Cəbhə xəttində baş verən son hadisələr Ermənistanın Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsində hələ də maraqlı tərəf kimi çıxış etmədiyini aydın şəkildə nümayiş etdirir. Belə məlum olur ki, Serj Sarkisyan iqtidarı onu hakimiyyətdə saxlayan Qarabağ kartının əldən çıxmaması, həmçinin ölkə daxilində artan narazılığı yatırmaq üçün, həmişəki kimi, danışıqlar prosesində real nəticələr əldə edilməsinə xidmət edən addımlar atmaq istəmir.
Əvəzində cəbhədə müxtəlif təxribatlar törədilir, atəşkəs rejimi ağır artilleriya silahlarından istifadə olunmaqla pozulur.
Hesab edilir ki, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz mövcudluğunu davam etdirdikcə gərginlik özünün pik həddinə çatacaq və bunun sonu da müharibədir. Bu müharibənin qraşısının alınmasının yeganə yolu isə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən dərhal və tam çıxarılmasıdır. Amma Sarkisyan rejimi buna getmək istəmir, məqsədli şəkildə daha gərgin vəziyyətin formalaşması üçün təribatlarını davam etdirir. Son bir neçə gündə cəbhədə yaşananlar da bunun əyani təsdiqi sayıla bilər. Cəbhənin müxtəlif istiqamətlərində düşmən tərəfinin mövqelərimizi müxtəlif çaplı silahlardan, artilleriya qurğularından atəşə tutması, bir neçə istiqamətdə planlı surətdə diversiya həyata keçirməyə cəhd göstərməsi də bunun real təzahürüdür. Amma rəsmi İrəvanın bu gedişləri Ermənistanın özündə də böyük narazılıqlara yol açır. Burada hesab edilir ki, baş verənlər ötən ilin apreli ilə müqayisədə daha dəhşətli savaşın meydana gəlməsinə yol aça bilər. O da açıq etiraf edilir ki, yeni hərbi toqquşmalar erməni tərəfinin itkilərinin daha çox olmasına, eyni zamanda Azərbaycanın daha çox ərazisini işğaldan azad etməsinə səbəb olacaq. Bu zaman yaşanan itkilərdən qaçmaq üçün artıq Ermənistanda belə fikirlər səslənir ki, Azərbaycanla konstruktiv danışıqlara getmək, əraziləri elə danışıqlar yolu ilə azad etmək lazımdır. Məsələn, "Erməni Milli Konqresi"nin fraksiya rəhbəri Aram Manukyan bildirir ki, işğal altındakı müəyyən ərazilərin qaytarılması vacibdir, əks halda müharibə qaçılmaz olacaq. Onun sözlərinə görə, bu müharibədə Rusiya belə Ermənistanı tək qoyacaq və bunun səbəbi Bakının Rusiya faktorunu məharətlə neytrallaşdırmasıdır: "Rusiya maraqları Azərbaycan maraqları ilə üst-üstə düşəndə Ermənistan ağır vəziyyətdə qalacaq. Ona görə də, daha pis vəziyyətlə qarşılaşmamaq üçün Qarabağ münaqişəsini indi həll etməliyik". Aram Manukyanın sözlərinə görə, liderləri Levon Ter-Petrosyan da eyni məsələni bildirirdi: "İndi Rusiya regionda öz təsirini artırmağa çalışır. Bu vəziyyətlə razılaşıb minimal itkilərlə məsələni həll etməliyik. Bu halda müəyyən ərazilərin qaytarılması ilə də razılaşmalıyıq. Bunu etməsək, daha çox itki verəcəyik". A.Manukyan əlavə edib ki, Ermənistan prezident Vladimir Putinin çəkməsi altında qalıb: "Ermənistan zəif deyil, sadəcə axmaqdır. İndi münaqişənin həll olunması şansı yaranıb və biz vaxt itirmədən buna getməliyik". Erməni politoloqu, "Modus vivendi " mərkəzinin rəhbəri Ara Papyan isə indiki durumda Dağlıq Qarabağdakı vəziyyəti "sürünən müharibə" adlandırıb. O bildirib ki, Azərbaycan çox güclüdür və bunu Ermənistanda da əla anlayırlar: "Belə vəziyyətdə hərbi hərəkətlərin davamı Xankəndinin başı üstündə bayrağın dəyişməsinə gətirib çıxaracaq, burada Azərbaycan bayrağı dalğalanacaq". Onun sözlərinə görə, erməni siyasi rəhbərliyi son zamanlar hərbi pariteti saxlamaq ehtiyacı haqda tez-tez danışırdı və Ermənistan qızğın silahlanmaya qoşulmağa məcbur edildi: "Sülhün saxlanması - paritetin saxlanması, siyasidən çox, hərbi məsələdir. Başqa çıxış yolu yoxdur. Erməni tərəfi aydın anlayır ki, bu adi müharibə olmayacaq, bu münaqişə Stepanakertin üstündə bayrağın dəyişməsi ilə qurtaracaq". Politoloq hesab edir ki, dünya ictimaiyyəti Qarabağ münaqişəsi zonasında vəziyyətin kəskinləşməsi ehtimalından narahat olub. Onun fikrinə görə, BMT Təhlükəsizlik Şurasının iclasında baş katib Antonio Quterrişin verdiyi bəyanat da bunu təsdiq edir. Xatırladaq ki, BMT-nin baş katibi fevralın 21-də verdiyi həmin bəyanatında demişdi:"Avropadakı münaqişələrə dair istifadə edilən "dondurulmuş münaqişə" termini aldadıcıdır. Sülh sazişləri bağlanmadıqca və realizə edilmədikcə gərginliyin bərpası risqi qalır, biz bunu keçən il apreldə Cənubi Qafqazda və Dağlıq Qarabağda müşahidə etdik".
