Yeganə Hacıyeva: "Azərbaycan viza rejiminin sadələşdirilməsi barədə sazişi uğurla həyata keçirmiş, miqrasiya qaydalarını pozmamış bir tərəfdaş kimi..."
Azərbaycan və Avropa İttifaqı (Aİ) yeni saziş üzrə danışıqlara başlayıb. Bunu Azərbaycan Prezidenti İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Donald Tuskla birgə mətbuata bəyanatla çıxışında deyib.
Prezident qeyd edib ki, Azərbaycanla Aİ arasında əməkdaşlıq çox məhsuldar, səmimidir və böyük potensial var: "Bizim aramızda çox aktiv siyasi dialoq var, biz mütəmadi olaraq görüşürük, mühüm siyasi hadisələri və ölkəmizdəki siyasi islahatları müzakirə edirik. Biz bütün Azərbaycan vətəndaşları üçün daha geniş imkanların təmin edilməsi məqsədilə ölkədə demokratik islahatların davam etdirilməsinə sadiqik".
Azərbaycan Prezidenti, həmçinin, qeyd edib ki, energetika sahəsində əməkdaşlıq Azərbaycanla Aİ arasında əməkdaşlığın mühüm hissəsidir: "Biz hazırda Avropada icra edilən ən böyük infrastruktur layihələrindən biri olan "Cənub Qaz Dəhlizi" layihəsinin inkişafı üzrə uğurla əməkdaşlıq edirik".
İlham Əliyev əlavə edib ki, bu layihənin reallaşdırılması üçün 40 milyard dollardan çox investisiya lazımdır: "Cənub Qaz Dəhlizi" enerji diversifikasiya və enerji təhlükəsizliyi layihəsidir. Mən diversifikasiya deyəndə, təkcə marşrutları deyil, mənbələri də nəzərdə tuturam".
Dövlət başçısının sözlərinə görə, bu, Aİ və Azərbaycan arasında gələcək saziş üçün yaxşı əsasdır: "Bu gün əməkdaşlığımızın tarixində əlamətdar gündür, çünki biz əməkdaşlığımızda yeni səhifə açırıq. Mən danışıqlar aparan şəxslərə uğurlar arzulayıram və ümid edirəm ki, onlar vaxt itirməyəcək, danışıqlara başlayacaqlar və yaxın vaxtlarda bizim aramızda uzunmüddətli strateji əməkdaşlığı müəyyən edəcək sənədi təqdim edəcəklər".
Bu cür təmaslar tərəflər arasındakı gələcək münasibətlər üçün nə vəd edir?
Avropa qurumları ilə yaxından əməkdaşlıq edən, beynəlxalq münasibətlər üzrə ekspert Yeganə Hacıyeva qəzetimizə açıqlamasında bildirdi ki, belə təmaslar perspektiv üçün ciddi yaxınlaşma vəd edir: "Bildiyiniz kimi, bu həftə Brüsseldə Azərbaycanla Avropa İttifaqı arasında yeni strateji tərəfdaşlıq sazişinə dair danışıqlar başladı. Saziş energetika, iqtisadiyyat, nəqliyyat, ticarət, siyasət, hüquq və s. sahələri əhatə edir. Yeni saziş 1996-cı ildə imzalanmış tərəfdaşlıq və əməkdaşlıq haqqında sazişi əvəzləyəcək.
Ümumiyyətlə, Azərbaycan Aİ-nin enerji təhlükəsizliyinin təmin edilməsi, enerji təchizatının diversifikasiyasında mühüm rol oynayır və Azərbaycan-Aİ əməkdaşlığı tərəflər üçün strateji əhəmiyyət daşıyır.
Azərbaycan Aİ üçün mədəniyyətlərarası dialoqda əvəzedilməz körpü rolunu daşıyır.
Azərbaycanın əsas ticarət tərəfdaşlarından və investorlardan biri kimi Aİ, öz növbəsində, beynəlxalq münasibətlərdə özünün mühüm tərəfdaşı olan Azərbaycana siyasi və hüquqi dəstəyini ifadə edir, ölkəmizin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Həmçinin Aİ Azərbaycan iqtisadiyyatının modernləşdirilməsi və diversifikasiyası prosesinə öz təcrübəsini bölüşmək və paylaşmaq arzusundadır.
Daha öncə qeyd etdiyim kimi, Aİ ilə Azərbaycan arasında 1996-cı ildən beş əsas istiqamət - enerji, qanunvericilik, nəqliyyat, struktur dəyişikliyi və həmçinin müxtəlif mübadilə proqramları üzrə əməkdaşlıq mövcuddur. 2009-cu ildə Azərbaycan Şərq Tərəfdaşlığı Təşəbbüsünə qoşulmuş, Aİ ilə viza və readmissiya haqqında sazişlər imzalamışdır və genişlənən əlaqələr fonunda ölkəmiz Aİ tərəfindən Assosiativ üzvlük təklifi aldı. Strateji Tərəfdaşlıq sazişinin imzalanması Azərbaycanla Aİ arasında əməkdaşlığı daha yüksək səviyyəyə qaldıracaq.
Strateji Tərəfdaşlıq Sazişinin imzalanması Azərbaycan qanunvericiliyinin və prosedurlarının Aİ-nin standartlarına, beynəlxalq ticarət normalarına uyğunlaşdırılmasına, siyasi, təhlükəsizlik dialoqunun aparılmasına, Aİ-yə yüksək səviyyədə siyasi və iqtisadi inteqrasiyaya, Azərbaycan mallarının Aİ bazarlarına daxil olmasının asanlaşdırılmasını nəzərdə tutan addımlara səbəb olacaq. Azərbaycanın ÜTT-yə daxil olmasına dair danışıqlarda irəliləyişin əldə edilməsi rəqabət qabiliyyətli biznesə şəraitin yaranmasına səbəb olacaq.
Aİ Azərbaycanla bütün digər sahələrdə olduğu kimi, viza məsələsində də əməkdaşlığın dərinləşməsində maraqlıdır. Qeyd edim ki, Azərbaycan ilə Aİ arasında viza rejiminin sadələşdirilməsi və readmissiya barədə iki saziş mövcuddur. Azərbaycan viza rejiminin sadələşdirilməsi barədə sazişi uğurla həyata keçirmiş, miqrasiya qaydalarının pozmamış bir tərəfdaş kimi Avropa ilə viza prosedurunun tamamilə aradan qaldırılması üçün fəaliyyət planı tələb edəcək. Strateji tərəfdaşlıq sazişinin imzalanması ilə Aİ və Azərbaycan arasında vizasız rejimin növbəti mərhələsi başlayacaq".
Məhəmmədəli QƏRİBLİ