Qulu İsmayılov: "Ermənistan bununla eyni zamanda Rusiyanın diqqətini cəlb etmək istəyir"
"SOCAR-Georgia" MMC-nin baş direktoru Mahir Məmmədov bildirib ki, Gürcüstanın Neft-Qaz Korporasiyasının səhmlərinin 25 %-i rəsmi qaydada satışa çıxarılarsa, biz bu məsələyə baxa bilərik:
"Bizdə olan ilkin məlumata görə, Gürcüstanın Neft-Qaz Korporasiyasının səhmlərinin 25 %-i satışa çıxarılır. Korporasiyanın fəaliyyət dairəsinə həm Gürcüstanın bütün resursları, həm də qaz kəmərləri daxildir. Bu barədə hələlik şifahi söhbətlər var. Heç bir rəsmi addım atılmayıb. Rəsmi şəkildə addım atılarsa, biz bu məsələyə baxmağa hazırıq".
Xatırladaq ki, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili bildirib ki, Neft-Qaz Korporasiyasının səhmlərinin 25 %-i satışa çıxarıla bilər.
Ermənistan mətbuatı yazıb ki, korporasiyanın səhmlərinin satışa çıxarılması bu ölkə üçün olduqca neqativ hadisə olacaq: "Gürcüstanın ən iri investoru olan SOCAR-ın korporasiyanın səhmlərinə sahib çıxması Ermənistan üçün təhlükəlidir. Azərbaycan tərəfi Gürcüstandan Ermənistana qaz nəql edən kəmərin fəaliyyətinə maneələr törədə bilər".
Qəzetə açıqlama verən Gürcüstan parlamentinin deputatı David Çiçinadze bildirib ki, hələlik səhmlərin satışı prosesi başlamadığından, potensial alıcılar barəsində danışmaq tezdir: "SOCAR Gürcüstanda hər hansı qaz və ya nəqliyyat dəhlizinə sahib deyil, buna görə də hadisələrin bu cür inkişafının ehtimalı olduqca aşağıdır".
SOCAR deyilən paya sahib çıxarsa, doğrudanmı Ermənistanın qaz təminatında problem yaranar?
İqtisadçı Qulu İsmayılov qəzetimizə açıqlamasında bildirdi ki, SOCAR-ın Gürcüstandakı uğurları Ermənistanı narahat etməyə bilməz: "Söhbət bizimlə düşmən olan, torpaqlarımızı işğal altında saxlayan bir ölkədən gedir. Fikir versəniz görərsiniz ki, Ermənistan ölkəmizin üzv olduğu və ya müstəqil şəkildə həyata keçirmək istədiyimiz bütün infrastruktur layihələrinə etirazını bildirir. Arqument kimi də heç bir əsası olmayan dəlilləri irəli sürür. Gürcüstanın Neft-Qaz Korporasiyasının səhmlərinin 25 %-nin alınması hələ reallaşmayıb. Söhbət ortaya atılan kimi Ermənistan həyəcan təbili çalır. Azərbaycanı və onun brend olan şirkətini başqa rakursda təqdim edir. SOCAR-ın həmin payı əldə etməsi heç də o anlama gəlmir ki, şirkət Gürcüstanın bağladığı müqavilələrə də müdaxilə edə bilər. Ermənistan bununla eyni zamanda Rusiyanın diqqətini cəlb etmək istəyir. Ancaq siz burada olan məntiqsizliyə diqqət edin. Ermənistana Gürcüstan vasitəsilə Rusiyadan qaz nəql edilir. Gürcüstan bu məsələdə tranzit ölkədir və bu işə görə büdcəsinə pul daxil olur. Rusiya ilə Gürcüstanın münasibətləri çox gərgindir. Hətta iki ölkə arasında 5 günlük müharibə də yaşandı. Elə lazım olsaydı, Gürcüstan Rusiyaya zərbə vurmaq üçün Ermənistana qaz nəqlini dayandırardı. İqtisadi cəhətdən Azərbaycan üçün çox rentabelli müqavilə olacaq. Bu səbəbdən də ermənilər əl-ayağa düşüb".
Məhəmmədəli QƏRİBLİ