Elmar Hüseynli: "Onların tam həyata keçməsi imzalanan razılaşmaların qlobal əhəmiyyətinə bir daha işıq salmış olacaq"
Prezident İlham Əliyev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan Hökumətlərarası İqtisadi Əməkdaşlıq Komissiyasının həmsədri Mahmud Vaezinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Dövlət başçısı Mahmud Vaezinin Bakıda keçirilən XXII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları ("Bakutel-2016") sərgi və konfransında iştirakının önəmini qeyd edib və səfərin ikitərəfli münasibətlərimizin müzakirəsi üçün də yaxşı fürsət yaratdığını vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanla İran arasında əlaqələrin bütün sahələrdə çox uğurla inkişaf etməsindən məmnunluğunu ifadə edərək, bu işdə Hökumətlərarası Komissiyanın həmsədri kimi Mahmud Vaezinin rolunu xüsusi vurğulayıb. Dövlət başçısı ölkələrimizin həyata keçirdiyi birgə layihələrin qlobal xarakter daşıdığını deyib. Son vaxtlar ikitərəfli əlaqələrimizlə bağlı bir çox məsələlərin həllini tapdığını və uğurlu əməkdaşlığın davam etdirildiyini vurğulayan Prezident İlham Əliyev ümidvar olduğunu bildirib ki, gündəlikdə hələ çox məsələlər var və onlar da öz həllini ardıcıllıqla tapacaq, ölkələrimiz istədikləri məqsədlərə nail olacaq.
Azərbaycanla İran arasında həyata keçirilən layihələrin qloballığı nə ilə ölçülə bilər?
Ekspert Elmar Hüseynli qəzetimizə açıqlamasında bildirdi ki, Azərbaycan əməkdaşlıqla bağlı bütün ölkələrə açıqdır: "Xüsusilə də ölkəmizin yerləşdiyi coğrafi məkan belə əlverişli şərtləri mümkün edir. Bizim Ermənistanı çıxmaqla, bütün qonşularımızla münasibətlərimiz normal əməkdaşlıq üzərində köklənib. İran da həmin ölkələrdəndir. Cənub qonşumuzun üzərindən beynəlxalq sanksiyaların götürülməsindən sonra onlar daha da böyük layihələrə maraq göstərməyə başlayıb. Buna misal kimi Azərbaycan və İranın da qoşulduğu üçtərəfli formatları göstərə bilərik. İstər Azərbaycan-İran- Rusiya, istərsə də Gürcüstan-İran-Azərbaycan əməkdaşlıq formatlarında əldə olunan nəticələr və bundan doğan layihələrə veriləcək dəstək məsələnin qloballığından xəbər verir. Yəni Azərbaycanla İran arasındakı iqtisadi sahələri əhatə edən razılaşmalar yalnız iki ölkəni əhatə etmir. Bura enerji sahəsindəki razılaşmaları, tranzit perspektivinin müzakirəsini misal göstərə bilərik. Son vaxtlar Azərbaycan və İran rəsmilərinin qarşılıqlı səfərlərinin intensiv hal alması da bundan xəbər verir. Bizim qarşılıqlı əməkdaşlığımız bütün sahələri əhatə edir. Bir sıra məsələlərlə bağlı hələlik razılıq əldə olunub. Onların tam həyata keçməsi imzalanan razılaşmaların qlobal əhəmiyyətinə bir daha işıq salmış olacaq. Ölkəmizin İranla böyük məsafəni əhatə edən sərhədi mövcuddur. Bu və bir sıra digər faktorlar bizim gələcək əməkdaşlığımız üçün də zəmin yaradır".
Məhəmmədəli QƏRİBLİ