Akif Nağı: "Qondarma rejimin təbliği ilə məşğul olan, Azərbaycana qarşı yalan təbliğat kampaniyası aparanlara qarşı bir dərs olacaq"
Azay Quliyev: "Azərbaycanın qanunlarına hörmət etmək hər kəsin borcudur"
Azərbaycan Respublikasının Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində yaşayan digər şəxslərlə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, bu ərazilərə qanunsuz səfərlər etmiş, burada qanunsuz fəaliyyət göstərən rejimin "müstəqilliyi"ni dəstəkləməklə Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar edən, ayrı-ayrı dövlətlərin vətəndaşlığını daşıyan bloger Aleksandr Lapşin fevralın 7-də Belarus Respublikasından Azərbaycan Respublikasına ekstradisiya edilib. Lapşinin Belarusdan Azərbaycana ekstradisiya edilməsi mühüm hadisədir.
Ekspertlərin fikrincə, blogerin Azərbaycana ekstradisiyası
sübut etdi ki, heç kim Azərbaycanın razılığı olmadan həmin torpaqlara gedə və həmin yerləri başqa bir ölkənin torpağı kimi göstərə bilməz.
Qarabağ Azadlıq Təşkilatının (QAT) rəhbəri Akif Nağı "Bakı-Xəbər"ə açıqlamasında qeyd etdi ki, bu istiqamətdə Azərbaycan hökuməti uzun zamandır xeyli işlər görüb: "Dağlıq Qarabağa qanunsuz səfər edənlərlə bağlı "qara siyahı" var. O siyahıda adları olanlarla bağlı müəyyən ölçülər götürülür. Bu günə qədər bu istiqamətdə qəti addım atılmamışdı. Çox müsbət bir haldır ki, Azərbaycan tərəfi bu istiqamətdə apardığı mübarizədə istəyinə nail oldu. Bilirik ki, Lapşini Rusiya və İsrail müdafiə edirdi. Belarus rəhbərliyinə təşəkkür etmək lazımdır ki, məsələ ilə bağlı prinsipial mövqe tutdu. Beləliklə, məsələ qanun çərçivəsində həll olundu".
A.Nağı hesab edir ki, Lapşinin Azərbaycana ekstradisiya olunması Azərbaycan diplomatiyası üçün uğurlu nəticə kimi dəyərləndirilməlidir. Eyni zamanda, bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirilir: "Müəyyən ölkələr var ki, onlar Dağlıq Qarabağdakı qondarma rejimi bu və ya digər formada təbliğ etməyə çalışır. Yalan informasiyalar yaymaqla məşğul olurlar. Müxtəlif ölkələrdə erməni mərkəzinin maliyyə dəstəyi ilə yaradılan şəbəkələr, demək olar ki, ancaq bu işlə məşğuldur. Lapşinin Azərbaycana ekstradisiyası onların mövqeyinə müəyyən dərəcədə təsir edəcək. Onlar artıq yalan təbliğatla məşğul ola bilməyəcək. Etdikləri hərəkətə görə qanunla cəzalandırılacaqlarından xəbərdardırlar.
Qondarma rejimin təbliği ilə məşğul olan, Azərbaycana qarşı yalan təbliğat kampaniyası aparanlara qarşı bir dərs olacaq".
Millət vəkili Azay Quliyev öz "Facebook" səhifəsində qeyd edib ki, 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olan və Azərbaycanın ərazi bütövlüyünə qarşı çağırışlar edən bu şəxs haqqında Baş Prokurorluğun Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) və 318.2 (sərhədi qanunsuz keçmək) maddələri ilə cinayət işi açması və göndərilən sorğuya əsasən Belarusda həbs edilərək ölkəmizə təhvil verilməsini tələb etməsi alqışalayiqdir: "Belarus Respublikasının hüquq-mühafizə orqanlarına və şəxsən prezident Lukaşenkoya göstərdiyi prinsipiallığa görə təşəkkür edirəm.
Bu hadisə Azərbaycanın ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığı prinsipinə hörmətsizlik edən və ya etmək istəyən hər kəs üçün ciddi bir dərs olacaq və bundan sonra belə qanunsuz əməllərə əl atmaq niyyətində olanları əvvəlcədən hərtərəfli düşünməyə vadar edəcək. Azərbaycanın qanunlarına hörmət etmək hər kəsin borcudur.
Ölkəmizə qarşı cinayət törədən istənilən şəxs bilməlidir ki, onlar gec və ya tez ədalət mühakiməsi qarşısında cavab verməli olacaq və layiq olduqları cəzanı alacaq".
Günel CƏLİLOVA