İlqar Vəlizadə: "Rəsmi Vaşinqton özünə yeni hədəflər də seçir"
Məlum olduğu kimi, ABŞ prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində İranı dünyada bir nömrəli terrorçu dövlət adlandırıb. O, Obama iqtidarının Tehranla imzaladığı müqaviləni həyatında gördüyü ən pis müqavilə adlandıraraq tənqid edib.
Söhbət Obama administrasiyasının P5+1 ölkələri və İranla imzaladığı nüvə müqaviləsindən gedir. Trampın fikrincə, bu müqavilə əsassız yerə imzalanıb: "İran dünyada bir nömrəli terrorçu dövlətdir. Bu ölkə ABŞ-a qətiyyən hörmət etmir. Eyni zamanda, İran silahlanmaya külli miqdarda pul xərcləyir". Tramp, həmçinin, İrana qarşı tətbiq edilən sanksiyların bundan sonra gücləndiriləcəyinə söz verib.
Bundan əvvəl D.Tramp özünün "Tvitter" hesabında İranın ünvanına sərt ifadələr işlədib: "İran odla oynayır. Onlar prezident Obamanın İrana münasibətdə necə "xeyirxah" olduğunu lazımınca qiymətləndirmirlər. Mən isə belə olmayacağam!".
Digər tərəfdən, fevralın 3-də ABŞ İrana qarşı sanksiyaları genişləndirib. Rəsmi Vaşinqton sanksiyaların tətbiqini İranın ballistik raket proqramı və "Hizbullah" qruplaşmasının dəstəkləməsi ilə bağlayır.
Bəzi mülahizələrə görə, İran-ABŞ münasibətlərinin gərginləşməsi respublikaçılara xas olan bir əlamətdir. Çünki onlar İrana qarşı həmişə sərt mövqedən çıxış edirlər. Daha öncəki respublikaçı prezident - Corc Buş tərəfindən də İrana qarşı bu cür sərt mövqe var idi. İrana qarşı sanksiyaların tətbiq edilməsi o dönəmə təsadüf edir. Ancaq o da məlumdur ki, Barak Obamanın prezidentliyi dövründə münasibətlər əvvəlki dövrlərlə müqayisədə xeyli yumşalmışdı. Trampın İranı bir nömrəli terrorçu dövlət adlandırması bundan sonra iki ölkə münasibətlərinə necə təsir edəcək? İran-ABŞ münasibətlərini şərh edən politoloq İlqar Vəlizadənin fikrincə, buna kompleks prizmadan yanaşmaq lazımdır: "Bütün hallarda, siqnal bəllidir və ABŞ-ın Yaxın Şərq, İrana qarşı siyasəti dəyişir. Ancaq ABŞ-ı buna vadar edən İran və onun hərəkətləri deyil. Məsələyə kompleks baxmaq lazımdır. Məsələyə ABŞ-İsrail münasibətləri prizmasından baxanda görünür ki, ABŞ regionda müttəfiqlərinə yenidən nəzər yetirmək və özünə yeni müttəfiqlər tapmağa çalışır. Bundan əlavə, rəsmi Vaşinqton özünə yeni hədəflər də seçir. Bu hədəflərin kimliyi bəllidir. ABŞ son illərdə ənənəvi olan İŞİD, Bəşər Əsəd kimi hədəflərdən başqa, yeni hədəf kimi İranı götürüb. ABŞ İran siyasəti ilə ilk növbədə regionda öz mövqeyini möhkəmləndirmək istəyir. Bu siyasətin konkret əlamətlərini yaxın aylarda görəcəyik. ABŞ yaxın aylarda İrana qarşı daha ciddi sanksiyalar tətbiq edə bilər".
Vidadi ORDAHALLI