Ermənistanın Azərbaycan ərazilərinin bir hissəsini hələ də işğal altında saxlamasına, burada törətdiyi vəhşiliklərə, talanlara dünya miqyasında da etirazlar artır. İndi gedərək daha çox sayda insan Ermənistanın işğalçılıq siyasətini pisləyir, bunun ölkələrin, regionun təhlükəsizlyinə ciddi təhdid yaratdığını bəyan edir. Özü də burada təkcə rəsmi qurumlar, dövlətlər yox, vətəndaş cəmiyyətinin təmsilçiləri, ayrı-ayrı insanlar da gedərək daha aktiv mövqe nümayiş etdirməkdədir. Bunu Ermənistan-Azərbaycan Sülh Platformasına dünyanın müxtəlif ölkələrindən qoşulanların sayının sürətlə artması da əyani şəkildə təsdiq edir.
Ötən ilin dekabrından fəaliyyətə başlayan Ermənistan-Azərbaycan Sülh Platformasına indi təkcə münaqişə tərəfi olan ölkələrdən yox, həm də ayrı-ayrı dövlətlərdən insanlar qoşulur. Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına töhfə vermək istəyən Azərbaycan və Ermənistan vətəndaşlarının təşəbbüsü ilə ərsəyə gələn Platforma beynəlxalq ictimaiyyətin artıq xüsusi maraq dairəsində yer almağa başlayıb. Məhz bu səbəbdən Sülh Platformasına qoşulanların sayı durmadan artır. Özü də bura qoşulanlar Qarabağ münaqişəsinin beynəlxalq hüquq normalarına uyğun olaraq ərazi bütövlüyü çərçivəsində həllini tələb edir. Yəni onların yanaşması tam obyektivliyə söykənir, Azərbaycanın maraqlarına cavab verir. Platformanın sıralarının təkcə Azərbaycan və Ermənistan yox, həm də müxtəlif ölkələrdən olan insanlar hesabına genişlənməsinin başqa bir prinsipial əhəmiyyəti də var. Belə ki, bu, beynəlxalq miqyasda vətəndaş cəmiyyətlərinin timsalında Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətlənməsi üçün Ermənistana yeni bir təzyiq formasının yaranması anlamına da gəlir. Bu mənada Sülh Platformasına daha çox sayda insanın qoşulması zəruri sayılır.
Yuxarıda qeyd olunduğu kimi, Sülh Platformasına qoşulanlar konfliktin beynəlxalq hüququn tələb etdiyi formada həllini qarşıya əsas tələb kimi qoyur. Məsələn, bir neçə gün əvvəl Sülh Platformasına qoşulan Moldova Ombudsmanı Aureliya Qriqoriu qeyd edir ki, Qarabağ münaqişəsinin sülh yolu ilə həlli vacibdir. Amma bu həll yolu beynəlxalq səviyyədə tanınmış ərazi bütövlüyü, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların münaqişənin həllinə dair qətnamələrinin icrası fonunda həyata keçməlidir. Eyni mövqeni Makedoniyanın "HEDEF-Debar" təşkilatının sədri Sain Sakir də nümayiş etdirir. Sülh Platformasına qoşulan Sain Sakir bu xüsusda yaydığı bəyanatda Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini qeyd edir, Azərbaycan və Ermənistanın ərazi bütövlüyü və suverenliyinə, hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət bəslədiyini xüsusi vurğulayır. O, məhz bu fonda da Sülh Platformasına qoşulduğunu diqqətə çatdırır: "BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, habelə digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının vacibliyini dərk edərək, ATƏT Minsk Qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayaraq və bu fəaliyyəti dəstəkləyərək, erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, münaqişənin həll olunmaması nəticəsində iki ölkədə yetişməkdə olan nəsillərin bir-biri haqqında təsəvvürlərinin yalnız müharibə kontekstində formalaşdığını təəssüflə qeyd edərək, xalqların sülh şəraitində birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini dəstəkləyərək, təşkilat adından, mən Sain Sakir, bununla bu təşəbbüsə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulmağımı təsdiq edirəm".