Beləliklə, aydın görünür ki, Ermənistan hərbi birləşmələrinin təxribat hücumundan sonra Dağlıq Qarabağda yaranmış hərbi gərginlik erməniləri ciddi şəkildə narahat edir. Ermənistan ictimaiyyəti ikinci yeni aprel savaşının şokunu yaşamaq istəmir və buna görə də Sarkisyan hakimiyyətini ittiham edir. Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Artunyan bildirib ki, ermənilər müharibə vəziyyətində olduqlarını dərk etməlidir: "Biz müharibədən qaçmalıyıq, əks təqdirdə itkilərimiz və ümumiyyətlə, ölkə olaraq itirdiklərimiz böyük olacaq". Artunyan Azərbaycanın Ermənistana qarşı blokada siyasətinə diqqət çəkib və bunun pis nəticələri haqda xəbərdarlıq edib: "Rəsmi Bakının blokada siyasəti Ermənistanın gələcəyi üçün yaxşı deyil. Çünki bu siyasətə görə iqtisadi vəziyyət yaxşı deyil və nəticə olaraq, ermənilər Qarabağı, eləcə də Ermənistanı tərk edir. Hətta Azərbaycan Prezidenti İlham Əliyev bildirib ki, Qarabağa, Zəngəzura, İrəvana sülh yolu ilə qayıdacaqlar. Bu məhz ondan xəbər verir ki, ermənilər ölkəni tərk edir, nəticədə Azərbaycan Qarabağı da, digər əraziləri də müharibə olmadan qaytarır". Erməni politoloq Stepan Qriqoryan da Qarabağda üçüncü müharibənin başlayacağını bildirib. Onun fikrincə, Qarabağ münaqişəsi dondurulmayıb: "Cəbhədə baş verənlər münaqişənin dondurulmadığını göstərir və nəticədə, beynəlxalq ictimaiyyət razılaşdı ki, status-kvo yolverilməzdir, münaqişə həll edilməlidir. Burada erməni diplomatiyasının məğlubiyyətini açıq-aydın görürük. Diplomatiya hadisələrə adekvat reaksiya verə bilmir". Digər erməni hərbçi ekspert, general-mayor Levon Stepanyan da həyəcan təbili çalır: "Qarabağda aprel müharibəsindən sonra Azərbaycan öz ordusunu daha da gücləndirib. Lakin bununla yanaşı, ötən il bağlanan müqavilə ilə Azərbaycanda türk hərbi bazalarının yaradılması həyata keçirilir. Çünki Bakı və Ankaranın planlarında, bir sıra məsələlərlə yanaşı, Ermənistanı küncə sıxışdırmaq da var". Stepanyan Türkiyənin Azərbaycanı tam şəkildə dəstəklədiyini və bunun Ermənistana qorxulu gələcək vəd etdiyini deyib. Erməni general-mayor Türkiyə-Azərbaycan ittifaqına qarşı Rusiya-Ermənistan ittifaqını önə sürür və qeyd edir ki, Ermənistan yalnız bu cür xilas ola bilər: "Ermənistanın xilası və təhlükəsizliyi Rusiya ilə yaradılmış birgə hərbi birləşmədir". Amma o etiraf edir ki, Rusiya Azərbaycana qarşı çıxmaqda maraqlı deyil və bu, Bakının uğurudur. Erməni siyasi şərhçi Musa Mikaelyan cəbhədə baş verənlərlə bağlı məqaləsində erməni cəmiyyətini məğlubiyyət qorxusu bürüdüyünü etiraf edir. O da Qarabağda üçüncü müharibənin başlaması təhlükəsinə diqqət çəkərək, Ermənistan hakimiyyətini zəiflikdə ittiham edib: "Baş verənlər ötən ilin aprel müharibəsindən sonra atəşin dayandırılması ilə bağlı razılaşmanın heç bir məna kəsb etmədiyini göstərir. Konkret razılaşmalar və inam mühiti yaradılmasa, Ermənistan üçün ciddi təhlükələr baş