ABŞ-da məlum hakimiyyət dəyişiklyindən sonra Rusiya və NATO arasında ziddiyyətlərin sona yetəcəyi gözlənilsə də, bu baş vermir. Əsas səbəb odur ki, ABŞ-dan və Türkiyədən fərqli olaraq, NATO-nun digər üzvləri Rusiya ilə mövcud gərginliyin aradan qalxmasında heç də maraqlı görünmür.
Onlar hesab edir ki, NATO-nun indiki məqamda Rusiya qarşısında geri çəkilməsi Moskvanın Avropada mövqelərini gücləndirə, yaratdığı təhlükənin miqyasını artıra bilər. Elə bu səbəbdən NATO daxilində yaranan fikir ayrılığı fonunda qurumun Rusiya ilə münasibətlərində ziddiyyətlərin daha da kəskinləşməsi gözlənir. Bu ziddiyyətlərin son dövrlərdə NATO-nun daha çox diqqət ayırmağa başladığı Qafqazda da özünü qabarıq şəkildə büruzə verməsi istisna olunmur. Belə vəziyyətdə region ölkələrindən ən çətin vəziyyətdə Ermənistanın qalması gözlənir. Əvvəla, burada olan rus hərbi bazası və texnikası Ermənistanı açıq hədəfə çevirir. Digər tərəfdən, Ermənistan NATO-ya doğru addım atsa, Rusiyanın hədəfinə çevriləcək. Bunu erməni politoloq İqor Muradyan da istisna etmir. O bildirir ki, NATO Baltikyanı bölgədən başlamış Cənubi Qafqaza qədər irəliləyəcək. Onun sözlərinə görə, Cənubi Qafqazda Gürcüstan NATO-ya yaxınlaşır: "Ermənistanın rusiyayönümlü mövqeyinə baxmayaraq, ittifaq bizim ölkəni də öz içinə almaq istəyir. Lakin hərbi-siyasi rəhbərliyin rus oyunları davam edir. Hətta Belarus belə anlayır ki, Rusiya ilə əlaqələr onların ölkəsinin inkişafını məhdudlaşdırır".
Muradyan hesab edir ki, beynəlxalq təcridetmə Rusiyanın aqressiyasını artıracaq. Ekspertə görə, belə şəraitdə Ermənistan Qərb və NATO-ya meyllənsə, rus ordusu üçün hədəf olacaq: "Bu şərait Ermənistan üçün daha ağrılı olacaq. Rusiya Ermənistan üçün ciddi təhlükəyə çevrilir. Gec-tez Rusiya öz qəzəbini Ermənistanın üzərinə tökəcək və rus ordusu açıq hücuma keçəcək. Ermənistan bu hücumun qarşısını ala bilməyəcək". Qeyd edək ki, erməni ekspertlər Rusiyanın Gümrüdəki 102-ci hərbi bazasını Ermənistan üçün böyük təhlükə hesab edir. Onların fikrincə, Ermənistanın Qərbə doğru istənilən addımı zamanı rus ordusu hücum edəcək. İndilikdə isə Ermənistan NATO üçün hədəf sayılır. Ümumiyyətlə, Ermənistanın NATO-nun hədəfi olması hələ ötən ildən aktiv müzakirə olunur. Buna səbəb bu ölkənin ötən ilin sentyabr ayının 21-də hərbi parad zamanı nümayiş etdirdiyi "İsgəndər" operativ-taktiki raketləridir. Beynəlxalq ekspertlərin fikrincə, Ermənistan ərazisində yerləşdirilən "İsgəndər" operativ-taktiki raketləri Rusiyadan NATO təhdidinə qarşı yönəlib. Xatırladaq ki, ötən il Rumıniyanın Deveselu şəhərində yerləşən hərbi bazada NATO-nun "Aegis" yerüstü raketdən müdafiə sistemi (RMS) kompleksinin açılışı və bundan dərhal sonra Polşanın Redzikovo ərazisində analoji RMS komplekslərinin tikintisini Moskva milli təhlükəsizliyi üçün hədə adandırmışdı. Bundan sonra Rusiya təhlükəsizlik məqsədilə "İsgəndər"lərdən istifadə