İşğal edilmiş Azərbaycan ərazilərində ermənilərin qanunsuz fəaliyyəti, eləcə də əcnəbiləri qanunsuz şəkildə bura cəlb etmək cəhdlərinə qarşı rəsmi Bakı tərəfindən həyata keçirilən tədbirlər öz müsbət nəticələrini verir. Elə bundan irəli gəlir ki, zəbt olunmuş torpaqlarımıza Bakının icazəsi olmadan gedənlərin sayı azalır, burada qanunsuz fəaliyyət göstərən xarici şirkətlər ermənilərlə iş birliklərinə son verir. Aydındır ki, belə vəziyyət Ermənistanın Qarabağ siyasətinin iflasa uğramasının da daha bir göstəricisidir.
Azərbaycanın bu istiqamətdə apardığı işlərin nəticəsi olaraq isə erməni tərəfinin yalanlarına uyub Dağlıq Qarabağa gedənlərin sayının azalması həm də Ermənistanın işğal siyasətinin beynəlxalq miqyasda faş olunması baxımından mühüm əhəmiyyət kəsb edir.
Xatırlatmaq yerinə düşər ki, hələ cari ilin fevralında işğal edilmiş ərazilərinə qanunsuz səfərlər edən, burada qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyi"ni dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edən, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan bloqqer Aleksandr Lapşinin ölkəmizə ekstradisiya edilməsindən sonra həm erməni tərəfi ciddi qorxuya düşmüş, həm də İrəvanın, erməni lobbisinin dəvətilə Qarabağ səfər etmək istəyənlər bu qərarlarını bir daha gözdən keçirməyə məcbur olmuşdular. Çünki belə vəziyyətdə əcnəbilər Lapşinin taleyini yaşaya biləcəklərini indi praktiki olaraq görürdülər. Yenə də xatırladaq ki, bir neçə dövlətin vətəndaşlığını daşıyan Lapşin rəsmi Bakının icazəsi olmadan dəfələrlə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfər edib. O, bununla bağlı hələ 2011-ci ildə Azərbaycan Xarici İşlər Nazirliyinin "qara siyahı"sına düşüb. Hazırda etdiyi əməllərin də cəzasını çəkir. İndi onun taleyindən ibrət götürən, erməni lobbisi ilə müəyyən dərəcədə bağlı olan şəxslərin böyük əksəriyyəti zəbt olunmuş Azərbaycan ərazilərinə getməkdən imtina edir.
Daha bir vacib məsələ odur ki, yenə Azərbaycanın diplomatik gedişləri nəticəsində işğal altındakı ərazilərə qanunsuz səfərlər edənlərin bir çoxu artıq səhvini anlayıb, ermənilərlə işbirlyindən imtina edir. Eyni zamanda belə şəxslərin əksəriyyəti Azərbaycanın "qara siyahısı"na düşmək istəmdiklərini də açıq bildirir və bu xüsusda ölkəmizdə hər cür əməkdaşlığa hazır olduqlarını bəyan edirlər. Buna əyani misal kimi Argentina və Latın Amerikası regionunun KİV-də yazılarla çıxış edən ispan jurnalist Rikardo Markina Montanyananı göstərmək olar. Elə bu günlərdə o, Argentinadakı səfirliyimizə məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"ndan çıxarılmasını xahiş edib. Məktubunda Montanyana Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini bildirib. O, həmçinin işğal edilmiş ərazilərimizdən hazırladığı reportajda da o ərazilərin Azərbaycana aid olduğunu vurğuladığını qeyd edib. Səfərlə əlaqədar təəssüfünü ifadə edən Montanyana Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib və işğal olunmuş ərazilərə qanunsuz səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini qeyd edib. Montanyanın müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının "Arzuolunmaz şəxslər siyahısı"ndan çıxarılmasına dair qərar qəbul edilib. Ümumiyyətlə, son illərdə bu xüsusda qeydə alınan halların sayının artması müşahidə olunur. Belə ki, əvvəllər Azərbaycanın icazəsi olmadan zəbt olunmuş torpaqlara səfərlər edənlərin bir çoxu yanlış mövqedə olduqlarını bildirərək Azərbaycandan bağışlanmalarını xahiş edirlər. Xüsusən də ötən il ərzində bu xüsusda çoxsaylı müraciətlər qeydə alınıb. Məsələn, ötən ilin sonunda Litva Respublikasının vətəndaşı, Litvanın Jurnalistlər İttifaqının sədr müavini, "Alkas" internet portalının redaktoru Audrys Antanaitis ölkəmizin Litvadakı Səfirliyinə məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"ndan çıxarılmasını xahiş edib. Məktubunda A.Antanaitis operator Arunas Sartanaviçyusla birlikdə Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilərəkdən qanunsuz səfər etdiyini və səfər barədə Azərbaycan tərəfini öncədən məlumatlandırmadığını etiraf edərək, səfərlə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istədiyini bildirib.