verə bilər. Burada erməni diplomatiyasının nə edəcəyi maraqlıdır. Aprel müharibəsində məğlubiyyət təkcə cəbhədə yox, diplomatiyada da oldu. Erməni əsgərləri təhlükənin qarşısını bir az da olsa ala bildilər, erməni diplomatiyası isə heç nə bacarmadı". Mikaelyan yenə eyni hadisələrin olacağını vurğulayıb: "Biz yenə məğlub oluruq, çünki diplomatiya üzərinə düşəni etmir. Hadisələrin inkişafı bu nəticəni doğuracaq". Erməni şərhçi Qarabağla bağlı danışıqların başlanmasının vacibliyini qeyd edib: "Yeni razılaşma prinsip etibarilə Ermənistan üçün münasib olar".
"İrs" partiyasının sədr müavini Armen Martirosyan da erməni hakimiyyətini məğlubiyyətdə ittiham edib. O, Qarabağla bağlı narahat olduqlarını, yeni məğlubiyyət gözlədiyini açıqlayıb. Rusiya hərbi eksperti, Rusiya Federasiyası Müdafiə Nazirliyi yanında İctimai Şuranın üzvü, ehtiyatda olan polkovnik İqor Korotçenko da vəziyyətin ermənilər üçün ağır olacağını bildirir: "Aydındır ki, Azərbaycan hərbi cəhətdən Ermənistandan üstündür. Bu şəraitdə yeni toqquşmaların qeydə alınması fonunda ATƏT aydınlaşdırmalıdır ki, münaqişənin yenidən eskalasiyasına səbəb nə oldu. Aydındır ki, təmas xəttində diversiya-kəşfiyyat qrupları hərəkətə cəlb edilib. Ancaq qeyd etməyə dəyər ki, burada böyük hərbi potensial yığılıb. Azərbaycan Rusiya, İsrail və Türkiyədən silah alır. Və bütövlükdə ölkə silahların alınması üzrə lider mövqe tutur". Onun sözlərinə görə, döyüş hərəkətlərinin yenilənməsi regionda ağır nəticələrə gətirib çıxara bilər.
Digər rusiyalı hərbi ekspert Pavel Felqenhauer də hesab edir ki, Qarabağda yeni müharibə qaçılmazdır. Onun sözlərinə görə, münaqişə tərəfləri yeni müharibəyə ciddi şəkildə hazırlaşır: "Mən toqquşmanın konkret nə vaxt olacağını deyə bilmərəm, lakin bu, gec-tez baş verəcək. Müharibənin miqyasının nə qədər ola biləcəyini də demək çətindir. Bu, ötən ilin aprelində olduğu kimi də baş verə, yaxud daha genişmiqyaslı və uzunmüddətli ola bilər. Lakin yenə deyirəm, yeni hərbi toqquşma mütləq baş verəcək. Ümid edək ki, bu dəfə də toqquşmalar apreldəki kimi qısamüddətli olsun". Hərbi ekspert vurğulayıb ki, münaqişə ilə bağlı siyasi proses donub, əvəzində Ermənistan və Azərbaycan orduları ciddi şəkildə müharibəyə hazırlaşır: "Onu da bildirim ki, müharibənin başlaması üçün kimin birinci güllə atmasının əhəmiyyəti yoxdur. Çünki tərəflər hər gün üz-üzədir və güllələr atılır. Amma o da faktdır ki, Azərbaycan ötən illər ərzində ordusunu xeyli gücləndirib və bunu Ermənistan da yaxşı bilir. Bu səbəbdən erməni tərəfinin nəticə çıxarması yaxşı olar". Beləliklə, həm erməni ekspertlərinin, həm də digər mütəxəssislərin mövqeyindən bu qənaətə gəlmək olar ki, yeni hərbi toqquşma Ermənistan üçün əsl faciə sayılır. Elə bu səbəbdən Ermənistanın özünün daxilində ərazilərin dinc şəkildə Azərbaycana qaytarılması üçün tələblər artır.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.