Qabil Hüseynli: "Şoyqunun bəyanatından da görünür ki, burda birgə ordudan söhbət getmir"
Xəbər verdiyimiz kimi, Moskvada Azərbaycanın müdafiə naziri Zakir Həsənov və Rusiyanın müdafiə naziri Sergey Şoyqu arasında MDB Müdafiə Nazirləri Şurasının növbəti iclası çərçivəsində keçirilən görüşdə iki ölkə arasında hərbi və hərbi-texniki əməkdaşlığın inkişafı perspektivləri müzakirə edilib.
S.Şoyqu deyib ki, bu il Azərbaycan və Rusiya müdafiə nazirlikləri arasında əlaqələr plan üzrə gedib: "Bu plana əlavə kimi bizim beynəlxalq terrorla mübarizəyə qarşı birgə işimizi göstərmək olar. Burada beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində vəziyyətin dəyişməsi xüsusi rol oynayır. Bizim hərbi əməkdaşlıq sahəsində planlarımız yerinə yetirilir".
Rusiyanın müdafiə naziri onu da deyib ki, Azərbaycan bu gün Xəzər regionunda təhlükəsizlik forpostudur: "Ona görə də biz bu sahədə daha effektli əməkdaşlıq etməliyik. Ümid edirik ki, 2017-ci ildə iki ölkənin hərbi dəniz donanma komandanlığının Xəzərdə təhlükəsizlik məsələlərinin nizamlanması ilə bağlı strukturunun yaradılmasına nail olacağıq".
Şoyqunun Xəzərdə təhlükəsizliyin nizamlanması ilə bağlı strukturun yaradılması barədə verdiyi bəyanat ermənilərin Rusiya ilə birgə ordu yaratmaqdan irəli gələn sevincli eyforiyasının qarşı tərəf kimi Azərbaycanla kompensasiya olunması üçün nəzərdə tutula bilərmi?
Politoloq Qabil Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, Rusiya Xəzərdə olan maraqlarını gizlətmir:
"Rusiya Ermənistanla nə qədər yaxınlıq etsə də, ona Azərbaycanla olan münasibətlərə müdaxilə etməməyi tapşırır. Biz bunu Rusiyada keçirilən mətbuat konfransında erməni jurnalistin Putinə ünvanladığı suala verilən cavab zamanı da gördük. Həmin vaxt Rusiyanın Azərbaycana niyə silah satması ilə maraqlanan jurnalistə qısa və konkret cavab verildi ki, bu, Rusiyanın öz işidir. Rusiya bu cür məsələlərdə balansı saxlamağa çalışsa da, faktiki olaraq, təəssübkeşlikdə ağırlığı Ermənistan tərəfə salıb. Xəzərin statusu ilə bağlı Rusiyanın mövqeyi qətidir. Onlar dənizdə kənar qüvvənin hegemonluğu üçün əsas vermək istəmir. Xəzərdə Azərbaycanla birgə hərbi təlimlər də keçirilib. Şoyqunun məlum bəyanatı sübut edir ki, ermənilər heç də onlar üçün əvəzolunmaz müttəfiq deyil. Rusiya maraqları üçün istədiyi ölkə ilə əməkdaşlıq edə bilər. Ancaq Azərbaycan bu məsələdə öz müstəqilliyini qoruyur, heç də ermənilər kimi, rus ordusunu yuxarı başa keçirmir. Yəni Şoyqunun bəyanatından da görünür ki, burda birgə ordudan söhbət getmir. Belə əməkdaşlığa isə Azərbaycan hər zaman hazır olduğunu bəyan edib".
Məhəmmədəli QƏRİBLİ