Elmar İslamzadə: "Avropada belə məsələyə ciddi yanaşılır. Həmin mətbəə kitabın satışdan çıxarılmasına nail ola bilər"
Ermənistan KİV-i bir qrup əcnəbi tədqiqatçının Azərbaycanın işğal olunmuş ərazilərində olan Azıx mağarasında qanunsuz arxeoloji qazıntı ilə məşğul olması barədə məlumat verir.
Bununla əlaqədar XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev münasibət açıqlayıb: "Ermənistan KİV-də barələrində bəhs olunan İspaniyanın Milli Təbii Elmlər Muzeyinin əməkdaşı Yolanda Fernandez-Xalvo, Böyük Britaniyanın Blandford Muzeyinin əməkdaşı Tania Kinq və Böyük Britaniyanın Təbii Tarix Muzeyinin əməkdaşı Pitr Endryus bir müddətdir, qanunsuz olaraq, Azərbaycanın işğal olunmuş Xocavənd rayonu ərazisindəki Azıx mağarasında arxeoloji fəaliyyətlə məşğuldur.
Bu şəxslər Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçib, ölkəmizin müvafiq dövlət qurumlarının lisenziyası olmadan Azıx mağarası ərazisində qazıntı işləri aparır, bu zaman aşkar edilmiş tarixi və arxeoloji maddi mədəniyyət nümunələrini və ya onlara dair məlumatları Azərbaycan Respublikasının sərhədindən gömrük nəzarətindən kənar - gizli və aldatma yolu ilə keçirib. Onların bu kimi hüquqazidd əməlləri Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinin də ciddi şəkildə pozulmasıdır.
Azıx mağarasında aparılan qanunsuz tədqiqatların rəhbərlərindən biri - Ermənistanın Milli Elmlər Akademiyasının Molekulyar Biologiya İnstitutunun əməkdaşı Levon Yepiskopyandır. Həmin şəxsin bu günlərdə rasizm xarakterli bəyanatla çıxış edərək Azıx mağarasından qanunsuz arxeoloji fəaliyyət nəticəsində tapılan və 7000 il yaşı olduğu iddia edilən DNT izinin müasir "erməni genetikası" ilə uyğunluq təşkil etməsi barədə fikri dünya arxeologiya və antropologiya elminə qarşı təhqirdir, bütün mənəvi-etik çərçivələrdən kənardır. Ümumiyyətlə, Ermənistanın siyasi rəhbərliyi və elmi dairələrinin "erməni genetik kodları"na bu dərəcədə aludəçiliyi yalnız alman faşistlərinin "ari irqi" kimi təhlükəli genetik maraqları ilə müqayisə oluna bilər.
Levon Yepiskopyanın rəhbərliyi altında bu əcnəbi vətəndaşların Azərbaycanın işğal altında olan ərazilərində qanunsuz olaraq apardığı arxeoloji qazıntı işləri barədə "Springer" nəşriyyatı 2016-cı ildə "Azokh Caves and the Transcaucasian Corridor" ("Azıx mağarası və Transqafqaz dəhlizi") adlı kitab dərc edib.
Bütün bunlar bir daha onu sübut edir ki, Ermənistan Respublikası beynəlxalq hüquqi öhdəliklərinə zidd olaraq, Azərbaycanın işğal olunmuş ərazilərində maddi mədəniyyət abidələrinin vəhşicəsinə talan və məhv edilməsi və mahiyyətinin dəyişdirilməsi siyasətini həyata keçirir.
Bu kimi qanunsuz fəaliyyətinə görə Yolanda Fernandez-Xalvo, Böyük Britaniyanın Blandford Muzeyinin əməkdaşı Tania Kinq və Böyük Britaniyanın Təbii Tarix Muzeyinin əməkdaşı Pitr Endryusun adları hələ bir müddət bundan əvvəl "Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı"na daxil edilib.
Bununla bərabər, Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq, onlar barəsində digər zəruri hüquqi addımların atılması kimi tədbirlər də nəzərdən keçirilir".
Azərbaycanın gerçək tarixini inkar edən həmin kitabın ziyanlı təsirlərinin qarşısını almaq üçün hansı addımların atılması zəruridir?
Arxeoloq Elmar İslamzadə qəzetimizə açıqlamasında bildirdi ki, Azıx mağarasında aparılan qanunsuz tədqiqatla bağlı gəlinən nəticə və faktların təhrif olunmasından ibarət kitabın ərsəyə gəlməsi ciddi qanun pozuntusudur: "Hər bir elmi araşdırma qanuni əsaslarla aparılmalıdır. Azıx mağarası barədə ermənilərin son oyununun kökündə saxtakarlıq durur.
Çünki həmin tədqiqatın elmi mahiyyətinə toxunmadan deyə bilərik ki, alimlər qanunları pozaraq ora gedib. Bilirsiniz ki, işğal altında olan torpaqlara Azərbaycan dövlətinin müvafiq icazəsi olmadan edilən bütün səfərlər qanunazidd sayılır, orada iştirak edənlərin adı isə "qara siyahı"ya salınır. Bu, məsələnin bir tərəfidir. Digər maraqlı məqam ondan ibarətdir ki, həmin adamların apardığı "elmi araşdırma" da sifarişlidir, heç bir elmi kriteriyalara cavab vermir. Baxan kimi görünür ki, erməni sifarişi ilə ərsəyə gəlib. Azıx mağarası ilə bağlı Azərbaycan alimlərinin fundamental araşdırmaları mövcuddur. Təsdiq olunub ki, həmin ərazilər ən qədim yaşayış məskənidir. Ermənilər bu elmi nəticələrin də üstündən xətt çəkib, onu özününküləşdirmək istəyir. Təəssüflər olsun ki, bu məqsədlərinə çatmaq üçün dünyanın nüfuzlu elm ocaqlarının alimlərini də bu işə qatıblar. Onların çalışdığı elm müəssisələrinə etiraz məktubları ünvanlanmalıdır. Eyni zamanda, əlaqədar dövlət qurumlarının xətti ilə həmin şəxslər barəsində hüquqi addımların atılmasına başlanmalıdır. Tariximizi təhrif edən həmin kitabın nəşr edildiyi mətbəəni dəlillər əsasında məhkəməyə vermək lazımdır. Avropada belə məsələyə ciddi yanaşılır. Həmin mətbəə kitabın satışdan çıxarılmasına nail ola bilər".
Məhəmmədəli QƏRİBLİ