Aqşin Əliyev: "Rusiya münasibətlərimizin daha da normal məcraya yönəlməsi üçün Dağlıq Qarabağ probleminin həllinə öz təsirini göstərməlidir"
Xarici işlər nazirinin müavini Xələf Xələfov Azərbaycan və Rusiya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsinin keçirilməsi məqsədilə Bakıda səfərdə olan Rusiyanın dövlət katibi, xarici işlər nazirinin müavini Qriqori Karasinlə görüşü zamanı qeyd edib ki, ölkələrimiz arasında münasibətlər dövlət başçılarının müəyyən etdiyi kurs əsasında uğurla davam etdirilir və prezidentlərin şəxsi dostluğuna, qarşılıqlı inam və etimada əsaslanır.
O, Azərbaycan-Rusiya əməkdaşlığının strateji xarakter daşıdığını bildirib və yüksək səviyyəli qarşılıqlı səfərlərin, ikitərəfli və regional formatda görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb.
Q.Karasin bildirib ki, ölkələrimiz arasında münasibətlər bütün sahələrdə inkişaf edir və rəsmilər arasında mütəmadi təmaslar gündəlikdə olan məsələlərin həllinə töhfə verir. O, gələn il Moskvada Rusiya-Azərbaycan diplomatik münasibətlərinin qurulmasının 25 illiyinin qeyd ediləcəyini və bu xüsusda nazir Elmar Məmmədyarovun rusiyalı həmkarı tərəfindən bu ölkəyə səfərə dəvət edildiyini bildirib. Q.Karasin, həmçinin, BMT Baş Assambleyasında Rusiyanın təşəbbüsü ilə nasizmin qəhrəmanlaşdırılması ilə mübarizəyə dair qətnamənin qəbulunda verdiyi dəstəyə və həmmüəllif kimi qoşulmasına görə Azərbaycan tərəfinə minnətdarlığını bildirib.
Növbəti ildə qeyd ediləcək diplomatik münasibətlərin qurulmasının 25 illiyi ilə bağlı hansı fikirləri bildirmək olar? Bu, necə yol olub, bununla bağlı ölkələrin tam potensialından istifadə olunubmu?
Ekspert Aqşin Əliyev qəzetimizə açıqlamasında bildirdi ki, bu gün Azərbaycan-Rusiya münasibətləri yüksəliş mərhələsindədir: "Bizi Rusiya ilə birləşdirən bir çox ortaq dəyərlər var. Uzun müddət eyni ölkənin tərkibində yaşamışıq. Ünsiyyət problemimiz yoxdur. Ancaq dövlətlərarası münasibətlərdə heç də yollar hamar olmur. Bu müddət ərzində Rusiya ilə aramızda qurulan qarşılıqlı münasibətə hörmətlə yanaşmışıq. Biz ictimai-siyasi, ticari-iqtisadi və humanitar sahələrdə sıx əməkdaşlıq edirik. Rusiya Federasiyasının subyektləri ilə Azərbaycanın regionlararası əlaqələri səmərəli və dinamik inkişaf edir.
Cənubi Qafqazda etnik rusların ən çoxu Azərbaycanda yaşayır. Azərbaycanda rus kəndlərinin adları dəyişdirilməyib. İsmayıllı rayonunda İvanovka kəndi, Gədəbəy rayonunda Slavyanka, Masallı rayonunda Kalinovka, Quba rayonunda Alekseyevka, Vladimirovka və bir sıra başqa kəndlər var.
Respublikada rus dilinə böyük maraq var. Dövlət də bu sahənin təşviqində maraqlıdır.
Rus dilində təhsil alan şagirdlərin və tələbələrin sayı 100 min nəfərdən çoxdur. Tez-tez qarşılıqlı forumlar təşkil olunur. Rusiyada azərbaycanlılara normal münasibət var. Onlar ölkənin bütün sahələrində təmsil olunur. Xüsusilə də bildirmək istərdim ki, bizim çoxlu sayda soydaşımız orada biznes fəaliyyətilə məşğul olur. Siyasi aspektdən isə, deyə bilərik ki, ölkələr, xüsusilə də Rusiya bu yöndə bütün potensialından istifadə etmir. Azərbaycanın bu sahədə Rusiyadan gözləntiləri çoxdur. Hesab edirik ki, Rusiya münasibətlərimizin daha da normal məcraya yönəlməsi üçün Dağlıq Qarabağ probleminin həllinə öz təsirini göstərməlidir".
Məhəmmədəli QƏRİBLİ