Boran Əzizli: "Hesab edirəm ki, Kazım Qarabəkir paşaya heykəl qoyulması təşəbbüsü alqışa layiqdir"
Vaqif Abışov: "Kazım Qarabəkir paşaya Naxçıvanda heykəl qoyularsa..."
Kazım Qarabəkir paşa Azərbaycan xalqının yaddaşında hər zaman yaşayır və böyük siyasətçi və sərkərdənin ruhu böyük ehtiramla, rəhmətlə anılır. Unudulmaz K.Qarabəkir paşa Naxçıvanın müdafiəsində xüsusi qəhrəmanlıq, şücaət göstərib. Naxçıvanda Qarabəkir paşanın adı bir xilaskarlıq simvoluna çevrilib.
Tarixçilər qeyd edir ki, 20-ci əsrin əvvəllərində Azərbaycanın ayrı-ayrı bölgələri erməni daşnaklarının dəstələri tərəfindən talan edilir, yerlərdə müsəlman əhaliyə qarşı böyük qırğınlar törədilirdi. Yazılanlara görə, bu baxımdan, Naxçıvanın vəziyyəti daha ağır idi. Bölgədə ermənilərin törətdiyi soyqırım nəticəsində təkcə 1918-1921-ci illərdə Naxçıvanda yüzlərlə kənd dağıdılmış, 75 minə yaxın dinc müsəlman əhali qətlə yetirilmişdi.
Naxçıvanın ağır günlərində K.Qarabəkir paşa qardaş köməyini əsirgəmir və onun gəlişini naxçıvanlılar toy-bayram kimi qarşılayır. Tarixçilər vurğulayır ki, o dövrdə K.Qarabəkir paşa təcili olaraq Naxçıvanda nizami ordunun yaradılması işinə başlayır.
Onu da vurğulayaq ki, K.Qarabəkir paşa Naxçıvanda yalnız bir xilaskar kimi deyil, həm də bölgənin ictimai-mədəni həyatının inkişafında önəmli rol oynamış xeyriyyəçi və maarifçi kimi xatırlanır. Onun adı türk dünyasının ayrılmaz parçası olan Azərbaycan tarixinə yalnız xilaskar sərkərdə kimi deyil, həm də ictimai xadim kimi yazılıb.
Tarixçilərin verdiyi məlumata görə, Birinci Dünya Müharibəsindən sonra məğlub tərəf kimi Osmanlı imperiyası təslimçi Mudros barışıq sazişini imzalamağa məcbur oldu. Bundan əlavə, barışıq sazişinin 8, 9-cu maddələrinə əsasən, Osmanlı özünün bütün hərbi donanmasını, cəbbəxanasını müttəfiq qoşunların ixtiyarına verməli idi. Türk millətinin haqqına və ata-baba torpaqlarına sahiblənmək üçün müttəfiq dövlətlərin irəli sürdükləri bu təslimçi müqavilə böyük etirazla qarşılandı.
Mudros sazişinin 11-ci maddəsinə əsasən, Azərbaycan da İngiltərənin nüfuz dairəsi elan olunur, bütün yollar və neft mənbələri ingilislərin ixtiyarına keçirdi. İngiltərənin diktəsi ilə hazırlanmış bu müqaviləyə görə, türk ordusu danışıqsız təslim olmalı və İraqdan, Kilikiyadan, Cənubi Qafqazdan və Dağıstandan çıxmalı idi. Müqavilənin şərtlərinə görə, K.Qarabəkir paşanın rəhbərlik etdiyi 1-ci Qafqaz ordusu ləğv edildiyindən, Naxçıvanın da Qarabəkirli günləri başa çatmalı, qəhrəman paşa Naxçıvan torpağını tərk etməli idi. 1918-ci il oktyabr ayının 31-i. O gün K.Qarabəkir paşa Naxçıvan torpağını tərk edir. Sonuncu gün Qarabəkir paşa Naxçıvanın xilası zamanı şəhid olmuş türk əsgərlərinin məzarı üstünə gəlir və sevimli əsgərlərinin məzarı önündə baş əyir.
