Məlum olduğu kimi, Rusiyanın yeni xarici siyasət konsepsiyasında Qarabağ münaqişəsinin həlli prioritet istiqamətlərdən biri kimi göstərilib. Rusiya bu münaqişənin çoxtərəfli danışıqlar, Minsk Qrupu həmsədr ölkə başçılarının qarşılıqlı əməkdaşlığı və həmsədr ölkələrin 2009-2013-cü illərdəki birgə bəyanatları əsasında həllini əsas götürəcəyini bildirir.
"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev mövzu ilə bağlı açıqlamasında bir maraqlı nüansa diqqət çəkdi ki, həmin konsepsiyada BMT TŞ-nin məlum dörd qətnaməsi xatırlanmır.
"Təfsilatlı məlumat yoxdur ki, konsepsiyada BMT TŞ-nin Qarabağ münaqişəsinin həllinə dair dörd qətnaməsi xatırlanır, ya yox. Əslində, Rusiyanın münaqişənin həllini öz xarici siyasətinin prioritetlərindən biri sayması müsbət haldır. Görünür, Rusiya bu regionda təhlükəsizlik üçün özünün də çox məsuliyyət daşıdığını göstərmək istəyir. Konsepsiyada Rusiya Qarabağ münaqişəsinin həlli prosesində özünün iştirakçılıq çərçivəsini müəyyən edib. Bunlar həmsədr ölkə başçılarının birgə bəyanatları, çoxtərəfli danışıqlar formatı və Minsk Qrupunun həmsədr ölkələri ilə işbirliyindən ibarətdir.
Fikrimcə, BMT TŞ-nin dörd məlum qətnaməsi nəzərə alınmadan vasitəçiliyin etibarlı və tam əhatəli çərçivəsini çəkmək olmaz. Yəqin ki, Rusiyanın yeni xarici siyasət konsepsiyasında BMT TŞ-nin dörd məlum qətnaməsinə yanaşmanın necə olması diplomatik kanallarla dəqiqləşdiriləcək. Buna çox da ehtiyac var".
İradə SARIYEVA