Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirilib. Bu sözləri Trend-ə “İsrail-Azərbaycan” Beynəlxalq Assosiasiyasının nümayəndəsi Vahid Bayramov deyib.
O deyib: “Azərbaycanla Belarus arasında cinayətkarların ekstradisiyası barədə saziş mövcuddur. Lapşin ilk növbədə qanun pozuntusu edib. Buna əsasən də Azərbaycan İnterpola onun saxlanması barədə müraciət edib. Belarus sərhədçiləri onun axtarışda olmasına reaksiya göstərib və onu saxlayıblar”.
V.Bayramov xatırladıb ki, Belarusda Lapşinin işinə üç instansiyada baxılıb və onun ekstradisiya qərarı qanunauyğun hesab olunub: “Azərbaycan onun verilməsini hüquq normalarına uyğun tələb edərək bir daha nümayiş etdirdi ki, hüquq dövlətidir. Bu, Azərbaycanın ərazi bötüvlüyünə hörmət etməyən bütün şəxslərə bir xəbərdarlıq olmalıdır”.
V.Bayramov eyni zamanda qeyd edib ki, A.Lapşin əgər Qarabağa sadəcə səfər etsəydi, onun adı Azərbaycana girişi qadağan edilən şəxslərin qara siyahısına salınacaqdı. Amma Lapşin Qarabağa səfərindən sonra Ukrayna pasportundan istifadə edərək Azərbaycana gəlib. Bundan başqa o, Azərbaycan barəsində qeyri-obyektiv informasiyalar paylaşıb.