Fevral ayından bəri Ukrayna böhranında dünyaya meydan oxuyaraq ilk əvvəl Krımı özünə birləşdirən, ardından da Ukraynanın şərqində "Rus Baharı" adı altında Donetsk və Luqansk bölgələrində hökumətə qarşı çıxan separatçıların silahlı üsyanını dəstəkləyən Rusiya ABŞ və Avropa Birliyinin ardından, daha bir zərbəni Haaqa Məhkəməsindən alıb. Belə ki YUKOS səhmdarlarının iddiası üzrə qərarı açıqlayan Haaqa Arbitraj Məhkəməsi Rusiyaya 50 milyard dollar pul cəzası kəsib.
Rusiyaya 50 milyard dollar sürpriz cəza zərbəsi keçmiş YUKOS neft şirkəti səhmdarları «Group Menatep Limited» (GML) tərəfindən Haaqa Arbitraj Məhkəməsinə şikayəti əsasında vurulub. YUKOS neft şirkətinin başçısı Mixail Xodorkovskinin həbs olunmasından iki il sonra səhmdar şəriklər Leonid Nevzlin və Vladimir Dubov 2005-ci ildə məhkəməyə müraciət edib.
«Kommersant» qəzetinin yazdığına görə, Rusiya davranışları üzündən səhmdarları ziyana saldığı üçün 50 milyard dollar təzminat ödəməyə məhkum edilib. Rusiyanı milyardlarla dollar ödəməyə məhkum edən qərarda bildirilir ki, hökumət Avropa Enerji Xartiyasını pozub və YUKOS-un aktivlərini qəyri-qanuni şəkildə mənimsəyib.
Moskvadakı biznes və siyasi çevrələr isə Haaqa Məhkəməsinin 50 milyard dollarlıq təzminat qərarının Putinin taxtını silkələyəcək bir qərar olduğunu deyirlər.
«Kommersant» qəzeti Moskvada şok effekti yaradan qalmaqallı qərarın kritik nöqtələrinin olduğunu da xatırladır. Belə ki, Avropa Enerji Xartiyasını imzalayan Rusiya bu müqaviləni parlamentdən hələki keçirməyib, təsdiqləməyib. Rusiya buna görə cəzanı qəbul etməsə belə dövlətin xaricdəki aktivlərinə əl qoyula bilər. Bu səbəblə Rusiyanın çıxarılan qərara etiraz edərək məhkəməyə müraciət edəcəyi təxmin edilir.
Rusiya xarici işlər naziri Sergey Lavrov da Rusiyanın bütün hüquq yollardan istifadə edərək qərara etiraz edəcəyini açıqlayıb: "Haaqa Arbitraj Məhkəməsinin qərarıni rəsmi olaraq açıqlamasını gözləyirik. Bundan sonra əlbəttə Rusiya Federasiyasında əlaqədar təşkilat və qurumlar qərara etiraz edəcək. Haqqlarımızı hüquq yollarla müdafiə edəcəyik".