Arzuxan Əlizadə: "Reallıq ondan ibarətdir ki, Suriya və İraq aparıcı dövlətlər üçün daha prioritet təşkil edir"
ABŞ Konqresinin Nümayəndələr Palatası hərbi məsələlərdə Rusiya ilə əməkdaşlığı məhdudlaşdıran müdafiə büdcəsini qəbul edib.
Sənəd Moskva Ukrayna ərazilərinin işğalına son qoymayınca, Ukrayna və NATO ölkələrinin suverenliyi və ərazi bütövlüyü üçün təhlükə yaradan təcavüzkar fəaliyyətindən əl çəkməyincə, həmçinin, Minsk sazişlərinə əməl etməyə başlamayınca, Rusiya ilə hərbi əməkdaşlığa vəsait ayırmağı qadağan edir. Qadağa Əfqanıstanda logistika sahəsində əməkdaşlığa aid deyil. Sənəd 34 nəfər əleyhinə olmaqla, 375 səslə qəbul edilib.
Sənəd, həmçinin, Krımı Rusiyanın tərkib hissəsi kimi tanıyan hər bir fəaliyyətin maliyyələşdirilməsinə qadağa qoyur. Eyni zamanda, Pentaqon Konqresi bu addımın ABŞ-ın milli maraqları üçün zəruri olduğuna əmin edəcəyi təqdirdə məhdudiyyətlər qaldırıla bilər.
Bundan əlavə, qanun layihəsi "Rusiyanın qarşısını almaq üçün" 4,3 milyard dollar vəsaitin ayrılmasını nəzərdə tutur. Vəsait "siyasi, iqtisadi və ictimai diplomatiya"ya, habelə NATO üzrə müttəfiqlərin və ABŞ-ın Avropa və Asiyadakı digər tərəfdaşlarının dəstəklənməsinə xərclənəcək.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ Konqresinin rəsmi Moskva ilə hərbi əlaqələrin məhdudlaşdırılması ilə bağlı qərarını şərh edib: "Burada yeni heç bir şey yoxdur. Pentaqonun hələ ötən büdcəsində hərbi idarələr xətti üzrə əlaqələrə qadağa yer alırdı".
Bütün hallarda, Konqresin məlum qərarı Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsində ABŞ-Rusiya əməkdaşlığına necə təsir göstərəcək? Məsələyə münasibət bildirən AMİP-in baş katibi Arzuxan Əlizadənin sözlərinə görə, şübhəsiz, bu, münaqişənin tənzimlənməsinə müsbət təsir etməyəcək: "Son dövrlər ABŞ-Rusiya münasibətlərində yaşanan fikir ayrılıqları dünyanın bir sıra münaqişə ocaqlarında, xüsusən də Suriyada vəziyyətin daha da dramatikləşməsi ilə müşahidə olunur. Görünən odur ki, Birləşmiş Ştatlar Ukrayna məsələsində Rusiyaya güzəştə getmək istəmir. Avropa İttifaqı da analoji mövqe sərgiləyir, baxmayaraq ki, Rusiyaya qarşı sanksiyalar bu qurumun iqtisadi maraqlarına cavab vermir. Bütün hallarda, məlum sanksiyalar Moskva və Vaşinqton arasında münasibətlərin soyuqlaşmasına təsir göstərəcək. Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə gəldikdə isə, əlbəttə, bu, problemin həlli baxımından yaxşı hal deyil. Ancaq bir şeyi də nəzərə almalıyıq ki, ABŞ-Rusiya münasibətləri yaxşı olanda belə bu, Dağlıq Qarabağ münaqişəsinin həllini tezləşdirməyib. Təəssüflər olsun ki, Rusiya ilə yanaşı, digər həmsədrlər də münaqişənin həlli ilə bağlı ciddi səy göstərmir. Rusiyanın münaqişənin həlli ilə bağlı təsir rıçaqları daha böyükdür. Reallıq ondan ibarətdir ki, Suriya və İraq aparıcı dövlətlər üçün daha prioritet təşkil edir, nəinki Dağlıq Qarabağ münaqişəsinin həlli".
Vidadi ORDAHALLI