Xəzər Teyyublu: "İƏT-ə üzv olan elə müsəlman ölkələri var ki, onların prezidenti Ermənistana səfər edəndə gedib qondarma soyqırım abidəsini ziyarət edir"
Prezident İlham Əliyevin İslam Əməkdaşlıq Təşkilatının rəsmi mətbuat orqanı olan "OIC Journal"da dərc edilən məqaləsində İslam ölkələri arasında həmrəylikdən bəhs olunub.
Hətta konkret ölkələrin Azərbaycanın problemlərinə yanaşmada bizə verdiyi dəstək barədə ətraflı məlumat verilib: "Hesab edirəm ki, Ermənistanı açıq-aydın təcavüzkar kimi tanıyan BMT və İƏT-in qətnamələri işğalçı dövlətlə münasibətləri inkişaf etdirmək niyyətində olan bütün müsəlman ölkələri üçün əsas mesaj olmalıdır. Çünki Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanın dini-mədəni sərvətlərinə qarşı deyil, həm də ümumilikdə islamın tarixi-mədəni irsinə qarşı olan hücumdur. Ermənistanın işğal etdiyi ərazilərdə islam mədəniyyətinə aid yüzlərlə abidə, məscid, ibadətgah, qəbiristanlıq və s. dağıdılmış, bütün bunlar ATƏT-in faktaraşdırıcı missiyaları tərəfindən təsdiq olunmuşdur. Onu da bildirmək istərdim ki, Pakistan və Səudiyyə Ərəbistanı Ermənistanı Azərbaycan torpaqlarını işğal etdiyinə görə rəsmən tanımaqdan imtina etmiş, Türkiyə isə bu ölkə ilə heç bir əlaqə qurmamışdır. Hazırda 5 müsəlman dövləti Xocalı soyqırımını rəsmən tanımışdır. Biz bütün bunları qardaş münasibəti və real dəstəyin nümunəsi hesab edirik.
Azərbaycan İslam dünyasında mövcud münaqişələrin həllinə öz töhfəsini əsirgəmir, problemlərin ədalətli həlli ilə bağlı müzakirələrdə birmənalı olaraq beynəlxalq hüququ müdafiə edir və öz prinsipial mövqeyini həmişə qoruyub saxlayır. Ölkəmiz 2013-cü ildə "Qüds şəhərinin inkişafına dair strateji planın maliyyələşdirilməsi üçün donor konfransı"na, eləcə də "Fələstin dövlətinin dəstəklənməsi üçün İslam maliyyə təhlükəsizlik şəbəkəsinin yaradılması" adlı konfransa ev sahibliyi etmiş və bu məqsədlər üçün ciddi məbləğdə ianə ayırmışdır".
Göründüyü kimi, İlham Əliyev hətta BMT-nin Nizamnaməsini əsas gətirərək bəzi İslam ölkələrinə doğru yolun ünvanını göstərir. Belə çağırışın nədən meydana çıxmasını biz anlayırıq. Çünki heç də bütün İslam ölkələri deyilən istiqamətdə fəaliyyət göstərmir. İƏT-ə daxil olan bütün İslam ölkələrinin hazırkı vəziyyətdə Ermənistana olan münasibətini bitkin saymaq olarmı?
Klassik Xalq Cəbhəsi Partiyasının sədr müavini Xəzər Teyyublu qəzetimizə açıqlamasında bildirdi ki, heç də bütün müsəlman ölkələri Ermənistanla münasibətdə prinsipiallıq nümayiş etdirmir: "Biz bunu dəfələrlə vurğulamışıq ki, əsl müsəlman ölkəsi haqqı-ədaləti müdafiə etməlidir. Dağlıq Qarabağla bağlı münaqişədə biz işğala məruz qalmışıq. Yəni haqqımız tapdanıb. Çox təəssüflər olsun ki, İran kimi teokratik qanunlarla idarə edilən bir ölkə buna məhəl qoymur. Hətta Ermənistan üçün nəfəslik rolunu oynayır. Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının mövqeyini xüsusilə qeyd etmək lazımdır ki, onlar Ermənistanla heç bir əlaqəyə malik deyil. İƏT-ə üzv olan elə müsəlman ölkələri var ki, onların prezidenti Ermənistana səfər edəndə gedib qondarma soyqırım abidəsini ziyarət edir. Vaxtilə Suriyanın da Ermənistanla münasibətləri normal olub. Hazırda başı öz halına qarışıb. Ümumən İƏT-in Azərbaycanla bağlı mövqeyini qənaətbəxş hesab edə bilərik. Ancaq ayrı-ayrı ölkələr siyasətində islam həmrəyliyi nümayiş etdirsə yaxşı olar".
Məhəmmədəli QƏRİBLİ