olunacağına dair NATO-ya xəbərdarlıq edib. NATO da, öz növbəsində, "İsgəndər" raket sistemlərinə qarşı addımlar atılacağını bildirib. Belə vəziyyətdə Rusiyanın "İsgəndər" raket sistemlərini Ermənistanda yerləşdirməsi bu ölkənin lə NATO hədəfi olması anlamına gəlir. Çünki Rusiyanın NATO ilə mümkün qarşıdurma halında NATO-nun ilk hədəfi Rusiyanın raket artilleriya sistemlərini sıradan çıxarmaq olacaq. Bu da Rusiyanın bufer zona seçdiyi Ermənistan ərazisinin hədəf olaraq vurulması deməkdir. Amma Ermənistanı təkcə "İsgəndər" raket sistemləri hədəfə çevirmir. Rusiya Müdafiə Nazirliyi Ermənistandakı 102-ci bazaya NATO-ya təhdid yaradan digər texnika da göndərir. Belə bir vaxtda yayılan məlumatlara görə, Rusiya Ermənistanda "Nebo-M" radiolokasiya stansiyası da yerləşdirə bilər. Məlumat üçün bildirək ki, "Nebo-M" radiolokasiya stansiyası raket hücumundan xəbərdarlıq və uzaq məsafələrdən aşkar etmə sistemini özündə birləşdirir. O, həm də zenit-raket bölmələri üçün hədəfləri aşkar edib koordinatlarını verir. Bu ilin əvvəllərinə olan məlumata görə, Rusiyanın radiotexniki qoşunları 10-dan çox "Nebo-M" kompleksinə malikdir. "Nebo-M" radiolokasiya kompleksi raket hücumu barədə xəbərdarlıq edən, o cümlədən aşağı hündürlükdə uçan, səsdən iti və səsdən çox iti-hipersürətli raketlərin, digər bu kimi uçan aparatların trayektoriyasını müəyyən edən yeganə kompleksdir. Kompleksin sınaqları 2009-cu ildə başlayıb. "Nebo-M" 1800 kilometrə qədər məsafədən hədəfləri aşkar edib izləyir. Kompleks sektor rejimində 200-250 kilometr məsafədə və 160 kilometrə qədər məsafədə dairəvi müşahidə rejimində reaktiv yaylım atəşi sistemlərinin korrektə edilən mərmilərini müəyyən edir.
"Nebo-M"in mühüm özəlliklərindən biri kimi onun hətta 1200 kilometr hündürlükdə, atmosferdən yuxarıda hədəfləri aşkar edə bilməsi göstərilir. Həmin hündürlükdən isə qitələrarası ballistik raketlər uça bilər. Rusiya iddia edir ki, komplekslərə cənub-qərb istiqamətlərində tələbat daha çoxdur. Çünki bu istiqamətdə NATO, eləcə də ABŞ Hərbi Hava Qüvvələrinin taktiki və strateji aviasiyasının fəallığı daha yüksəkdir. Rusiya mediası isə yazır ki, "Nebo-M" Gürcüstan istiqamətindən qaynaqlanan təhdidlərə qarşı da effektiv olacaq. Çünki Gürcüstan Vaziani hərbi bazasında NATO-nun tank bölmələrini və bir neçə batareya "Patriot MAC-3" və ya SAMP-T komplekslərini yerləşdirməyə hazırlaşır. Fikirlər səslənir ki, "Nebo-M" radiolokasiya kompleksinin Gümrüdəki 102-ci hərbi bazada yerləşdirilməsi istisna olunmur. Məhz bu vəziyyətdə NATO avtomatik olaraq "Nebo-M" radiolokasiya kompleksini sıradan çıxarmaq üçün raketlərini Ermənistan istiqamətinə tuşlayacaq. Bütün bunlar Ermənistanın gedərək daha çox NATO hədəfinə çevrildiyini göstərir. Bunu ermənilər də bilir və ondan da xəbərdardılar ki, Rusiyanın Ermənistanı hərbləşdirməsinə qarşı çıxsalar, Moskvanın hədəfi olacaqlar.
Nahid SALAYEV