Vəfa Heydərli: "Təbii ki, belə yanaşma deyilən formatı əhatə edən ölkələr arasında əməkdaşlığı genişləndirir və problemlərin həlli üçün yeni imkanlar açır"
Prezident İlham Əliyev "İslam həmrəyliyinin gücləndirilməsi zamanın çağırışıdır" sərlövhəli məqaləsində İslam dünyasını əhatə edən problemlərdən söz açıb:
"Etiraf etməliyik ki, bu gün İslam aləmi ciddi çağırışlar, öz həllini gözləyən çoxsaylı problemlərlə üz-üzədir. Onların sırasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini, Fələstin və Kəşmir kimi problemləri, Yaxın Şərq dövlətlərində yaranmış qarşıdurmaları, qaçqın böhranını və digər məsələləri qeyd etmək olar. Məlumdur ki, ermənilər son 200 il ərzində Azərbaycanın tarixi torpaqlarını zəbt etmək və həmin ərazilərdə öz dövlətlərini qurmaq planlarını reallaşdırmaq məqsədilə qanlı aksiyalar həyata keçiriblər. İndiki Ermənistan dövləti də məhz Azərbaycanın əzəli torpaqlarında yaradılmışdır. Bu təcavüzkar siyasəti davam etdirən Ermənistan ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan ərazilərinin 20 faizini işğal etmiş, bunun nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmiş, soydaşlarımıza qarşı etnik təmizləmə və soyqırımı həyata keçirilmişdir. 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Azərbaycana qarşı güc tətbiqini və ərazilərinin işğalını qınayan, ölkəmizin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını təsdiq edən dörd qətnamə qəbul etmişdir. Bu kimi sənədlər ATƏT, Avropa Şurası, Avropa İttifaqı, Qoşulmama Hərəkatı və digər nüfuzlu beynəlxalq qurumlar tərəfindən də qəbul olunmuşdur. İƏT Azərbaycanın ərazi bütövlüyü və haqlı mövqeyini dəstəkləyən, Xocalı soyqırımını tanımağa, Ermənistanın işğalçılıq siyasətinə qarşı praktiki addımlar atmağa səsləyən çoxsaylı qətnamələr qəbul etmiş, məsələ təşkilatın Xarici İşlər Nazirləri Şurasında dəfələrlə müzakirə olunmuş, həmçinin, 2016-cı ilin sentyabrında İƏT çərçivəsində Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair Kontakt Qrupu təsis edilmiş və onun ilk iclası keçirilmişdir".
Prezidentin məqaləsində İslam dünyasını əhatə edən problemlərin sistematik şəkildə gündəmə gətirilməsi və onlar ətrafında izahların verilməsi onların həlli üçün hansı perspektivləri aça bilər?
Politoloq Vəfa Heydərli qəzetimizə bildirdi ki, ölkə başçısının məlum məqaləsi çox dolğun və əhatəlidir:
"Məlum olduğu kimi, dünyadakı qaynar nöqtələrin çoxu İslam ölkələrini əhatə edir. Prezidentin məqaləsində onlar barədə məlumat verilir. Elə problemlər var ki, sırf dini zəmində baş verir. Bəziləri isə ərazi iddiası ilə bağlıdır. Ölkə başçısı problemlərə yanaşmada ortaya bir Azərbaycan modeli qoyub. Azərbaycan sivilizasiyaların dialoqunda hazırda önəmli vasitəçilərdən biri sayılır. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlərin mahiyyəti də bunu tam təsdiq etmiş olur. Bu gün İslam dünyasını əhatə edən problemlər hər bir ölkə başçısını bu şəkildə düşündürsə, onda birgə səylərlə bir çox məsələlərin həllinə nail olmaq mümkündür. Ölkə başçısının məqaləsindən həm də o anlaşılır ki, bizi əhatə edən problemlərlə bağlı haqlı olan tələblərimizin irəli sürülməsində bir-birimizə qarşılıqlı dəstək verməliyik. Təbii ki, belə yanaşma deyilən formatı əhatə edən ölkələr arasında əməkdaşlığı genişləndirir və problemlərin həlli üçün yeni imkanlar açır. İƏT-in qurum olaraq bizi əhatə edən problemə də yanaşması çox obyektiv və ədalətlidir. Biz istərdik ki, ölkələr fərdi şəkildə də belə təşəbbüslərə qoşulsun".
Məhəmmədəli QƏRİBLİ