Azərbaycan diasporunun kifayət qədər çoxluq təşkil etdiyi postsovet ölkələrindən biri də Ukraynadır. Sözügedən ölkədə təxminən yarım milyon soydaşımız yaşayır və müxtəlif istiqamətdə fəaliyyət göstərir. Amma məlum Maydan hadisələrindən sonra Ukraynada yaranan vəziyyət buradakı soydaşlarımızın durumuna da təsirsiz ötüşmür.
Xüsusən də onlara qarşı müxtəlif səpkili cinayət hadisələri, bizneslərinin əllərindən alınması, qətl hadisələri və bu kimi hallar özünü daha qabarıq formada büruzə verir. Təəssüf ki, bu hadisələrin çoxunun üstü açılmamış qalır. Müşahidəçilər bu prosesdə Ukraynanın erməni əsilli daxili işlər naziri Arsen Avakovun rolunun heç də az olmadığını bildirir.
Qeyd edək ki, hazırda Ukraynada oliqarxlar arasında yeni hakimiyyət savaşı başlanır. Burada əsas fiqurlardan biri məhz Avakovdur. O hətta özü, bu mümkün olmasa, yaxın adamını belə prezident postuna gətirməyə hazırlaşır.
Bu arada nazirin istefası tələbilə Kiyev vilayətindəki evinin qarşısında aksiya keçirilib. Aksiya təşkilatçıları özlərini "avtomaydançılar" adlandırıb. Aksiya təşkilatçıları A.Avakovu polisdə uğursuz islahatlar aparmaqda, korrupsionerləri himayə etməkdə, 2014-cü ilin qışında Kiyevin Müstəqillik meydanında aksiyaçılara qarşı güc tətbiqində günahlandırıblar. Xatırladaq ki, ötən bazar Kiyevin Knyajiçi qəsəbəsində cinayətkarları yaxalamaq üçün keçirilən əməliyyat zamanı anlaşılmazlıq yaşanıb, mühafizə polisi ilə atışma olub. Nəticədə 5 polis həlak olub. Bütün bunlar fonunda həm əhalinin, həm də hakimiyyətdə yer alan digərlərinin Avakovdan narazılığı artır. Xatırladaq ki, o, nazir gələnə kimi ticarət, inşaat, ərzaq məhsulları istehlakçısı kimi məşhur olub. 2008-ci ildə 130 ən varlı ukraynalı siyahısında 67-ci yeri tutub. Məlumatlara görə, A.Avakov 385 milyon dollarlıq sərvətə malikdir. Avakov Viktor Yuşşenkonun kadrı hesab olunur və onun yaxın qohumları ilə biznes əlaqələrinə malikdir. 2012-ci ildə ona cinayət işi açılıb. Lakin Avakov xaricə qaçaraq, 2014-cü ilə qədər İtaliyada yaşayıb. Maydan hadisələrindən sonra Ukraynaya qayıdıb. Pyotr Poroşenkonun hakimiyyətində daxili işlər naziri vəzifəsini icra edir. A.Avakovun homoseksual olması haqda məlumatlar da Ukrayna mediasında yayılıb. O, yeni hökumətdə, demək olar ki, hər kəslə, xüsusilə də Odessanın sabiq rəhbəri, Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili ilə qarşıdurma yaşayır. Son dövrlərdə Ukraynadakı azərbaycanlı iş adamlarının qəddarlıqla öldürülməsi, oğurlanaraq yoxa çıxması kimi halların arxasında da məhz erməni əsilli nazirin olduğu vurğulanır. Bu fonda hələ cari ilin sentyabrında Ukraynada yaşayan azərbaycanlılar ölkə prezidenti və daxili işlər nazirinə məktub ünvanlayıblar. Məktub Ukrayna Daxili İşlər Nazirliyinin qarşısında azərbaycanlıların keçirdiyi etiraz aksiyasından sonra göndərilib. Məktubda aksiyadakı tələblər bir daha xatırladılaraq bildirilib ki, azərbaycanlılara qarşı cinayətlərin pik həddinə çatması yarım milyona qədər azərbaycanlı üçün Ukraynanı təhlükəli ölkəyə çevirib. Məktubda dərhal bu hadisələrinin qarşısının alınması tələb olunub. Amma ötən zaman ərzində bu istiqamətdə hələ də hansısa irəliləyiş yoxdur. Hesab edilir ki, Ukraynada azərbaycanlı iş adamlarının oğurlanması və öldürülməsinin arxasında məhz Arsen Avakov dayandığından, hansısa yenilik yoxdur. Əksinə, yenə də azərbaycanlı iş adamları oğurlanır, onların biznes dairələrinə hücumlar edilir. Bütün bunlar soydaşlırımızın erməni nazirdən narızılığının daha da artmasına səbəb olur. Amma Avakovdan narızılığı təkcə soydaşlarımız etmir. O artıq bütün Ukraynada narazılıq hədəfidir. Amma bu şəraitdə Avkovun iddiları daha da artıb. Hətta məlumatlara görə, Avakov prezident kreslosunu məsləhətçisi İlya Kivaya söz verib. İlya Kiva bu haqda "Skrypin.ua"nın efirində danışıb: "Mən Milli Polisin başçısı olmağa hazırlaşmıram, çünki mənim qarşımda daha geniş və əhəmiyyətli məsələlər dayanır. Bunları mənim rəhbərliyim müəyyən edib. Hansı məsələlər? Ölkəyə rəhbərlik kimi". Təşvişə düşmüş aparıcı Roman Skrıpin "prezident olacaqsınız?" deyə soruşub. Kiva belə cavab verib: "Məcburidir. Sadəcə hər şeyin öz vaxtı var".
Qeyd edək ki, məhz bu fonda Avakov millətçi "Azov"u himayə etməkdə, "İnter" telekanalına hücumun təşkilində və hətta ölkə prezidenti Pyotr Poroşenkonu postundan kənarlaşdırmaq üçün hazırlıqda ittiham olunur. Hazırda onun əlində olan alay Avakovun şəxsi ordusu hesab edilir və kifayət qədər gücə malikdir. Bu səbəbdən kimsə Avakova qarşı daha açıq mübarizəyə də cəsarət etmir.
Nahid SALAYEV