Daşdəmir Əliyev: "Biz istərdik ki, onlar həmin dərsdən ciddi nəticə çıxarsın"
Ermənistan ordusunun baş qərargah rəisi Akopyan bildirib ki, aprel müharibəsi onlar üçün sınaq rolunu oynayıb: "4 günlük müharibədən sonra biz ordu quruculuğunda miqyaslı işlər gördük. Bu gün biz həmin işlərin nəticəsi olaraq rahat nəfəs ala bilirik. Aprel hadisələri bizim daha böyük mücadilələrə hazırlaşmağımıza stimul verdi".
Ermənistanın yüksək rütbəli hərbçisinin aprel hadisələrini özləri üçün sınaq adlandırması nə ilə izah oluna bilər?
Hərbi ekspert Daşdəmir Əliyevin sözlərinə görə, aprel hadisələri zamanı Ermənistana yaxşı dərs verildi: "Ermənistan həmin hadisələrin şokundan hələ də ayıla bilmir. Onlara bir daha sübut olundu ki, Azərbaycan heç vaxt işğal faktoru ilə barışan deyil. Hesab edirəm ki, Ermənistan hərbçiləri həmin hadisəni özləri üçün sınaq deyil, dərs kimi yadda saxlamalıdır. Ermənistanın ordu rəhbərləri bu tip açıqlamaları ilə silahlı qüvvələrindəki ruh düşkünlüyünü aradan qaldırmaq istəyirlər. Bilirlər ki, ordularındakı inam sarsılıb. Onlar Azərbaycan Ordusundan daha ciddi ehtiyat etməyə başlayıb. Azərbaycan əsgərləri bir daha sübut etdi ki, 20 il əvvəlkindən daha böyük döyüş əzmindədir və hər an torpaqlarımızı işğaladan azad etməyə qadirdir. Bütün hallarda, bu bizim tariximiz üçün şanlı səhifədir. Ermənistan ordusu apreldə elə dərs alıb ki, belə bəyanatlarla onu düşdüyü acınacaqlı durumdan çıxarmaq mümkün deyil. Bir daha xatırladıram ki, həmin hadisələri sınaq deyil, gözəl dərs saymaq olar. Biz istərdik ki, onlar həmin dərsdən ciddi nəticə çıxarsın. Çünki, əks halda, işğal faktorundan ikiəlli yapışmaları onları daha böyük faciələrə sürükləyir".
Məhəmmədəli QƏRİBLİ