Vəfa Heydərli: "Bütün bu faktlar bir daha sübut edir ki, Ermənistanda kriminal qanunlara əsaslanan idarəetmə mövcuddur"
Ermənistanda aprelin 2-nə təyin edilmiş parlament seçkilərinin təbliğat kampaniyası başlayan kimi, çox keçmədən silahlar işə düşüb.
Erməni KİV-nin verdiyi məlumata görə, martın 12-də Armavir vilayətinin Crarat kəndində keçmiş müdafiə naziri Seyran Ohanyanın, keçmiş xarici işlər naziri Vardan Oskanyanın və "İrs" partiyasının lideri Raffi Ovanisyanın daxil olduğu blokda seçicilərlə görüşü zamanı atışma baş verib.
Məlumata görə, blokun seçicilərlə görüşü zamanı kənd administrasiyasının rəhbəri, Ermənistanın polis rəisinin qohumu, hakim Respublika Partiyasının üzvü Samvel Qalstyan Ohanyanın tərəfdarlarını hədələməyə başlayıb və onun tərəfdarlarından biri tapançanı çıxararaq Ohanyanın adamlarına tərəf atəş açıb. Buna cavab olaraq Ohanyanın adamları da havaya atəş açıb və Qalstyanı zərərsizləşdiriblər. Dava düşüb və hər iki tərəfdən xəsarət alanlar var.
Ermənistan İstintaq Komitəsi bildirir ki, martın 12-də axşam saat 18.00 radələrində Crarat kəndində baş vermiş insident zamanı Lernik Yeranosyan və Mikael Baboyan adlı şəxslər ağır bədən xəsarətləri alıb. Onlar xəstəxanaya yerləşdirilib. İnsidentlə bağlı beş nəfər saxlanıb. Saxlananlar ifadə verməkdən imtina edir. Nə baş verdiyi haqda ancaq Yeranosyan danışıb.
Xəbərlərə görə, saxlananlar Ohanyanın blokunun tərəfdarlarıdır. Keçmiş müdafiə naziri özü insidentə münasibət bildirərkən deyib ki, kənd administrasiyasının rəhbəri seçiciləri onların görüşünə buraxmaq istəməyib və hədələyib. Bu zaman onun tərəfdarları ilə hakim partiyanın adamları arasında dava düşüb. Ohanyanın bildirdiyinə görə, dava zamanı Qalstyanın adamlarından biri silah işlədib.
"Lakin mənim tərəfdarlarımın peşəkarlığı sayəsində onu tərksilah etmək mümkün olub, silah polisə təhvil verilib" -Ohanyan deyib. Keçmiş müdafiə naziri bildirib ki, hakimiyyət bu insidentə görə ancaq bir tərəfi yox, bütün iştirakçıları həbs etməli idi. Ohanyan kənddə atışmanın olduğunu təsdiqləsə də, bütün qalan sualları hüquq-mühafizə orqanlarına ünvanlamağı məsləhət görüb.
Davada iştirak edənlərdən və Ohanyanın adamları tərfindən döyülənlərdən biri Lernik Yeranosyan Ermənistan polis rəisinin müavini Levan Yeranosyanın qardaşıdır, o, ağır kəllə-beyin travması alıb.
Bütün bu faktlar Ermənistanda seçkilərin antidemokratik şəraitdə keçəcəyinə işarə ola bilərmi? Belə faktlara beynəlxalq təşkilatlar niyə göz yumur?
Ekspert Vəfa Heydərli qəzetimizə açıqlamasında bildirdi ki, bütün bunlar Ermənistanı növbəti "qanlı 2 aprel"in gözlədiyindən xəbər verə bilər: "Bundan əvvəl də seçki tədbirləri zamanı hakim partiyanın tərəfdarları ilə müxalifətçilər arasında bir neçə silahlı insident baş verib. Ötən prezident seçkiləri zamanı da Ermənistanda prezidentliyə namizədə qarşı silahlı basqın edilmişdi. Maraqlıdır ki, beynəlxalq qurumlar həmin faktların üstündən sükutla keçdi. Müqayisə aparanda görürük ki, tamamilə demokratik şəraitdə keçirdiyimiz seçkilər Ermənistandan daha çox tənqidə tuş gəldi. Ermənistan siyasətində daim silahlar danışıb. Parlamentin gülləbaran edilməsindən tutumuş, vətəndaşların girov götürülməsinə kimi hadisələrin şahidi olmuşuq. Təəssüflər olsun ki, bu məsələdə də ikili standartların şahidi oluruq. Bütün bu faktlar bir daha sübut edir ki, Ermənistanda kriminal qanunlara əsaslanan idarəetmə mövcuddur. Artıq bu hərəkətlər seçkinin nə dərəcədə "şəffaf" olacağını bəlli etdi".
Məhəmmədəli QƏRİBLİ