Cəbhədə müxtəlif zamanlarda təxribatlar törədən erməni tərəfinin bu zaman istifadə etdiyi əsas vasitələrdən biri də pilotsuz uçuş aparatlarıdır. Elə bunun nəticəsidir ki, düşmən hərbi texnikası sırasında ordumuz tərəfindən ən çox vurulan da həmin pilotsuz uçuş cihazları olur.
Elə bir neçə gün əvvəl də cəbhənin Ağdam istiqamətində silahlı qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistana məxsus "X-55" taktiki pilotsuz uçuş aparatı (PUA) Hərbi Hava Qüvvələrimizin Hava Hücumundan Müdafiə bölmələri tərəfindən vaxtında aşkar olunaraq atəşlə məhv edilib. Ümumiyyətlə isə, il ərzində Ermənistanın, demək olar ki, onlarla PUA-sı ordumuz tərəfindən məhv edilir.
Azərbaycanın malik olduğu hərbi texnika isə ermənilərin PUA-larının bundan sonra da effektiv şəkildə məhv ediləcəyini deməyə əsas verir. Bunu şərtləndirən əsas səbəblərdən biri Azərbaycanın aldığı yeni hərbi texnikadır. Artıq məlumat verildiyi kimi, Türkiyənin "Harp Arge" şirkəti Azərbaycana kiçik ölçülü dronlarla mübarizə aparmaq üçün "Drone Savar" ("Drone Killer") adlı silah sisteminin satışını həyata keçirib. "Drone Savar" elektromaqnit silah sistemi multikopter tipli pilotsuz uçuş aparatları ilə mübarizə məqsədilə hazırlanıb. Normal tüfəng dizaynına malik silah elektromaqnit şüalanma yaradan antendən və silahın üstünə qurulmuş nişangahdan ibarətdir. Silahın Azərbaycana satışı ilə bağlı "Harp Arge" şirkəti bildirir: "Harp Arge" şirkətinin öz imkanları hesabına yaratdığı antidron silah Azərbaycan Silahlı Qüvvələri tərəfindən test edilib. Bütün sınaqlardan uğurla keçən antidron silah Azərbaycanda istifadəyə qəbul edilib". Qeyd edək ki, bu silah hazırda Türkiyədə polis və ordu tərəfindən terrorla mübarizədə aktiv istifadə edilir. Türkiyə baş nazirinin mühafizəçilərində də olan bu silah hücum məqsədilə istifadə edilə biləcək pilotsuz uçuş aparatlarına qarşı ən təsirli silahdır. Qeyd olunduğu kimi, silah artıq Azərbaycan ordusu tərəfindən uğurla sınaqdan keçirilib.
Ümumiyyətlə, perspektivdə bu sahədə Türkiyə və Azərbaycan arasında əməkdaşlığın daha da dərinləşməsi gözlənir. Hətta Azərbaycanın Türkiyədən "Anka" pilotsuz uçuş aparatının silahlı konfiqurasiyası olan "Anka-S" PUA-sını alması belə istisna olunmur. Qeyd edək ki, "Anka-S" PUA-nın silahlı testləri uğurlu keçirilib. Silah 200 kiloluq faydalı yüklə 24 saat uçuş həyata keçirir. Azərbaycan istəyəcəyi təqdirdə, türk tərəfinin onu tərəddüdsüz ölkəmizə satacağı isə şübhə doğurmur. Türkiydən müasir silah idxalı digər ölkələrə nisbətdə Azərbaycana daha ucuz başa gəlir. Ümumiyyətlə, Azərbaycan aviasiyasının güclənməsində Türkiydən müvafiq hərbi texnika alınmasına daim xüsusi önəm verir. Məsələn, məlumdur ki, Azərbaycan Türkiyənin TAİ şirkəti tərəfindən istehsal edilən "T-129 ATAK" helikopterlərini almağa hələ də böyük maraq göstərir. Türkiyədən 60 "T-129 ATAK" döyüş helikopterlərinin alınmasına dair razılıq əldə edilməsi haqda uzun müddətdir məlumatlar yayılır. Xatırladaq ki, Türkiyə və İtaliyanın ortaq layihəsi olan "T-129 ATAK" hərbi helikopterlərinin sürəti saatda 300 kilometrə çatır, hər cür hava şəraitində, gecə və gündüz uçuş həyata keçirə bilir. Helikopter həm də Türkiyə istehsalı olan kompyuter sistemi ilə təchiz edilib. Helikopterin 42 fərqli avionika və silah sistemi Türkiyə şirkətləri tərəfindən istehsal olunur. Ekspertlər bildirir ki, "T-129 ATAK" döyüş helikopterlərinin alınması Azərbaycan hərb aviasiyasını daha güclü hala gətirəcək. "T-129 ATAK" vertolyotları iki pilotludur. Qanadlarının altında Türkiyənin "Roketsan" şirkətinin istehsalı olan 76 "hava-yer" tipli raket daşıyır. Əlavə yanacaq götürmədən 556 kilometr məsafə uça bilir. Helikopterin silahlanmasına burun hissəsində yerləşdirilmiş 20 millimetrlik avtomatik top da daxildir. Aydındır ki, "T-129 ATAK" helikopterlərinin alınmasına dair sövdələşmə Azərbaycanın Ermənistan üzərində hərbi üstünlüyünü daha da möhkəmləndirəcək. Yuxarıda qeyd olunduğu kimi, Türkiyədən hərbi texnika alınması isə ölkəmizə daha ucuz başa gəlir. Hazırda hərbi təchizatların alınması baxımından Türkiyə şirkətləri Azərbaycanla sıx əməkdaşlıq həyata keçirməkdədir. Hərbi təyinatlı məhsulların istehsalında xüsusi çəkiyə malik olan Türkiyənin ASELSAN şirkəti isə ölkəmizlə bu sahədə əlaqələrini daim genişləndirir. Türkiyənin ROKETSAN şirkəti Azərbaycanın ilk T-300 "Qasırğa" raket sistemini təhvil verib. Qeyd edək ki, Azərbaycan ROKETSAN şirkətindən T-122 "Sakarya" reaktiv atəş sistemləri də alıb. Qarşıdakı dövrdə Türkiyədən yeni hərbi texnikalar alınması istisna olunmur. Elə Türkiyə tərəfi də Azərbaycanla hərbi əməkdaşlığa xüsusi önəm verdiyini açıq bəyan edir. Qarşılıqlı hərbi əməkdaşlıq isə hər iki ölkənin mövqelərini daha güclü hala gətirir.
Tahir TAĞIYEV