Rəsul Cahangirli: "Görünür, bu kimi proqnozlar erməniləri həvəsləndirib və onlar üçün təsəllidir"
Ermənistanın panorama.am saytı BMT-yə istinadən xəbər yayıb ki, guya Ermənistanda iqtisadi artım bu il 2,5 faiz, gələn il isə 3 faiz, Azərbaycanda isə bu il 1 faiz, gələn il 1,5 faiz olacaq. Ermənistanın regionun ən zəif inkişaf etmiş ölkəsi olduğunu nəzərə alsaq, bu iddialar təbii ki, gülünc görünür.
Görünən odur ki, Ermənistan müxtəlif beynəlxalq qurumların verdiyi proqnozlardan spekulyasiya məqsədilə istifadə edir. Məsələ ondadır ki, bu günlərdə Dünya Bankının bir sıra ölkələrlə bağlı proqnozu yayılmışdı. Orada bildirilirdi ki, Azərbaycanda bu il iqtisadi artım 1.2 faiz təşkil edəcək. Bank 2017-ci ildə, ümumiyyətlə, qlobal iqtisadi artım tempinin 2.7 faizə qalxacağını, keçən böhran ilindən sonra inkişaf etməkdə olan ölkələrdə, təzə yaranan bazarlarda əngəllərin ortadan qalxdığını, bunun da iqtisadi artıma təkan verəcəyini deyir.
Bütün bunların fonunda, Ermənistan saytlarının belə proqnozlar səsləndirməsini ekspertlər nə ilə izah edir? Məsələyə münasibət bildirən ekspert Rəsul Cahangirlinin sözlərinə görə, Ermənistanın iqtisadi imkanları məhduddur: "Beynəlxalq Valyuta Fondu proqnoz vermişdi ki, bu il Ermənistanın iqtisadi artım tempi 3,5 faiz olacaq. Qurumun ekspertləri daha uzun perspektivdə, yəni 2021-ci ilə kimi Ermənistanda ümumdaxili məhsulun artımının davam edəcəyini gözləyirlər. Bu rəqəmin 4 faizə çatacağı bildirilir. Görünür, bu kimi proqnozlar erməniləri həvəsləndirib və onlar üçün təsəllidir. Ancaq BMT-nin bununla bağlı hər hansı proqnozu yoxdur. Məsələnin digər tərəfinə gəldikdə isə, Ermənistanın nə iqtisadiyyatı var ki, orada artım olsun?! Ermənistanın builki dövlət büdcəsi heç 3 milyard dollar deyil. Üstəlik, əmək qabiliyyətli vətəndaşların ölkəni tərk etməsi hər dəfə daha çox özünü göstərir. Azərbaycan böyük iqtisadi layihələr reallaşdırır. Böhrana gəldikdə isə, bu, bütün ölkələrin iqtisadiyyatına öz mənfi təsirini göstərib". Vidadi ORDAHALLI