İşğal olunmuş ərazilərimizə dair hazırladıqları reportajların birtərəfli olması ilə əlaqədar təəssüfünü bildirən A.Antanaitis ölkəmiz və münaqişə haqqında daha doğru və obyektiv məlumatların Litva ictimaiyyətinə çatdırılması məqsədilə Azərbaycana səfər etmək niyyətini ifadə edib. Antanaitisin müraciəti müvafiq qaydada nəzərdən keçirilib və onun adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib. Eləcə də "National Geographic" jurnalının əməkdaşı, ABŞ vətəndaşı Paul Salopek Azərbaycan hökumətinə məktubla müraciət edərək, adının "Arzuolunmaz şəxslər siyahısı"ndan çıxarılmasını xahiş edib. Məktubunda P.Salopek Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə və qanunlarına hörmət etdiyini və Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini qeyd edib. O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə hörmətsizlik mənası daşıya bilməyəcəyini vurğulayıb. Səfərlə əlaqədar təəssüfünü ifadə edən Paul Salopek Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinə səfərin heç bir halda Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin təşviqinə xidmət etmədiyini bildirib. İşğal olunmuş ərazilərə qanunsuz səfərilə əlaqədar Azərbaycan hökuməti və xalqından üzr istəyən Paul Salopek gələcəkdə işğal olunmuş ərazilərimizə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib.
Mediadan kənar sahələrin təmsilçiləri də bu gün Azərbaycanın icazəsi olmadan Qarabağa səfərin onlar üçün müsbət heç nə vəd etmədyini yaxşı anlayır. Bunu Bolqarıstan vətəndaşı, "Besttechnia TM-Rodimo PAD" şirkətinin əməkdaşı və səyahətçi Valentin Dreharskinin timsalında aydın görmək olar. Bu şəxs də məktubla müraciət edərək, adının "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"ndan çıxarılmasını xahiş edib. Dreharski Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyinə, qanunlarına hörmət etdiyini, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan ərazilərinə bilmədən və səfərin fəsadlarından əvvəlcədən məlumatlı olmadan səfər etdiyini qeyd edib. O, bu səfərin Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə qarşı yönəlmədiyini vurğulayıb. Dreharski də gələcəkdə işğal olunmuş ərazilərə bu kimi səfərlərdən çəkinəcəyinə dair zəmanət verib. Onun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib. Xatırladaq ki, daha əvvəl rusiyalı musiqiçilər Timur Temirov və Soso Pavliaşvili də Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək, Azərbaycan Respublikası ərazisinə giriş qadağasının ləğv olunmasını xahiş ediblər. Məktublarında onlar Azərbaycan xalqına, onun mədəniyyəti və musiqisinə böyük hörmət və ehtiram bəslədiklərini, ölkəmizin qonaqpərvərlik ənənələrini yüksək qiymətləndirdiklərini vurğulayaraq, Azərbaycana səfər etmək və tezliklə Bakıda konsert proqramları ilə çıxış etmək arzusunda olduqlarını bildiriblər. Timur Temirov və Soso Pavliaşvilinin müraciətləri müvafiq qaydada nəzərdən keçirilib və Azərbaycan ərazisinə daxil olmaq üçün onlara icazə verilib.
Ümumiyyətlə, bu qəbildən olan misalların sayını yetrincə artırmaq mümkündür. Konkret şəxslərlə yanaşı, müxtəlif şirkətlərin də işğal altındakı ərazilərdə qanunsuz fəaliyyətinin qarşısı alınır. Bu xüsusda konkret nümunə kimi xatırladaq ki, elə bu günlərdə İqtisadiyyat Nazirliyi mərkəzi ofisi Böyük Britaniyanın paytaxtı Londonda yerləşən "Grand Thronton" beynəlxalq şirkətinin törəməsi olan "Grand Thronton Ermənistan"ın Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyəti, biznesin təşviqinə dair müəyyən nəşrlər hazırlaması və həmin şirkətin Ermənistanın Hayastan Fondu ilə əlaqələrinin müəyyən edilməsi ilə bağlı araşdırma aparıb.
Araşdırmalar zamanı "Grand Thronton Ermənistan" şirkətinin Azərbaycanın işğal olunmuş ərazilərində bu ölkənin Hayastan Fondunun həyata keçirdiyi layihələrinin əsas hissəsinin 2015-ci il üzrə auditini aparması barədə məlumatlar əldə edilib. Bununla əlaqədar "Grand Thronton İnternational Ltd" şirkətinin Azərbaycan üzrə nümayəndəsi nazirliyə dəvət edilərək "Grand Thronton Ermənistan" və "Grand Thronton Fransa" şirkətlərinin Ermənistanın Hayastan Fondu ilə əlaqələri, Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz iqtisadi və digər fəaliyyətin qadağan olunması, bu cür fəaliyyətin beynəlxalq hüquqa və Azərbaycan qanunvericiliyinə zidd olması, Hayastan Fondunun Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz fəaliyyəti barədə məlumatlar təqdim edilib və məsələnin araşdırılaraq məlumat verilməsi diqqətə çatdırılıb. Şirkətin mərkəzi ofisindən "Grand Thronton Ermənistan"a ünvanlanmış məktubla Azərbaycanın işğal edilmiş ərazilərində qanunsuz fəaliyyətin yolverilməz olduğu və bununla bağlı Azərbaycan tərəfinin sərt reaksiyası Ermənistan şirkətinə çatdırılıb, bütün üzv şirkətlərin məcburi xarakter daşıyan tələblərə əməl etməli olduqlarına, əks halda şəbəkədən çıxarılacaqlarına dair xəbərdarlıq edilib. Bununla qurumun zəbt olunmuş torpaqlarda qanunsuz fəaliyyətinin qarşısı alınıb. Bütün bu nümunələr Azərbaycanın daha bir istiqamətdə Ermənistanın fəaliyyətini iflasa uğratdığını göstərir. Aydındır ki, bu gedişlə zəbt olunmuş ərazilərimizə hansısa əcnəbi və şirkət gəlməyəcək.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.