"Azərbaycan xalqının öz torpaqlarına qayıtmaq niyyətində olduğunu göstərmək baxımından da belə səfərlərin olması əhəmiyyətlidir"
Erməni işğalından azad edilmiş Azərbaycan bölgələrinə qayıdış prosesi beynəlxalq mətbuatda da əksini tapır. Xəbər verildiyi kimi, xarici kütləvi informasiya vasitələrinin nümayəndələri Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə aparılıb.
Sözügedən səfər Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Xarici İşlər Nazirliyi tərəfindən Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı tədbirlər haqqında Prezident İlham Əliyevin sərəncamından irəli gələrək təşkil olunub. Səfər xarici jurnalistlərə adıçəkilən kənddə ermənilər tərəfindən törədilən vəhşilikləri göstərmək, eləcə də onları Prezidentin sərəncamı ilə kəndin bərpası və məcburi köçkünlərin buraya qayıdışı istiqamətində görülən işlər barədə məlumatlandırmaq məqsədi daşıyıb.
Səfərdə "Associated Press, "Reuters" informasiya agentlikləri, Türkiyənin TRT kanalı, "Anadolu" xəbər agentliyi, İranın Azərbaycanda fəaliyyət göstərən media qurumları, Rusiyanın mətbuat orqanları, o cümlədən "RİA Novosti", "İnterfax" və digər KİV nümayəndələri olmaqla, 25- 30 nəfər iştirak edib. Səfər çərçivəsində jurnalistlər Cocuq Mərcanlıda aparılan minalardan təmizlənmə fəaliyyəti ilə tanış olub, planlaşdırılan və görülən işlər barədə məlumat alıblar.
KİV nümayəndələri Ermənistanın işğalı nəticəsində Cocuq Mərcanlı kəndinin tamamilə dağıdılması və viran edilməsinin şahidi olublar. Jurnalistlər 20 ildən artıq Cocuq Mərcanlı kəndində yaşayan Həziyevlər ailəsinə baş çəkib və çay süfrəsi arxasında söhbət ediblər. Eyni zamanda bərpa işləri nəticəsində Cocuq Mərcanlı kəndinə geri dönəcək ailələrlə də görüşüblər.
Bütövlükdə, xarici jurnalistlərin sözügedən səfərinin nə kimi əhəmiyyəti var?
Məsələyə münasibət bildirən politoloq Elçin Mirzəbəylinin sözlərinə görə, xarici jurnalistlərin işğaldan azad olunmuş ərazilərə aparılması bir neçə aspektdən əhəmiyyətlidir: "Birincisi, xarici media təmsilçiləri işğalçı qüvvələrin yaşayış məntəqələrini necə viran qoyduqlarını görürlər. Dünya mediasının erməni vandalizmi ilə yaxından tanış olması çox vacib faktordur. Azərbaycanın son illər ərzində yürütdüyü siyasət nəticəsində Ermənistanın uzun illərdir üzünə taxdığı maska yırtılır. Bu maskanın arxasında necə bir qaniçən məxluqun dayandığı aşkar olunur. Bu aspektdən səfərin mühüm əhəmiyyəti var. İkincisi, Azərbaycanın işğal nəticəsində məhv olan yaşayış məntəqələrini bərpa etmək gücündə və potensialında olduğu ortaya çıxır. Həmçinin, Azərbaycan xalqının öz torpaqlarına qayıtmaq niyyətində olduğunu göstərmək baxımından da belə səfərlərin olması əhəmiyyətlidir. Çünki xarici media təmsilçiləri birmənalı şəkildə real mənzərə ilə tanış olur və Ermənistanın törətdiyi cinayətlərin şahidi olurlar. Həm də Azərbaycanın bu cinayətləri aradan qaldırmaq üçün vətəndaşlarının burada azad və sərbəst yaşaması məqsədilə görülən tədbirlərlə tanış olurlar".
Vidadi ORDAHALLI