Rusiya Udmurtiya Respublikasının Sarapul rayonu Deputatlar Şurası Prezidiumunun üzvü və Rusiya Kommunist Partiyası fraksiyasının rəhbəri Elgiz Hacıyev də Ermənistan-Azərbaycan Sülh Platformasına qoşularaq konfliktin ərazi bütövlüyü çərçivəsində həllinin vaciblyini diqqəət çatdırır. O bildirir ki, münaqişənin həll olunmaması ciddi təhdid mənbəyidir və xalqların sülh şəraitində yaşamına böyük əngəldir. Burada bir məqamı da qeyd edək ki, Sülh Platformasına qoşulanlar dünyanın ən müxtəlif ölkələrini təmsil edir və bu da Platformanın coğrafiyasının kifayət qədər böyük olduğunu üzə çıxarır. Bura artıq Bosniya və Herseqovinadan qatılan şəxs belə var. Bu, Bosniya və Herseqovinanın Dostluq Körpüsü Assosiasiyasının rəhbəri Jasmin İmamoviçdir. O da Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin vacibliyini vurğulayır və BMT Təhlükəsizlik Şurasının qətnamələri ilk olaraq nəzərə alınmaqla digər rəsmi təşkilatların qərar v əqətnamələri çərçivəsində konfliktin çözümünün sürətlənməsinin böyük önəm kəsb etdiyini diqqətə çatdırır. Ukraynanın "Result" İctimai Fəaliyyət Mərkəzinin nümayəndəsi Tatiana Kaluqrianu da Sülh Platformasına qoşularaq Ermənistanın işğalçılıq siyasətini pisləyənlər sırasında yer alır. Azərbaycanın ərazi bütövlüyünün təmininin zəruriliyini önə çəkən Tatiana Kaluqrianu münaqişənin davam etməsini təhlükəli hal sayır. Onun fikrincə, bu hal xalqların sülh şəraitində birgə yaşayışını əngəlləyir. Təbii ki, münaqişəsinin davam etməsinin əsas günahkarı və buna görə məsuliyyət daşıyan əsas tərəf Ermənistandır. Hazırda Ermənistan ərazi bütövlüyümüzün tanınmasında qeyri-konstruktiv mövqe tutur. Bununla da münaqişənin həlli uzanır, bölgədə təhlükəli vəziyyət davam edir. O da bəlli faktdır ki, Ermənistan konstruktiv mövqe nümayiş etdirməsə, Azərbaycan öz torpaqlarını güc yolu ilə işğaldan azad edəcək. Amma bu variant indi uçurum astanasında olan Ermənistanda ciddi təşviş yaradır. Məhz bu səbəbdən Qarabağ probleminin həllinə münasibətdə Ermənistan cəmiyyətində fərqli mövqe yaranır və getdikcə münaqişənin mərhələli həllinə tərəfdar olanların sayı sürətlə artır. Yəni bu gün Ermənistan daxilində, ictimai fikrində Qarabağ münaqişəsinin həllilə bağlı yanaşmalarda fərqlilik özünü göstərməkdədir. Əvvəllər Ermənistan hakimiyyətinin apardığı təbliğat sayəsində ölkədə konfliktin həllilə bağlı yekdil mövqe vardı və onlar üçün birmənalı şəkildə münaqişənin ancaq xalqların öz müqəddəratını təyinetmə prinsipilə həlli məsələsi ön planda idi. Hazırda isə bu yanaşma dəyişir və Qarabağ münaqişəsinin yaratdığı faciəni, çətinlikləri gedərək daha aydın şəkildə görənlər konfliktin çözümü ilə bağlı mərhələli həll variantını dəstəkləyir. Bunu Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulanlar daha açıq bəyan edir. Onların bu mövqeyi müxtəlif xarici dövlətlərdən Sülh Platformasına qatılanlar tərəfindən də dəstəklənir. Məsələn, Almaniyadan Sülh Platformasına qoşulan Berlin Xəzər və Qafqaz Araşdırmaları üzrə Avropa İnstitutunun rəhbəri Matias Dornfelt məhz bu mövqedən çıxış edir. O da hesab edir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli olduqca mühümdür. Bu xüsusda ATƏT-in Minsk Qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyəti də vacibdir. Minsk Qrupu isə münaqişənin mərhəhəli həlli üçün artıq təklifləri masa üzərinə qoyub. Lakin İrəvan, hələ ki, bu istiqamətdə əməli addım atmır və problemin çözümü uzanır. Bu vəziyyətdən Polşa Seyminin deputatı, hakim partiya Hüquq və Ədalət Partiyasının üzvü Alisiya Kaczorovska da narahatdır. Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulan Alisiya Kaczorovska Dağlıq Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi olduğunu xatırladır. O, Dağlıq Qarabağın yekun statusunun Azərbaycanın ərazi bütövlüyü çərçivəsində müəyyənləşdirilməsinin vacibliyini də qeyd edərək bildirir ki, məcburi köçkünlərin doğma yurd-yuvalarına layiqli və təhlükəsiz qayıtmaq hüququ təmin edilməlidir. Polşa Seyminin deputatı daha sonra qeyd edir ki, mövcud status-kvo təhlükəlidir, qəbuledilməzdir, qeyri dayanıqlıdır. O, ilk mərhələdə Dağlıq Qarabağ bölgəsi ətrafında yerləşən 7 rayonun işğaldan azad edilməsinin uzunmüddətli sülh və münaqişənin mərhələli həlli üçün vacib başlanğıc olduğunu da bildirir.