K.Qarabəkir paşa Naxçıvandan gedərkən "harada oluramsa, olum, Naxçıvanı köməksiz, arxasız qoymayacağam. Var qüvvəmlə onu müdafiə edəcək, daşnaklara verməyəcəyəm" - demişdi. Əvvəlcə o özü Naxçıvandan çıxmağa məcbur olsa da, türk ordusunun polkovniki Xəlil bəyi bir neçə yüz əsgərlə burada saxladı. Sonrakı hadisələr isə Qarabəkir paşanın həqiqətən bu torpağı unutmadığını sübut etdi. Belə ki, türk qoşunlarının Naxçıvanı tam tərk etməsindən sonra Qarabəkir paşanın qoyduğu nizam-intizam əsasında bu bölgənin camaatını erməni hücumlarından qorumaq məqsədilə Araz-Türk Respublikası quruldu. Tədqiqatçılar yazır ki, bu məhəlli səciyyəli dövlət qurumunun yaradılmasında məqsəd, təbii ki, Azərbaycanın əsas ərazisindən uzaq düşmüş Naxçıvana qarşı düşmənlərin qəsbkarlıq siyasətinə yol verməmək, mərkəzləşdirilmiş qaydada təhlükələri dəf etmək idi. Bir neçə ay fəaliyyət göstərməsinə baxmayaraq, həqiqətən, bu qurum K.Qarabəkirin yardımı ilə erməni quldur dəstələrinin Naxçıvandan qovulmasına nail olmuşdu. Təsadüfi deyil ki, 1921-ci ilin fevralında başlayan Moskva danışıqlarında bu amil xüsusi vurğulanaraq, bölgə əhalisinin erməni idarəçiliyini qətiyyən qəbul etmədiyini üzə çıxarıb. Tarixçilər yazır ki, Moskva və Qars müqavilələrinə qədər Naxçıvana sahiblənmək istəyən ermənilər Qars, Sarıqamışla yanaşı, burada da siyasi və hərbi hərəkətlərini davam etdirirdi. İngilislərin təzyiqi ilə Araz-Türk Respublikası süquta uğradıqdan sonra, 1919-cu ilin aprelində erməni dəstələri Naxçıvan-Şərur bölgəsinə hücum hazırlıqlarını başa çatdırdılar. İngilis generalı Davye ilə erməni quldur dəstələrinin başçısı Dro arasında bağlanmış, heç bir əsası olmayan müqaviləyə görə, Naxçıvanda erməni idarəçiliyini qurmaq Droya tapşırılırdı.
Məlumatlara görə, 1919-cu il may ayının 24-də ermənilər 6 min nəfərlik qüvvə ilə Naxçıvana hücum etdilər. Yazılanlara görə, erməni hərbi təcavüzü ilə üz-üzə qalan Naxçıvan camaatı yenidən K.Qarabəkirə müraciət edir. K.Qarabəkir paşa öz ordusu ilə Anadolu ellərində ermənilərə, yunanlara, ingilislərə qarşı savaş aparmasına baxmayaraq, yenə Naxçıvanı tək qoymur. Bu dəfə o, başda Xəlil yüzbaşı olmaqla, 1919-cu ilin 18 avqustunda Ağrıdağ tərəfdən yardım üçün Naxçıvana 2 min nəfərlik qüvvə göndərir. K.Qarabəkirin 2 il əvvəlki qalibiyyətini bu dəfə Xəlil yüzbaşı təkrarlayır. Naxçıvanın müdafiəsi uğrunda aparılan ilk döyüşdəcə ermənilərdən 4 topla birgə 1 zirehli qatar, 42 pulemyot və 200-ə qədər əsir götürülür. Erməni dəstələri bu hücumların qarşısında dayana bilməyib İrəvana çəkilməyə məcbur olur.
Qeyd edilənə görə, 1921-ci il oktyabr ayının 13-də Qars müqaviləsi imzalandı. Naxçıvanın siyasi statusunu müəyyən edən müqavilənin altında Türkiyə tərəfdən Qarabəkir paşanın imzasının olması bu türk sevdalısı olan sərkərdənin Naxçıvan torpağına olan sevgisinin daha bir nümunəsidir.
Tarixçilər bildirir ki, Qars müqaviləsinin 3-cü əlavəsində "Türkiyə hökuməti, Sovet Ermənistanı və Sovet Azərbaycanı hökumətləri razıdırlar ki, hazırkı müqavilənin 3-cü əlavəsində göstərilən sərhədlərdə Naxçıvan vilayəti Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil edir" -deyə qeyd edilirdi.
Tədqiqatçılar yazır ki, bu müqavilə ilə Naxçıvan Dərələyəzi, Sərdarabad, Uluxanlı, Vedibasar, Qəmərli, Mehri kimi əraziləri itirsə də, Türkiyə ilə 11 kilometrlik sərhəd xəttinin təsbit edilməsi bölgənin xalqı üçün vacib idi. Yazılanlara görə, Qars müqaviləsi ilə Türkiyə Naxçıvan Muxtar Respublikasının təhlükəsizliyinə birbaşa təminat vermiş oldu.
Qeyd edək ki, K.Qarabəkir paşa Naxçıvanı erməni daşnaklarından qoruduqdan sonra İrəvanı tutmaqla bağlı Atatürkə məktub ünvanlayır, o, üç ay cavab gözləyir, lakin Atatürkdən "yox" cavabını alır. Bu da onu məyus edir.
Onu da vurğulayaq ki, Kazım Qarabəkir paşa Türkiyə Cumhuriyyətinin qurulmasında Mustafa Kamal Atatürklə çiyin-çiyinə çalışıb. Türkiyə müstəqillik əldə etdikdən sonra Atatürk Qarabəkir paşaya təklif edir ki, Böyük Millət Məclisinin rəhbəri olsun, lakin o imtina edir.
