Çrnadak: “İstəyirik ki, Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun”
"Son vaxtlar Ermənistan tərəfdən xoşagəlməz bəyanatlar gəlir". APA-nın məlumatına görə, bu sözləri Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bosniya və Herseqovinadan olan həmkarı İqor Çrnadakla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O bu bəyanatları izlədiklərini deyib: "Bu bəyanatlar sülh prosesində mənfi rol oynayır. Görüşlərdə danışıqlar bu şəkildə aparılmır. Danışıqların hansı istiqamətində aparılması sirr deyilir. Müzakirə olunan sənəddə də qeyd olunur ki, Ermənistan qoşunları işğal olunmuş ərazidən mərhələli şəkildə çıxarılmalıdır. Status məsələsi də müzakirə olunur. Lakin əgər ilk mərhələdə statusu qaldırsaq, bu sülh prosesini öldürmək deməkdir. Çünki gərək azərbaycanlı icması Qarabağa qaytarılmalıdır. Onlar da oranın sakinləridirlər".
"Hər dəfə deyirik ki, biz imitasiya üçün danışıqlar aparmırıq. Biz gərək sülh naminə işləyək" – deyə nazir bildirib.
Nazir Ermənistan tərəfinin hələ də Hamburq görüşü ilə bağlı cavab vermədiyini bildirib. "Onlar görüşdən də qaçırlar. Demək sülh prosesinə dəstək vermirlər", - deyə nazir qeyd edib.
“Azərbaycanla Bosniya və Herseqovina arasında mehriban və gözəl münasibətlər var”. Bunu isə Bosniya və Herseqovina xarici işlər naziri İqor Çrnadak deyib.
O bildirib ki, tərəflər iqtisadi münasibətləri inkişaf etdirmək niyyətindədir: "Biz Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək veririk. Bu yaxınlarda bu barədə parlamentimizdə sənəd qəbul olunub. İstəyirik ki, münaqişə sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun".
Enerji layihələri barədə danışan nazir bildirib ki, ölkəsi bu sahəyə böyük maraq göstərir: "Bosniya və Herseqovina islahatlar həyata keçirir, ölkəmizi sərmayə üçün cəlbedici etmək istəyirik. Azərbaycan artıq investisiya yatırır, lakin bunun həcmini artırmaq istəyirik. Gələcəkdə biznes-forum da keçirmək niyyətindəyik".
Nazir 2 il əvvəl ölkəsində baş verən daşqınlar zamanı Azərbaycanın etdiyi yardıma görə təşəkkür edib.