Sülh Platformasına qoşulanlar sırasında yer alan Avropaya İnteqrasiya Qrupunun nümayəndəsi Tomas Yenkeleviç də eyni mövqedən çıxış edir, Ermənistanın mövqeyini tənqid edir. "Qafqazın Qovuşma Nöqtəsi" adlı qeyri-hökumət təşkilatının rəhbəri Mişel İvor da Sülh Platformasına qoşularaq, konfliktin ərazi bütövlüyü çərçivəsində çözümünü zəruri sayır. Ermənistan-Azərbaycan Sülh Platformasına beynəlxalq miqyasda rəsmi səviyyədə də dəstək yüksəkdir. Məsələn, Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirir: "Biz münaqişələrin həlli ilə bağlı istənilən xalq diplomatiyası təşəbbüsünü dəstəkləyirik". O, Ermənistan-Azərbaycan Sülh Platformasının münaqişənin həllinə töhfə verə biləcəyini istisna etmir. Zaxarova bildirir ki, münaqişə tərəflərinin ictimai dairələrində hər kəs tərəfindən qəbul ediləcək kompromis qərarın sülh yolu ilə axtarışına alternativin olmadığını aşılamaq lazımdır: "İstənilən təşəbbüs ilk növbədə buna yönəlməlidir. Biz bu konkret missiyanın qarşısına qoyulan istənilən təşəbbüsü dəstəkləyirik". Beləliklə, bütün bunlar Ermənistan-Azərbaycan Sülh Platformasının beynəlxalq dairələrdə gedərək daha böyük dəstək qazandığını göstərir. Özü də nəzərə almaq lazımdır ki, Sülh Platformasına qoşulanların sayı artmaqda davam edir. Məhz bu da indiki Ermənistan hakimiyyətinə beynəlxalq miqyasda yeni təzyiq mexanizminin yaranması anlamına gəlir. Burada ən vacib məqamlardan biri də odur ki, Platforma problemin həlli ilə bağlı konkret mövqe ortaya qoyub. Bu mövqe ondan ibarətdir ki, ilk növbədə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə qeyd-şərtsiz yerinə yetirilməli, Dağlıq Qarabağ ətrafındakı 7 rayon işğaldan azad olunmalı və məcburi köçkünlər həmin ərazilərə qaytarılmalıdır. İkinci mərhələdə Azərbaycanın ərazi bütövlüyü və beynəlxalq təşkilatlar tərəfindən tanınmış sərhədlər çərçivəsində Dağlıq Qarabağın hüquqi-statusu müəyyənləşdirilməlidir. Yəni Dağlıq Qarabağa Azərbaycanın tərkibində muxtar respublika statusu verilməlidir. Azərbaycan da məhz bu çərçivədə Qarabağ münaqişəsinin həllinin zəruri olduğunu bütün dünyaya çatdırıb. Sülh Platforması isə beynəlxalq miqyasda Azərbaycanın mövqeyinə böyük dəstək olduğunu meydana qoyur.
Nahid SALAYEV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.