Cümə axşamı İsrail ordusu 11 günlük hərbi əməliyyatını genişləndirərək Həmasa güclü zərbə yetirmək üçün fələstinli döyüşçülərə qarşı qurudan hücuma başlayıb. Baki-xeber.com xəbər verir ki, iki tərəf arasında davam edən güclü raket atəşi və hava hücumlarından sonra İsrailin baş naziri Binyamin Netanyahu hücum barədə göstəriş verib və gecə saatlarında minlərlə əsgər tanklarla Qəzzaya hücuma keçib.
Netanyahu deyib ki, İsrail Qəzza Zolağındakı döyüşçülərə qarşı başladığı qurudan hücumunu xeyli genişləndirməyə hazırdır,. Onun sözlərinə görə, əsgərlər Həmasın tunel şəbəkəsini hədəfə alıb, bunu isə havadan etmək mümkün deyil.
Qəzzanı idarə edən Həmasın sözçüsü Fevzi Barhum isə deyib ki, İsrailin hərəkətləri ona baha başa gələcək. Qəzzanın Səhiyyə Nazirliyi bildirib ki, cümə axşamı gecə başlayan hücum əməliyyatına görə indiyədək 24 fələstinli öldürülüb, 200 nəfər xəsarət alıb. Ölənlər arasında beş aylıq körpə və daha iki uşaq var. İsrail isə bildirir ki, gecə 14 "terrorçunu" öldürüb.
Qəzza rəsmiləri bildirir ki, İsrailin iyulun 8-də başlayan hərbi əməliyyatı 258 fələstinlinin ölümünə səbəb olub, onlardan dörddə üçü mülki şəxsdir. İsraildə isə bir mülki şəxs öldürülüb, bir neçə adam ağır xəsarət alıb. Eyni zamanda İsrail əməliyyat nəticəsində ilk əsgərini itirdiyini bildirib.
Bununla yanaşı İsrail-Türkiyə münasibətləri də yenidən gərginləşməyə başlayıb. Türkiyənin "Milliyyət" qəzetinin diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, İsrail öz vətəndaşlarını və diplomatlarını Türkiyəni tərk etməyə çağırıb. Qəzetin yazdığına görə, belə müraciətə səbəb Türkiyədə keçirilən İsrail əleyhinə etiraz aksiyaları olub.
İsrailin hərəkətlərinə müsbət yanaşa bilməyəcəklərini deyən Türkiyənin baş naziri Rəcəb Tayyip Ərdoğan isə bildirib ki, Türkiyə bundan sonra da İsraillə münasibətlərini normallaşdırmayacaq: «Yenə təkrarlamaq istəyirəm ki, uşaqları ən yaxşı öldürməyi bilən ölkə İsraildir”. O qeyd edib ki, hazırda Fələstində yaşanan hadisələrə görə dünyanın vicdanı ağrımır: "Çox təəssüf ki, heç bir dövlət İsraili qınamır, ona görə də adıçəkilən dövlət zülmlərini davam etdirir”.