Vüqar Qədirov: "Sarkisyanın Azərbaycan ərazilərinə növbəti dəfə qanunsuz səfər etməsini də cavabsız qoymaq olmaz"
Ermənistan prezidenti Serj Sarkisyan Şuşa şəhərinin işğalı günündə Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ regionuna səfər edib. O, mayın 8-9-da keçirilən tədbirlərə qatılıb, hətta həmin tədbirlərdə sərsəm bəyanatlar səsləndirib. Ermənistan prezidenti Şuşanın işğalı tarixini özləri üçün qürur mənbəyi adlandırıb.
Çox maraqlı mənzərə ortaya çıxır. Azərbaycan torpaqların işğaldan azad olunmasını tələb edir. Ermənistan da həmin danışıqlarda iştirak edir. Dünyanın əksər nüfuzlu ölkələri isə bu məsələdə vasitəçilik edirsə, onda Sarkisyanın bu həyasız açıqlamalarını necə qəbul etmək olar? Belə açıqlamaların özü Ermənistan prezidentinin işğal faktorundan əl çəkməyəcəyinə və qeyri-konstruktiv mövqedə qalacağına əyani sübut sayıla bilərmi?
Qaçqın və Məcburi Köçkün Gənclər Birliyinin sədri Vüqar Qədirov qəzetimizə bildirdi ki, Azərbaycanın Şuşa şəhərinin ermənilər tərəfindən işğal olunmasından 25 il ötdü: "Azərbaycanın bu qədim, zəngin tarixə və mədəniyyətə malik şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən ələ keçirilməsi ilə Dağlıq Qarabağın işğalı başa çatdırılıb. Şuşanın işğalı nəticəsində 480 günahsız vətəndaş qətlə yetirilib, 600 nəfər yaralanıb, 22 min nəfər öz yurdundan didərgin düşüb. Əsir götürülmüş 68 soydaşımızın taleyi barədə bu günə qədər məlumat yoxdur.
İşğal nəticəsində Şuşadakı bir sıra tarixi-mədəniyyət abidələri düşmən tərəfindən talan edilib. S.Sarkisyan Şuşanın işğal günündəki tədbirlərə qatılmaq üçün Qarabağa gəlməklə müharibə tərəfdarı olduğunu nümayiş etdirdi.
Qarabağda baş verən cinayətlərdə aparıcı rol oynamış və oynamaqda davam edən S.Sarkisyanın növbəti dəfə qanunsuz şəkildə işğal altındakı Azərbaycan ərazilərinə gəlməsi bunu bir daha təsdiqlədi.
S.Sarkisyan, əslində, bununla aparılan sülh danışıqlarına əhəmiyyət vermədiyini ortaya qoymuş oldu. Sarkisyanın bu cür hərəkətləri məhz aprelin sonlarında Rusiya paytaxtında XİN başçılarının üçtərəfli təmasından sonra etməsi bir daha sübut edir ki, o, vasitəçilərin səylərinə də əhəmiyyət vermir. Çox qəribədir ki, erməni prezidentin Azərbaycan üçün olduqca həssas məsələ olan Şuşanın zəbt olunması günündə bayram tədbirləri keçirməsi və orada sərsəm bəyanatlar səsləndirməsinə beynəlxalq aləm, o cümlədən ATƏT-in Minsk Qrupunun həmsədrləri heç bir reaksiya verməyib. Sarkisyanın Azərbaycan ərazilərinə növbəti dəfə qanunsuz səfər etməsini də cavabsız qoymaq olmaz".
Məhəmmədəli QƏRİBLİ