Vəfa Heydərli: "Türkiyənin mövqeyində Ermənistan öz adı ilə çağırılır"
Türkiyə fevralın 24-dən 25-ə keçən gecə təmas xəttində Ermənistanın Azərbaycana qarşı ağır silahlarla hücumunu qınayıb və başqa ölkələr üçün örnək sayıla biləcək bir mövqe ortaya qoyub.
Türkiyə XİN-in açıqlamasında şəhidlərə Allahdan rəhmət dilənib, ailələrinə və bütün Azərbaycan xalqına başsağlığı verilib: "Ermənistan dörddəbir əsrdir Azərbaycan torpaqlarının beşdəbirini işğal altında saxlayır. 2016-cı ilin aprel ayında təmas xəttində və Azərbaycan-Ermənistan sərhədinin bəzi hissələrində yaşanan şiddətli qarşıdurmaların təkrar yaşanmaması məqsədilə Ermənistanı atəşkəsə riayət etməyə və işğala son verməyə dəvət edirik.
Dağlıq Qarabağ münaqişəsinin həlli üçün yaradılan ATƏT-in Minsk Qrupunun üzvü olan Türkiyə münaqişənin Azərbaycanın ərazi bütövlüyü və suverenliyi çərçivəsində ədalətli və daimi həllini dəstəkləməyə davam edəcək. Bu çərçivədə Minsk Qrupunun münaqişənin həlli mövzusunda cəhdlərinin daha da sürətləndirilməsinin vacib olduğunu düşünürük".
Konkretlik və başqalarına örnək olmaq baxımından bu açıqlamanı necə dəyərləndirmək olar?
Politoloq Vəfa Heydərli qəzetimizə bildirdi ki, Türkiyənin bu mövqeyi korrektdir və özündə həqiqəti əks etdirir: "Təəssüflər olsun ki, uzun illərdir biz Dağlıq Qarabağ probleminin həlli ilə bağlı daha çox növbətçi bəyanatlara rast gəlirik. Hətta münaqişənin həlli ilə yaxından məşğul olan missiyalar da oxşar bəyanatlarla çıxış edir. Bütün ölkələr həqiqəti bilə-bilə bunu gizlədir və ümumiləşdirici bəyanatlar verir. Son hadisələrlə də bağlı tərəfləri sülhə çağıran bəyanatlara daha çox rast gəldik. Bu nə deməkdir? Niyə həmin ölkələr sual qoymur ki, Ermənistanın Azərbaycan ərazilərində nə işi var? Faktiki olaraq, Ermənistan işğal etdiyi ərazilərdə təxribatlar törədir. Buna da əksər ölkələr paritetliyi qorumaq əsasında bəyanatlar verir. Bu baxımdan Türkiyənin mövqeyini həm ədalətli, həm də başqaları üçün örnəkverici hesab edə bilərik. Türkiyənin mövqeyində Ermənistan öz adı ilə çağırılır. Bəli, əsrin dörddə biridir ki, onlar işğaldan əl çəkmir. Biz bu etirafı cəsarət edib bildirən açıqlamaları görmək istərdik. Problemin yaranma səbəbindən danışmaq lazımdır. Hansısa toqquşma ilə bağlı tərəfləri sülhə çağıran bəyanat verilməsə, daha yaxşı olar. Çünki biz sülhün nə olduğunu gözəl bilirik. Bunu bizə izah etməyə lüzum da yoxdur. Ermənistanı işğaldan çəkindirmək lazımdır ki, sülh də bərpa edilsin".
Məhəmmədəli QƏRİBLİ