QARAOĞLU professor