“Bloger Aleksandr Lapşinlə bağlı danışıqlar aparılmır, lakin onun müdafiəsi üçün mümkün hüquqi tədbirlər görülür”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
Kreml sözçüsü A. Lapşinin bir neçə vətəndaşlığının olduğunu xatırladıb: “Onun Rusiya vətəndaşlığı da var. Bizim üçün o, ölkəmizin vətəndaşıdır. Biz onun maraqlarını qanun çərçivəsində müdafiə etməyə davam edirik”.
Rusiya Xarici İşlər Nazirliyi də Lapşinin Azərbaycana ekstradisiyası ilə əlaqədar bəyanat yayıb. Bəyanatda deyilir: “Əldə olunan məlumata görə, fevralın 7-də Belarus Respublikasının Ali Məhkəməsi qapalı rejimdə Rusiya və İsrail vətəndaşı Aleksandr Lapşinin Azərbaycana ekstradisiya olunması haqqında Belarus Prokurorluğunun qərarından şikayətini təmin etməyib. Rusiya tərəfi Rusiya və Belarus arasındakı müttəfiqlik əlaqələrinin ruhuna uyğun olmayan məlum qərardan dərin məyusluq hissi keçirir. Rusiya öz vətəndaşının tezliklə öz ailəsinə qaytarılması məqsədilə onun qanuni maraq və hüquqlarının qorunması üçün bütün tədbirləri görəcək”.