K.Qarabəkir paşa Ankaradan İstanbula gəlir və onun İstanbul həyatı məhrumiyyətlər içində keçir. Dost köməyinə ehtiyacı olduğu halda, o, prinsiplərinə sadiq qalaraq yardım istəmir.
Tarixçilər yazır ki, 1927-ci ildən istefaya çıxan K.Qarabəkir canından artıq sevdiyi məmləkətinin ictimai həyatından 1938-ci ilə qədər kənarda qalır. İstanbulda olarkən Qarabəkir paşa kitablar yazır, marşlar bəstələyir. 1938-ci ildə İstanbuldan Böyük Millət Məclisinə millət vəkili seçilir və 1946-cı ildən həyatının sonuna qədər Məclis başqanı olur.
Böyük tarixi şəxsiyyətin, Naxçıvanın xilaskarının xatirəsinin əbədiləşdirilməsi məsələsi gündəmdədir. İndiyə qədər K.Qarabəkir paşanın Naxçıvanda heykəli qoyulmayıb.
Hətta qızı Timsal xanım Azərbaycanda olarkən atasının Naxçıvanda heykəlinin qoyulması məsələsini dilə gətirib.
Əlbəttə, xilaskar Qarabəkir paşanın Naxçıvanda abidəsinin ucaldılması məsələsi aktualdır.
Müraciət etdiyimiz tarixçilər hesab edir ki, Qarabəkir paşanın heykəlinin qoyulması olduqca vacib və gərəkli işdir. Onlar hesab edir ki, böyük sərkərdə və siyasi xadim olan K.Qarabəkir paşanın heykəlinin qoyulması xilaskarlıq simvolu olan şəxsiyyətin xatirəsinə Azərbaycan xalqının böyük ehtiramı olardı.
Tarixçi-alim Boran Əzizli bizimlə söhbətində vurğuladı ki, bu təşəbbüsü hər kəs alqışlamalıdır: "Hesab edirəm ki, K.Qarabəkir paşaya heykəl qoyulması təşəbbüsü alqışa layiqdir. Həqiqətən də həmin dövrdə Qarabəkir paşa Naxçıvanın erməni silahlı quldurlarından xilas olunmasında, əhalinin müdafiəsində çox böyük zəhmət, hünər göstərib. Ona görə də hörmət və ehtiram əlaməti olaraq bu böyük şəxsiyyətə heykəl qoyulmalıdır. Digər tərəfdən də Qarabəkir paşa Naxçıvanın üçüncü dövlətə verilməməsi məsələsini Qars müqaviləsinə salmaqla, sonrakı illərdə də Naxçıvan ərazisinin ermənilər tərəfindən zəbt olunmasına imkan verməyib".
Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov "Bakı-Xəbər"ə bildirdi ki, K.Qarabəkir paşanın Azərbaycan, xüsusən də Naxçıvan üçün gördüyü işlər barədə çox danışmaq olar: "Azərbaycanda nəinki K.Qarabəkir paşaya, hətta Nuru paşa və digər qəhrəmanlara heykəl qoyulması məsələsi müzakirə edilir. Deyərdim ki, bu onların haqqıdır. Nuru paşa Bakını erməni daşnaklarından xilas edib, Qarabəkir paşa da Naxçıvanı. K.Qarabəkir paşaya Naxçıvanda heykəl qoyularsa, bu, tarixi reallığı əks etdirən bir hadisə olardı. Qarabəkir paşanın Naxçıvanın həm erməni quldurlarından qorunmasında, həm Andronikin quldur dəstələrinin təcavüzünün qarşısının alınmasında çox böyük rolu var. Nəinki Naxçıvan, Qars, Sarıqamış, hətta Cənubi Azərbaycanın bəzi ərazilərinin, Naxçıvan, Şərur-Dərələyəz, Ordubad və başqa ərazilərin də xilaskarı idi. Yəni bu böyük ərazini erməni təcavüzündən K.Qarabəkir paşanın hərbi qüvvəsi qoruyurdu. Ermənilər onun qorxusundan o ərazilərə daxil ola bilmirdi. Bu baxımdan, belə düşünürəm ki, o kişiyə heykəl qoyulmalıdır. Ümumiyyətlə, şəhərə çıxıb sorğu aparsanız, inanmıram ki, kimsə bu təşəbbüsə qarşı çıxsın, əksinə, hamı Qarabəkir paşaya heykəl qoyulması ideyasını dəstəkləyər. Heç kəs bunun əleyhinə çıxmaz. O, böyük sərkərdə və azərbaycanlıları, müsəlmanları erməni təcavüzündən xilas edən şəxsiyyətlərdən biri olub. O cümlədən də Türkiyə Cumhuriyyətinin qurulmasında Atatürklə çiyin-çiyinə çalışıb, Türkiyəni Antanta qüvvələrindən xilas etmək məsələsində böyük qəhrəmanlıq göstərib".
İradə SARIYEVA