Qabil Hüseynli: "Belə formatda görüşlər çox olub və heç bir nəticə ortaya qoyulmayıb"
Bakı Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Fransanın təklif etdiyi "3+2" formatında Hamburqda görüş təklifini dəstəkləyir. Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov mətbuat konfransında deyib.
Bundan başqa, nazir Minsk Qrupunun amerikalı və fransalı həmsədrlərinin dəyişməsinin danışıqlar prosesinə əsaslı dəyişikliklər gətirəcəyini gözləmədəyini deyib:
"Fransanın Minsk Qrupundakı yeni həmsədri təcrübəli diplomatdır. Mən onunla Parisdə bir neçə dəfə görüşmüşəm. O, münaqişənin nizamlanması prosesi barədə çox məlumatlıdır".
İndiyə qədər "3+2" formatında görüş olubmu və bu təmasdan nə gözləmək olar?
Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Rusiya-ABŞ (Qərb) rəqabətinin güclənməsi Qarabağ ixtilafının həlli yolunda son zamanlar əlavə əngəllər yaradıb: "Bu əngəllər ATƏT-in Minsk Qrupu həmsədrlərinin onsuz da səmərəsiz olan fəaliyyətində də özünü göstərməkdədir. Belə ki, prezidentlərin iyunda Sankt-Peterburq görüşündən sonra analoji təması təşkil etmək yönündə vasitəçilərin göstərdiyi səylər fiaskoya uğrayıb. İlin sonunadək isə, olsa-olsa, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin həmsədrlərlə birgə görüşü reallaşa bilər.
Yeri gəlmişkən, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində noyabrın 17-də Fransanın xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro ilə görüşüb. Nazirlər həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli və danışıqlar prosesinin perspektivləri ətrafında fikir mübadiləsi aparıb. Onlar münaqişənin tezliklə siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin məntiqli və nəticəyə yönəlmiş əsasda davam etdirilməsinin vacibliyini təsdiq edib.
Bu xüsusda Elmar Məmmədyarov fransalı həmkarı tərəfindən irəli sürülmüş, dekabrın 8-də Hamburqda keçiriləcək ATƏT-in nazirlər toplantısı çərçivəsində xarici işlər nazirləri səviyyəsində "3+2" formatında görüşün keçirilməsi təklifini qəbul etdiyini bildirib.
Ancaq nazirlərin həmsədrlərlə "3+2" formatında görüşü nəyi dəyişəcək? Əlbəttə, sual ritorikdir. Görünür, Minsk Qrupunun həmsədrləri ilin son akkordunu nə iləsə vurmaq istəyir və bu da XİN başçılarının onlarla formal təması şəklində olacaq. Belə formatda görüşlər çox olub və heç bir nəticə ortaya qoyulmayıb".
Məhəmmədəli QƏRİBLİ