Elşən Həsənov: "O da işğal davam etdikcə, mümkün deyil"
İşğal altındakı Ağdərə rayonunun bu ilin aprelində faktiki olaraq Azərbaycan ordusunun nəzarətinə keçən, ermənilərin məskunlaşdığı Talış kəndindən qaçan ailələrin bir hissəsinə Ağdərənin Alaşan kəndində 20 yeni ev ayrılıb. Bu haqda qondarma rejimin "hökuməti" bildirir.
Bundan əvvəl Ermənistan hakimiyyəti Talış kəndindən qaçan erməni ailələrinin geri qaytarılmasına çalışdığını açıqlamışdı. Lakin Talış erməniləri bundan imtina edir və bildirirlər ki, kəndin yuxarısındakı yüksəkliklər Azərbaycan ordusunun nəzarətində olduğu müddətdə geri qayıtmayacaqlar.
Dağlıq Qarabağın "təhlükəsizlik şurasının katibi", general Vitali Balasanyan isə deyib ki, təmas xətti boyu "modernləşdirilmiş müdafiə xətti" Talış kəndinin təhlükəsizliyini "yüksək səviyyədə təmin etməyə" imkan verir. "Mən xalqımızı əmin edirəm ki, Talışın təhlükəsizliyi məsələsində narahatlıq yoxdur" - Balasanyan erməniləri kəndə qayıtmağa dəvət edərək deyib. O, Talış kəndinin statusunun dəyişdiriləcəyini və rayona çevriləcəyini də bildirir.
"Bir neçə aydan sonra hamı Talışın tam bərpa olunmasının və genişlənərək bütün infrastruktura malik rayon statusu almasının şahidi olacaq. Qanunvericilik təşəbbüsü əsasında Talış sakinləri, habelə təmas xəttinə yaxın digər kəndlərin sakinləri üçün işıq və qaz pulunda ciddi güzəştlər ediləcək, habelə vergi güzəştləri olacaq. Talışın bərpa olunması üçün artıq bir sıra erməni arxitektorlarına və diaspora müraciət olunub" - bu yaxınlarda həmin vəzifəyə təyin olunmuş Balasanyan deyib.
Faktiki olaraq sübut olunur ki, əhali həmin ərazilərdə yaşamaqdan ehtiyat edir. Erməni rəsmilərinin verdiyi şirnikləndirici vədlər əhalini həmin yerə qaytara bilərmi?
Ekspert Elşən Həsənov qəzetimizə açıqlamasında bildirdi ki, aprel döyüşləri zamanı Azərbaycan ordusu ermənilərin Talış kəndi ətrafındakı yüksəkliklərdə olan mövqelərini ələ keçirib: "Bununla da kənd və ona bitişik ərazilər Azərbaycan ordusunun vizual nəzarəti altına düşüb. Nəticədə Talış kəndində məskunlaşdırılmış 3 minə yaxın erməni qaçıb. Onlardan bir hissəsi Ermənistanda, bir hissəsi Xankəndidə məskunlaşıb. Ermənistan hakimiyyəti Talış ermənilərini geri qaytarmaq üçün dəfələrlə onlara şirnikləndirici vədlər versə də, bu vədlərə inanan yoxdur. Məsələn, Talış kəndindən olan ermənilər deyir ki, onlar kəndə geri qayıda bilər, bir şərtlə ki, nazirlər və vəzifəli məmurlar da kəndə köçüb yaşasın. İndi isə belə görünür ki, erməni hakimiyyəti Talış kəndi ilə bağlı yeni şirnikləndirici vəd verməyi qərara alıb. Bu dəfə söhbət kəndin genişləndirilərək "rayona çevrilməsi"ndən gedir.
Hətta separatçılar Talış kəndinin keçmiş sakinlərinə "sizə yeni evlər tikəcəyik", "pul verəcəyik" kimi müxtəlif yağlı vədlər verir. Ancaq Ermənistanın müxtəlif rayonlarında və Xankəndidə məskunlaşan ermənilər Talış kəndinə qayıtmaq istəmir. Onlar nə təzə ev, nə də pul istəyir, yeganə istəkləri Talışda təhlükəsizlik təminatıdır. O da işğal davam etdikcə, mümkün deyil və bunu Talış kəndinin erməni sakinləri Ermənistan hakimiyyətindən və Xankəndidəki separatçıların liderlərindən daha yaxşı anlayır".
Məhəmmədəli QƏRİBLİ