Aydın Mirzəzadə: "Çox istərdik ki, Ermənistandan beynəlxalq hüquq normalarına riayət olunması tələb edilsin"
İran prezidenti Həsən Ruhaninin martın sonunda Moskvaya səfəri zamanı Dağlıq Qarabağ münaqişəsi müzakirə ediləcək. RİA "Novosti" agentliyinin yaydığı məlumata görə, bu barədə İranın Rusiyadakı səfiri Levan Caqartyan bildirib.
O bununla bağlı verdiyi açıqlamasında bir sıra məsələlərə toxunub: "İran prezidenti Həsən Ruhani bu ilin mart ayının sonunda Rusiyaya səfər edəcək. Rusiya dövlətinin rəhbərliyi ilə siyasi və ticarət-iqtisadi sahələrdə ikitərəfli münasibətlər müzakirə ediləcək. Bundan başqa, şübhəsiz ki, səfər zamanı Əfqanıstandakı vəziyyət, Xəzər dənizi ilə bağlı problemlər, Dağlıq Qarabağ münaqişəsi kimi regional problemlər diqqət mərkəzində olacaq".
Son illər Azərbaycanın regional səviyyədə yürütdüyü siyasət kifayət qədər çoxşaxəli istiqamətdədir. Azərbaycan regionun, hətta dünyanın böyük qütbləri arasında körpü rolu oynamağı bacarır. Xüsusilə Türkiyə-Rusiya münasibətlərində Azərbaycanın rolu vurğulanır. Həmçinin, Cənubi Qafqaz regionunda aparıcı mövqeyinə uyğun olaraq, İranın və digər qonşu ölkələrin Cənubi Qafqazda, Yaxın Şərqdə oynayacağı rolda Azərbaycanın mövqeyi ilə hesablaşmağı vacibdir. Bu baxımdan Dağlıq Qarabağ münaqişəsinin həlli Azərbaycan siyasətinin prioritet məsələsidir. Cənubi Qafqazda bütöv bir təhlükəsizlik sistemi qurulmalıdır. Həmin təhlükəsizlik sisteminin qurulması üçün isə Dağlıq Qarabağ münaqişəsi həll olunmalıdır.
Bütün bu deyilənlərin fonunda, Ruhaninin Moskva səfəri zamanı aparacağı müzakirələr Dağlıq Qarabağ münaqişəsinin həllinə nə dərəcədə təsir göstərə bilər? Məsələyə münasibət bildirən millət vəkili, politoloq Aydın Mirzəzadənin sözlərinə görə, Dağlıq Qarabağ məsələsinin istənilən səviyyədə müzakirəsini Azərbaycan alqışlayır: "Ortada qonşu Ermənistan tərəfindən Azərbaycan torpaqlarının bir hissəsinin işğalı faktoru var. Dünya ictimaiyyəti bu məsələyə Ermənistanın nə qədər orta əsrlər təfəkkürü ilə yanaşdığının fərqinə varmalıdır. Rusiya və İran Azərbaycanın qonşularıdır, yaxşı münasibətlərimiz var. Hər iki ölkə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. O üzdən, Azərbaycan martın sonunda Həsən Ruhani ilə Vladimir Putinin görüşündə Dağlıq Qarabağ məsələsinin müzakirə olunmasına müsbət baxır. Ancaq biz çox istərdik ki, məsələ ancaq Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi barəsində diplomatik bəyanatlarla bitməsin. Ermənistandan beynəlxalq hüquq normalarına riayət olunması tələb edilməlidir. İşğalçı dövlətə qarşı sanksiyalar irəli sürülməlidir. Yoxsa qəribə bir təzad yaranıb. Bir tərəfdən Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirlər, digər tərəfdən isə, Ermənistanla çox sıx iqtisadi-siyasi əlaqələr həyata keçirirlər. Bu da Ermənistanın işğalçılıq siyasətini daha da gücləndirir".
Vidadi ORDAHALLI