Üzeyir Cəfərov: "Hərbi bazanın funksiyasının genişləndirilməsilə bağlı yayılan məlumatlar da spekulyativ xarakter daşıyır"
Ermənistan KİV-nin verdiyi məlumata görə, prezident Sarkisyanı Moskva səfərində müdafiə naziri Vigen Sarkisyan da müşayiət edir. Bildirilir ki, bu tərkibdə səfərin edilməsində məqsəd tərəflər arasında Rusiyanın Gümrüdə olan hərbi bazasının funksiyasının genişləndirilməsinə dair sazişin imzalanması olacaq.
Tərəflərin bu istəyini necə dəyərləndirmək olar?
Hərbi ekspert Üzeyir Cəfərovun fikrincə, son vaxtlar Ermənistan-Rusiya siyasətinə xidmət edən bəzi erməni-rus politoloqları, siyasətçiləri və ekspertləri sanki bir ağızdan hərə bir fikir səsləndirir: "Ən maraqlısı da odur ki, onlar sanki bir mərkəzdən idarə olunur və söylədikləri də sırf öz ölkələrinin maraqlarına hesablanmış açıqlamalardır. Həm də qarşıdan çox çətin aprel ayı yaxınlaşır və indi onlar çalışır ki, həm Ermənistan parlamentinə keçiriləcək seçkilərlə əlaqədar, həm də ermənilər üçün böyük rüsvayçılıqla yadda qalacaq 2016-cı ilin məlum aprel savaşında yaşadıqlarından sonra cəmiyyətdə gərginliyi bir qədər azaltsınlar.
Hamı görür ki, Ermənistanda vəziyyət nə qədər çətin və mürəkkəbdir. Daxili didişmələr, Qarabağla bağlı Azərbaycanın göstərdiyi təpki və bir sıra irili-xırdalı problemlər bədnam qonşularımızda hər an vəziyyəti nəzarətdən çıxara bilər. Rusiya üçün Cənubi Qafqaz çox böyük önəm daşıyır. Onlar həm tərəflərə çoxsaylı silah və texnika satır, həm də onları istədikləri şəkildə özündən asılı vəziyyətdə saxlamağı bacarır.
Rusiya Ermənistanı həm siyasi-iqtisadi, həm də hərbi sahədə necə istəyir elə də idarə edir. Bu ölkədən çox sərbəst şəkildə regiondakı vəziyyəti gərginləşdirmək üçün də istifadə edir. Bu bir gerçəkdir. Mənə elə gəlir ki, hərbi bazanın funksiyasının genişləndirilməsilə bağlı yayılan məlumatlar da spekulyativ xarakter daşıyır. Çünki həmin baza o məkan üçün tam yetərli sayıla bilər".
Məhəmmədəli QƏRİBLİ