Məhəmməd Əsədullazadə: "Trampın Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməsi, separatizm və işğala qarşı sərt qanun layihələri region üçün presedent olacaq"
ABŞ dünyanın müxtəlif bölgələrində cərəyan edən siyasi və təhlükəsizlik problemləri barədə sadəcə münasibət bildirmir. Eyni zamanda, lazım gələrsə, siyasi və hərbi yollarla müdaxilə də edir. Cənub-Şərqi Asiya coğrafiyasından tutmuş, Yaxın Şərq, Afrika, Latın Amerikası, hətta Avropadakı problemlərin öz istədiyi şəkildə həll olunması üçün müdaxilə edir. Bununla yanaşı, bütün mümkün siyasi və hərbi vasitələrdən maksimum istifadəyə etməyə çalışır. Sözügedən məsələ ilə bağlı bir sıra misallar göstərmək də olar.
ABŞ maqnatı Donald Trampın prezident seçkilərində qələbəsi hamı üçün sürpriz oldu. Təcridçilik meyllərinə baxmayaraq, yeni ABŞ lideri beynəlxalq siyasətin bir sıra açar məsələləri ilə məşğul olmağa məcburdur, o cümlədən Cənubi Qafqazla. Cənubi Qafqazın bütün siyasi və iqtisadi elitasının nəzəri Hillari Klintona dikilmişdi. Onun siyasi proqramı gözlənilən idi. O, Rusiyanın siyasi təsirinin qabağını almağa can atardı. Tramp seçki kampaniyası dönəmində əsas diqqəti daxili məsələlərə yönəldəcəyini bildirsə də, prezident vəzifəsini icra etməyə başlayandan sonra yeritdiyi siyasət bunun heç də belə olmadığını göstərir. ABŞ-ın son vaxtlar Suriya məsələsində sərgilədiyi siyasət bu qənaətə gəlməyə əsas verir. Maraqlıdır, bəs Trampın Cənubi Qafqaz siyasəti hansı formada özünü büruzə verir?
Sözügedən məsələni "Bakı-Xəbər"ə şərh edən politoloq Məhəmməd Əsədullazadə bir sıra məqamlara toxundu: "ABŞ-da respublikaçılar hakimiyyətə gəldikdən sonra Yaxın Şərq, Mərkəzi Asiya və Cənubi Qafqazda, Obama hakimiyyətindən fərqli olaraq, daha çevik siyasət aparmağa başladılar. ABŞ Gürcüstanda "Qızıl gül" inqilabından sonra Saakaşvilini hakimiyyətə gətirməklə, Cənubi Qafqazda strateji prioritetini elan etdi. Bunun davamlı olması üçün Tiflisə siyasi-iqtisadi dəstək verilməyə başlandı. Trampın Gürcüstanın ərazi bütövlüyünü dəstəkləməsi, separatizm və işğala qarşı sərt qanun layihələri region üçün presedent olacaq. Bu qanunların Ermənistana da tətbiq edilməsi isə istənilən vaxt mümkün ola bilər. Rusiya Gürcüstanın ərazisini işğal etməklə qondarma rejim, Ermənistan da Azərbaycanın ərazisini işğal edərək separatçı qurum yaradıb. Bu separatizm və işğal rejimi ABŞ-ın Cənubi Qafqaz siyasətini təhdid edir. Analoji addımlar Ukraynanın separatçı regionlarına da şamil oluna bilər. Gürcüstana verilən dəstək regiona verilən dəstəkdir. ABŞ çalışacaq ki, Azərbaycanla da siyasi əlaqələri möhkəmləndirsin. Ondan sonra Azərbaycana da belə bir dəstək verilə bilər. Regionda separatizm və işğala qarşı ABŞ-ın sərt mövqeyi Rusiyanın aqressiv siyasətinə qarşıdır. ABŞ regionda nə qədər güclənərsə, Azərbaycan da şimaldan gələ bilən təhdidlər qarşısında bir o qədər möhkəmlənə bilər. Qafqaz Rusiya və ABŞ-ın toqquşduğu maraq dairəsidir. Gürcüstana verilən dəstək Azərbaycana da verilsə, Rusiyanın mövqeyi zəifləyə bilər. Yaxın Şərq və Cənubi Qafqaz ABŞ-la Rusiya arasında mübarizə məkanı olur. Azərbaycan bu geosiyasi mübarizədə maksimum çalışmalıdır ki, ərazi bütövlüyünün bərpası məsələsini həll edə bilsin. Hazırda ərazi bütövlüyümüzün təmin edilməsinə nə Rusiya, nə də ABŞ real dəstək verir".
Vidadi ORDAHALLI